Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1489/2025 09.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 9984.24 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 19984.24 manat borcun və 150 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə prosesinin gedişi zamanı cavabdehin borcundan 10 000 manat pul vəsaiti ödədiyini, bu səbəbdən cavabdehdən 9984.24 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 04D/2022 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq, müəssisədə istehsal olunan qida məhsullarını hissə-hissə (“Kristal”, "xxxx", v.s. un məhsullarla yanaşı kəpək v.s.) olmaqla alıcıya satmağı üzərinə götürmüşdür. Alıcı isə 5 iş günü ərzində satıcının təqdim etdiyi elektron qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməli idi. Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi halda da ona nisyə şəklində mal buraxılırdı. Bu da onun işgüzar fəaliyyətinin daha da genişləndirilməsinə və bizim partnyor kimi bir-birimizə inam və etimadımızı daha da möhkəmləndirirdi. Cavabdeh sonuncu dəfə xx.xx.2025-ci il tarixli elektron qaiməfakturaya uyğun olaraq bizdən mal almışdır. Lakin müqavilənin şərtinə uyğun olaraq cavabdeh dövriyyəli şəkildə bizdən mal almalı və əməkdaşlıq etməlidir. Əks təqdirdə o borcunu 5 iş günü müddətində ödəməlidir. Bununla bağlı onunla dəfələrlə telefon danışıqları olsa da, o, müxtəlif vaxtlarda müxtəlif vədlər verərək borcunu qısa bir zamanda ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin, o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. 11 iyun 2025 ci il tarixində ona 48 saylı pretenziya məktubu ünvanladıqdan sonra o, 01 iyul 2025-ci il tarixində 20984,24 manat borcundan 1000 manat ödəmişdir. Qalan borcunu isə qısa bir zamanda bankdan kredit götürərək 2025-ci ilin sentyabr ayının 25-dək ödəyəcəyinə söz versə də, bu dəfə də onları aldadaraq iddiaçıya olan 19984,24 manat borcunu ödəməkdən yayınmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2.6-cı, 21.2-ci, 385.1-ci, 459.1-ci, 1096.1-ci, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh hal-hazırda Rusiya Federasiyasında yaşayır və ölkəyə gələ bilmir. Cavabdeh dünən pulun ödəniləcəyinə dair təminat verəcəyi ilə bağlı ona məlumat verdiyi üçün iddia tələbinin həcminin azaldılması üçün ərizə yazmış və bu sənədi məhkəməyə təqdim etmişdir. Cavabdeh cəmi 19000 manat ödəməli olsa da, iddia tələbinin həcmini azaltdıqdan sonra bu borc 9884 manat təşkil edir. İddia tələbinin həcminin azaldılması barədə ərizənin nəzərə alınmasını məhkəmədən xahiş edirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
15. İşdə olan iddiaçı "xxxx" MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 04D/2022 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq müəssisədə istehsal olunan qida məhsullarını və digər malları hissə-hissə olmaqla alıcıya satmağı öhdəsinə götürür. Satılan malın növü, miqdarı, sayı, qiyməti malın təhvil verilməsini təsdiq edən elektron-qaimə faktura və ya malların təhvil-qəbul aktı əsasında müəyyən olunacaq. 1.2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən, müqavilə üzrə təqdim edilmiş malın, görülmüş iş və xidmətin dəyəri satıcının təqdim etdiyi elektron-qaimə fakturaya əsasən faktiki təhvil verilmiş mal, iş və xidmət üçün 5 iş günü ərzində ödənilir.
16. xx.xx.2024-cü il tarixli 1011 082921 nömrəli (4575 manat), xx.xx.2024-cü il tarixli 1210 065731 nömrəli (5112 manat), xx.xx.2024-cü il tarixli 1210 219314 nömrəli (4074 manat) və xx.xx.2025-ci il tarixli **********16002 nömrəli (7525 manat) malların təhvil-qəbul aktlarından göründüyü kimi iddiaçı tərəfindən ümumilikdə 21 286 manat dəyərində mallar (kəpək, buğda unu) xx.xx.2022-ci il tarixli, 04D/2022 nömrəli müqaviləyə əsasən cavabdehə təhvil verilmişdir.
17. xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11082921 nömrəli, xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 10065731 nömrəli, xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 10219314 nömrəli və xx.xx.2025-ci il tarixli MT2501 seriyalı 12303731 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan göründüyü kimi malların təhvil-qəbul aktlarına uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 21 286 manat dəyərində mal verilməsi barədə məlumat elektron qaydada göndərilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
21. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı "xxxx" MMC (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 04D/2022 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından, həmin müqaviləyə əsasən malların cavabdehə təhvil verilməsindən (malların təhvil-qəbul aktları və elektron qaimə fakturalara əsasən) ibarətdir.
22. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
23. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixli 04D/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktlarından göründüyü kimi həmin müqaviləyə əsasən ümumilikdə 21 286 manat dəyərində (elektron qaimə-fakturalardan da müəyyən edildiyi kimi) mallar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfin həmin məhsulları təhvil alması faktı cavabdehin imzası ilə təsdiqlənmişdir. İddiaçının izahatından, həmçinin ərizəsindən göründüyü kimi məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehin 19984.24 manat borcunun qaldığını, məhkəməyə müraciət etdikdən sonra isə borcundan 10 000 manat ödəniş etdiyini bildirərək, nəticədə cavabdehdən 9984.24 manat borcun tutularaq ona ödənilməsini xahiş etmişdir.
24. Göründüyü kimi cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 9984.24 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş təhvil-təslim aktı, elektron qaimə-faktura və iddiaçının izahatı ilə qarşılıqlı araşdırıldıqda öz təsdiqini tapır.
25. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.
26. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
28. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
29. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
30. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə hər hansısa etiraz və ya münasibət bildirməmiş, iddia tələbinin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
31. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh 9984.24 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
32. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən 119.85 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9984.24 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 119.85 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov