Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1494/2024 18.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 5149.30 manat əsas borc, 629.19 manat dəbbə pulu və ödənilmiş 77.79 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən 5778.49 manat əsas borc və ödənilmiş 77.79 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1494/2024 nömrəli məktubuna əsasən, iddia tələbini dəqiqləşdirərək Cavabdeh qarşı “cavabdehdən 5149.30 manat əsas borc, 629.19 manat dəbbə pulu və ödənilmiş 77.79 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürür. Cavabdeh "xxxx" MMC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 5149,30 manat əsas borcu əmələ gəlmişdir. Həmçinin, tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndinə əsasən xx.xx.2024 tarixinə hesablanan ümumi faiz borcu 629,19 manat təşkil etmişdir. Cavabdehin "xxxx" MMC-yə faktiki borcu 5778.49 manat təşkil edir. Eyni zamanda iddiaçı tələbində bildirmişdir ki, cavabdehə borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə TSŞB-42 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, “Satıcı” istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebəlləri (sonrakı mətndə “malları”) müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəliyinə götürür. 2.5-ci bəndinin tələbinə görə satıcının “Alıcı”nın təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. 3.1-ci bəndinə əsasən, “Satıcı”nın təqdim etdiyi qaimə-fakturaya (və ya nağd) əsasən malların dəyərini “Satıcı”nın bank hesabına köçürmə yolu ilə ödəyir. 4.1-ci bəndinə əsasən, mallar “Alıcı”ya onun tələbnaməsinə uyğun hazırlanmış və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qaimə-faktura əsasında təhvil verilir. 5.1-ci bəndinə əsasən, “Alıcı” malların dəyərini təqdim olunmuş hesab-fakturaya (və ya nağd) əsasən “Satıcı”ya ödəməlidir. 5.2-ci bəndinə əsasən, müqaviləyə əsasən malın dəyəri “Satıcı”nın təqdim etdiyi qaimə-fakturanı aldıqdan sonra 1 iş günü ərzində nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 6.2-ci bəndinə əsasən, “Satıcı” hazırkı müqavilənin 2.5-ci bəndində göstərilən öhdəliyini müəyyən olunmuş müddətdə icra etmədikdə, “Alıcı”ya hər müddəti ötürülmüş gün üçün razılaşma protokolunda göstərilən ümumi məbləğin 0.5% həcmində cərimə ödəməlidir. 9.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2028-ci il müddətinədək qüvvəsini saxlayır. Tərəflərdən hər hansı birinin narazılığı olmasa müqavilə avtomatik olaraq eyni müddət və şərtlərlə uzadılmış hesab olunur. İş materiallarına əlavə edilmiş 1 nömrəli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixi üçün 5150 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının nümayəndəsi və Cavabdeh imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024cü il tarixdə TSŞB-42 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Satıcı” istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebəlləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəliyinə götürür. İş materiallarına əlavə edilmiş 1 nömrəli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixi üçün 5150 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının nümayəndəsi və Cavabdeh imzaları ilə təsdiq edilmişdir. Həmin tarixədək malların satışı həyata keçirilmiş, xx.xx.2024-cü il tarixdə 931 manat məbləğində mallar qaytarılsa da, ondan sonrakı tarixə imzalanmış üzləşmə aktı iddia tələbinin əsaslılığını təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən və iddiaçı tərəfindən 5149,30 manat məbləğində əsas borc tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən ödənilməmiş 5149,30 manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 5149,30 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı cavabdehdən “629.19 manat” məbləğində dəbbə pulu tələb edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinin tələbinə görə satıcının “Alıcı”nın təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Eyni zamanda həmin müqavilənin 6.2-ci bəndinə əsasən, “Satıcı” hazırkı müqavilənin 2.5-ci bəndində göstərilən öhdəliyini müəyyən olunmuş müddətdə icra etmədikdə, “Alıcı”ya hər müddəti ötürülmüş gün üçün razılaşma protokolunda göstərilən ümumi məbləğin 0.5% həcmində cərimə ödəməlidir. Məhkəmə Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq müqavilənin nəzərdə tutulan bəndlərini şərh edərək hesab edir ki, müqavilənin 6.2-ci bəndinin hərfi mənası müqavilənin digər şərtləri ilə mahiyyəti üzrə uyğunluq təşkil etmir. Müqavilənin mətnindən göründüyü kimi “Satıcı” müqavilədə nəzərdə tutulan malları təhvil verən, “Alıcı” isə təhvil alan tərəfdir. Müqavilə mahiyyəti üzrə şərh edildikdə görünür ki, alıcı malları təhvil aldıqdan sonra üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədikdə satıcı qarşısında məsuliyyət daşıyır. Nəticədə müqavilənin 6.2-ci və 2.5-ci bəndləri birlikdə təfsir edildikdə aydın olur ki, tərəflərin iradə ifadəsinə əsasən alıcı öhdəliklərini müəyyən olunmuş müddətdə icra etmədiyi halda müqavilənin qeyd edilən bəndində satıcının alıcıdan cərimə tələb etmək hüququnu nəzərdə tutulur. Belə ki, Mülki Məcəllənin: 404.1.Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 5149,30 manat əsas borc, 100 manat cərimə borcu tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də hazırkı iş üzrə iddianın qiymətinə uyğun ödənilən 77.79 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 5149,30 manat əsas borc, 100 manat cərimə borcu və 77.79 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov