Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1496/2024 23.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 316.91 manat borcun, 110 manat hüquqi yardımla bağlı ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən 316.91 manat borcun, 110 manat hüquqi yardımla bağlı ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş xx.xx.2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Bundan sonra cavabdehlə məhkəmənin daxili telefonu vasitəsilə əlaqə saxlanıldığı zaman Cavabdeh bildirmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi avadanlığını VÖEN fəaliyyəti ilə bağlı deyil, şəxsi istifadəsində olan nəqliyyat vasitəsilə bağlı gətirmişdir. Cavabdehlə məhkəmə aparatı əməkdaşının xx.xx.2024-cü il tarixli telefon danışığına dair arayış iş materiallarına əlavə edilmişdir. Belə ki, iddiaçı tərəf cavabdehdən nəqliyyat vasitəsi üçün gətirilən avadanlığın daşınma haqqı olan ödənilməmiş 316.91 manat borcun tutulmasını tələb etsə də, iş materiallarından məlum olur ki, həmin avadanlıq cavabdehin şəxsi istifadəsində olan nəqliyyat vasitəsi üçün gətirilmişdir. Cavabdehin mülkiyyət məlumatlarından da görünür ki həqiqətən də onun mülkiyyətində 2023-cü il istehsalı olan Mercedes Benz C300 markalı avtomobil mövcuddur. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublı̇ kası Alı̇ Məhkəməsi nunumunelṖ 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Ali Məhkəmənin qeyd edilən qərarından da görünür ki, Cavabdeh VÖEN sahibi olsa da, mübahisənin predmeti sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı üçün nəzərdə tutulan iş kommersiya mübahisəsi hesab edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən fiziki şəxslər arasında yaranmış qeyri-kommersiya mübahisələrinə kommersiya məhkəmələrində deyil, ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 316.91 manat borcun, 110 manat hüquqi yardımla bağlı ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1496/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1496/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver