Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1506/2024 01.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 7298.04 manat əsas və 93 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 7298.04 manat əsas və 93 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 310 nömrəli alqı-satqı barədə müqavilə bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıya olan 7298.04 manat borcunu indiyədək ödəməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə 310 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müqavilədə göstərilmiş həcmdə və qiymətdə malları satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3- bəndinin 3-cü hissəsinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı məhsulun dəyərini Malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Müqavilənin 7.1.1-ci bəndinə əsasən satıcıdan malı bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək alıcının hüququdur. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək qüvvədədir. İş materialları kimi təqdim olunmuş əlavə №1-dən də görünür ki, satıcı tərəfindən alıcıya veriləcək malların qiyməti tərəflərin imzaları ilə təsdiq edilərək razılaşdırılmışdır. Əlavə olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli çıxış aktlarından göründüyü kimi iddiaçı tərəfindən 29.98 və 29.84 ton miqdarda sement məhsulu alıcıya təhvil verilmiş və alıcı həmin çıxış aktlarını öz imzası ilə təsdiq etmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 310 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə bağlı İddiaçı MMC Cavabdeh MMC-yə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 789056 nömrəli elektron qaimə ilə ƏDV ilə birlikdə 4315,92 manat, xx.xx.2021-ci il tarixli 789154 nömrəli elektron qaimə ilə 4295,77 manat məbləğində malların təqdim edilməsi müəyyən edilir. Məhkəməyə təqdim edilmiş üzləşmə hesabatından da görünür ki, cavabdehin hazırki tarixə 7298.04 manat ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi elektron kabinet vasitəsilə qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə 310 nömrəli alqı-satqı barədə müqavilə bağlanmışdır. İddiaçı tərəf müqavilə üzrə öhdəliklərinə əməl etsə də, cavabdeh aldığı malların dəyərini ödəməmiş və onun ödənilməmiş 7298.04 manat borcu qalmışdır. Cavabdeh tərəf məhkəmə sənədlərini qəbul etsə də, iddia tələbinə hər hansı etiraz və ya digər formada münasibət bildirməmiş, borcun mövcudluğunu təkzib etməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 7298.04 manat borcu yaranmışdır ki, iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından aydın olunur ki, müqavilə üzrə təhvil veriləcək malların hər tonuna görə qiymət 122.0 manat müəyyən edilmişdir. Çıxış aktlarından görünür ki, iddiaçı tərəfindən 29.98 və 29.84 ton miqdarda sement məhsulu alıcıya təhvil verilmiş və alıcı həmin çıxış aktlarını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə hesablaması nəticəsində aydın olur ki, cavabdehə ümumilikdə 59.82 ton məhsul verilmiş və həmin məhsulların dəyəri 7298.04 manat təşkil etmişdir (59.82 x 122.0 = 7298.04). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 7298.04 manat borc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinin dəyərinə münasib olaraq 93 manat dövlət rüsumu ödənildiyindən və iddia təmin edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7298.04 manat borc pul və 93 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov