Məhkəmə qərarları › İş №e-2-2(117)-1486/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1486/2022

25.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1486/2022 25.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ surəti Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin və fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 112307,13 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 41280,63 manat, İşsizlikdən sığorta fonduna olan 791,6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1241,22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin rəhbəri və fiziki şəxs xx.xx.1981-ci il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA seriyalı *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : Vergi ödəyiciləri olan hüquqi şəxs və fiziki şəxs öhdəliklərini yerinə yetirmədiyindən “X1” ASC-nin dövlət büdcəsinə vergi üzrə 112307,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 40260,38 manat, İcbari Tibbi Sığorta Fonduna 1241,22 manat, İşsizlikdən sığorta fonduna 791,6 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 1020,25 manat məbləğində borcu yaranmışdır. Cəmiyyətin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs “X1” ASC-nin rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, “X1” ASC-nin dövlət büdcəsinə vergi üzrə 112307,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 40260,38 manat, İcbari Tibbi Sığorta Fonduna 1241,22 manat, İşsizlikdən sığorta fonduna 791,6 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 1020,25 manat məbləğində borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri və fiziki şəxs olaraq Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, vergi ödəyiçisi Maraqlı şəxs tərəfindən 1020,25 manat məbləğində sosial sığorta borcu ödənilmişdir. Eyni zamanda işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-1654/2016 nömrəli qətnaməsindən görünür ki, 11 saylı Ərazi Vergilər Departamentinin X1 ASC-nin dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə 214242,35 manat məbləğində vergi borcu olduğu üçün hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizəsi təmin edilmiş, qətnamədən verilən apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-591/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməmişdir. Qətnamədən verilən kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5072/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, fiziki şəxs kimi VÖENnə yazılan borcu ödəmişdir. Ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyiciləri olan hüquqi şəxsin və fiziki şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Hazırki iş üzrə ərizəçinin tələbi 2 hissədən ibarət olmaqla maraqlı şəxsin həm hüquqi şəxsin icra orqanının rəhbəri kimi, həm də fiziki şəxs kimi dövlət büdcəsinə borcu olması əsası ilə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Ərizəçinin tələbinin fiziki şəxs kimi Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 1020,25 manat borcunun ödənilməsinin təmin edilməsi üçün ölkədən getmək hüququnun məhdudlaşdırılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə və məhkəmə iclasında (əsli) məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 1020,25 manat borcunu ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, olmayan borca görə fiziki şəxs kimi Maraqlı şəxs ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bundan əlavə ərizəçinin tələbinin hüquqi şəxs X1 MMC-nin dövlət büdcəsinə olan vergi üzrə 112307,13 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 40260,38 manat, İcbrari Tibbi Sığorta Fonduna olan 1241,22 manat və İşsizlikdən Sığorta Fonduna olan 791.60 manat borcunun ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması hissəsinə məhkəmə qiymət verərək hesab edir ki, ərizəçinin tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 saylı Ərazi Vergilər Departamenti X1 ASC-nin dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə 214242,35 manat məbləğində vergi borcu olduğunu əsas gətirərək hüquqi şəxsin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2(051)-1654/2016 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, qətnamədən verilən apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-591/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və 11 saylı Ərazi Vergilər Departamentinin ərizəsi təmin edilməmişdir. Qətnamədən verilən kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5072/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Sözügedən qətnamə və qərarda apelyasiya və kassasiya instansiyası məhkəmələrinin mövqeyi ondan ibarət olmuşdur ki, X1 MMC-nin səhmlərinin 98,94 %-i Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Maraqlı şəxsin müəssisənin əmlakını satıb yaranmış borcu ödəmək səlahiyyəti yoxdur. Bundan başqa Maraqlı şəxs xəstəliyi ilə əlaqədar mütəmadi Türkiyə Cumhuriyyətinə gedərək orada müalicə alır. Məhkəmə onu qeyd edir ki, hazırki iş üzrə tərəflər eyni olsa da, iddianın predmeti, yəni borc məbləğləri fərqli olduğundan ərizəyə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmışdır. Bundan əlavə tələbin hüquqi əsasına münasibətdə məhkəmə yuxarı instansiya məhkəmələrinin mövqeyini nəzərə alaraq qeyd edir ki, X1 MMC-nin dövlət büdcəsinə qeyd olunan məbləğlərdə borcu olsa da, dövlətə məxsus müəssisənin rəhbərinin müəssisənin əmlaklarını satmaqla borcu ödəmək səlahiyyəti yoxdur. Yəni hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququna qoyulan məhdudiyyət borcun ödənilməsinə gətirib çıxarmayacaq və heç bir nəticə verməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. https://www.e-qanun.az/framework/46945 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Hazırki iş üzrə ərizəçi məhkəmələr tərəfindən münasibət bildirlmiş məsələ ilə bağlı yenidən məhkəməyə müraciət etsə də qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuş halları nəzərə almamış və nəticədə əsassız olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Yalnız borcun artmasını əsas götürmüş və məhkəmələr tərəfindən müəyyən olunmuş halların aradan qalxmasını ümumiyyətlə əsaslardırmamışdır. Qeyd olunduğu kimi eyni tərəflər arasında baş tutmuş məhkəmə araşdırmasının predmeti fərqli olduğundan ərizənin qiymət verilən hissəsinə mahiyyəti üzrə münasibət bildirilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ərizəçinin müraciətinin əsassız olmasına təsdiq edir. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi rədd edildiyindən və ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən hazırki işə baxılması üçün ödənilməli olan 100 manat dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin və fiziki şəxsin dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 112307,13 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 41280,63 manat, İşsizlikdən sığorta fonduna olan 791,6 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1241,22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin rəhbəri və fiziki şəxs xx.xx.1981-ci il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA seriyalı *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar