Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1491/2025 25.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli, 5203 nömrəli “nisyə alqı-satqı haqqında” müqavilə üzrə qalıq ümumi borc məbləği olan cəmi 8625 manat borcun, 26,25 manat cərimə məbləğinin, 107 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, ümumilikdə 8758,25 manat pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, 5203 nömrəli nisyə alqı-satqı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio”, cihazı xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. xx.xx.2025-ciil tarixli təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o,təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə əlavəsinin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 10000 manat müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. xx.xx.2025-ci il tarixində 375 manat ödəniş icra edilməli idi. Lakin aylıq ödəniş öhdəliyi yerinə yetirilmədi. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənişin icra edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 5203 nömrəli nisyə alqı-satqı haqqında müqavilə əlavəsinin 2.3-cü bəndi Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin pozuntu İNEX MMC-nin müqavilə bağlanandan və satış obyektləri təhvil veriləndən sonra cavabdehin ödənişlərinə ümid etməsi, lakin cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün İNEX MMCnin ödənilməli pul vəsaitinə münasibətdə xeyli dərəcədə məhrum olmasında öz əksini tapmışdır. Belə ki, İNEX MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 5203 nömrəli nisyə alqı-satqı haqqında müqavilənin 10.2-ci bəndinə əsasən, sifarişçi tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi və ya natamam icra etdiyi halda, icraçı tərəf müqavilənin ləğvinə və qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən icraçının xeyrinə tutulmasına dair aidiyyatı məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 5203 nömrəli nisyə alqı-satqı haqqında müqavilə üzrə Cavabdeh üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi üçün tərəflərindən məhkəməyə müraciət edilərək qalıq ümumi borc məbləğinin tutulmasını tələb etməkdə haqlıdırlar.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 avqust 2025-ci il tarixli, 5203 nömrəli nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi dəyəri 10000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən ilkin olaraq 1000 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni işlənməmiş “Elos Trio” cihazı 09 avqust 2025-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. 10 oktyabr 2025-ci il tarixində cavabdeh tərəfindən 375 manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən aylıq ödəniş öhdəliyi yerinə yetirilməmişdir. Daha sonra cavabdeh tərəf cihazın işləmədiyini bildirmişdir. Lakin onlar cihazın işlək funkisyasının cihaz qəbul oldunarkən tam normal qaydada olduğunu bildiriblər. Hətta cavabdeh tərəfə cihazın texniki servisdən baxış keçirilməsini də bildiriblər. Texniki baxışdan sonra cavabdeh tərəf cihazı istifadə edə bilmədiyini və istədiyi efektdə olmadığını və cihazı geri qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh tərəfə cihazı normal vəziyyətdə veriblər. Hətta cihaz cavabdeh tərəfə veriləndə cavabdeh tərəf cihaza baxıb funksiyası ilə tanış olmuşdur. Hesab edir ki, qarşı tərəf cihazdan düzgün istifadə edə bilməmişdir. Həmçinin cihazın qüsurlu olması haqda isə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, maddi imkanı o qədər də yaxşı deyildi. Həyat yoldaşı ilə fikirləşiblər ki, lazer aparatı alsınlar və birlikdə iş görsünlər. Bu məqsədlə 1000 manat borc pul götürüb, İddiaçı MMC şirkətinə yaxınlaşıblar. Lazer cihazları haqda o qədər də ətraflı məlumatı yoxdur. Buna görə də İddiaçı MMC-nin əməkdaşlarından hansı cihazların olduğunu soruşub. İddiaçı MMC-nin əməkdaşı həmin cihazın yaxşı olduğunu və həmin cihazdan çox satdıqlarını bildirdilər. Yəni ona yalan vədlər verdilər və həmin cihazı satdılar. Cihazı işlətməyə başlayıblar. Lakin bir müddətdən sonra müştərilər cihazın yaxşı effekt göstərmədiyini və dərilərini yandırdığını bildirdilər. Buna görə də pullarını geri istəməyə başladılar. Artıq müştəri gəlməməyə başladı. Buna görə də İddiaçı MMC şirkətinə müraciət edərək, aparatın yaxşı işləmədiyini və problemi olduğunu bildirmişdir. Lakin aparat yaxşı işləmir və heç bir yaxşı effekt göstərmir. İddianın rədd edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 5203 nömrəli “nisyə alqı-satqı müqaviləsi”nə imzalanmış əlavədən görünür ki, müqavilənin predmentini təşkil edən “Elos Trio” avadanlığının dəyəri 10000 manat təşkil etmişdir. Həmin avadanlıqın 25 ay müddətinə ilkin ödəniş qismində 1000 manat, hər ay 375 manat ödənilməsi şərti ilə cavabdehə satılması barədə tərəflər razılığa gəlmişlər. Həmin əlavə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.
8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixli 5203 nömrəli “nisyə alqı-satqı müqaviləsi”nin predmenti olan “Elos Trio” avadanlığı, əlavə detallarla birlikdə Cavabdeh təhvil verilmişdir. Həmçinin aktda Cavabdeh avadanlığı saz vəziyyətdə, heç bir problem olmadan, qüsursuz təhvil alıdığı qeyd edilmişdir. Həmin akt iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli 5203 nömrəli “nisyə alqı-satqı müqaviləsi” üzrə cavabdehin iddiaçıya 8625 manat əsas, 26,25 manat cərimə borcu vardır.
10. "xxxx" MMC-nin “Malların (işlərin, xidmətlrin) uyğunluğunun könüllü qiymətləndiirlməsi barədə xx.xx.2025-ci il tarixli uyğunluq sertifikatından görünür ki, İddiaçı MMC-yə məxsus “Elos Trio” əmtəə nişanlı çoxfunksiyalı avadanlıq “ГОСТ 20790-93-Приборы, аппараты и оборудование медицинские” tələblərinə cavabde verir.
V. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
VI. Məhkəmənin mövqeyi:
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2025-ci il tarixli 5203 nömrəli “nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi (Cavabdeh) satış obyektini sifariş verib icraçıya (İddiaçı MMC) razlaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən göstərilməli xidmət üzrə satış obyekti və onun satış qiyməti, bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “müqaviləyə əlavə” ilə müəyyənləşir. 4.1.5-ci bəndinə əsasən sifarişçi müqavilə əlavəsi ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda, icraçı tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01 % miqdarında dəbbə pulu (cərimə, penya) ödənilməsini tələb etmək hüququ vardır. 10.2-ci maddəsinə əsasən bu müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan müqaviləyə əlavəsinə əsasən sifarişçi tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyi və ya natamam icra etdiyi halda, icraçı tərəf müqavilənin ləğvinə və qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən icraçının xeyrinə tutulmasına dair məhkəməyə müraciət edə bilər. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya nisyə alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni 1 ədəd dəyəri 10000 manat olan “Elos Trio” avadanlığını cavabdehə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək avadanlığın qrafik üzrə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. Bu hal iş materiallarında olan müqavilə, təhvil-təslim aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmadığından, təhvil verdiyi əmlakın dəyərini iddiaçıdan tələb etməkdə haqlı olmuş və nəticədə iddia tələbi əsas borca münasibətdə təmin edilməldir.
16. Məhkəmə cərimə borcunun tələb edilməsinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli 5203 nömrəli “nisyə alqı-satqı müqaviləsi”-də cərimə öhdəliyinin yaranması barədə müddəa mövcud olduğundan, iddiaçı cərimə borcunun tələb edilməsində haqlı olmuş və bu səbəbdən iddia tələbi cərimə borcuna münasibətdə də təmin edilməlidir.
17. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında müqavilə üzrə ona təhvil verilən avadanlığın nasaz, istifadəyə yarasız olduğunu bildirsə də, bunu təsdiq edəcək tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 588.1-ci maddəsinin tələbinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Göründüyü kimi alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl yaranmasını sübuta yetirə bilməmişdir.
18. Məhkəmə tərəfindən, mübahisənin hərtərəfli araşdırılması məqsədi ilə ekspertiza təyin edilmiş, lakin müvafiq ekspert rəyi məhkəməyə təqdim edilməmişdir. Nəticədə cavabdehin etirazının dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 106,51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
21. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, 5203 nömrəli alqı-satqı müqaviləsi üzrə 8625 manat əsas borc, 26,25 manat cərimə borcu olmaqla cəmi 8651,25 manat pul vəsaiti və 106,51 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 5203 nömrəli alqı-satqı müqaviləsi üzrə 8625 manat əsas borc, 26,25 manat cərimə borcu olmaqla cəmi 8651,25 manat pul vəsaiti və 106,51 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova