Məhkəmə qərarları › İş №e-2-2(117)-1512/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1512/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1512/2024 27.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən 15072.14 manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2260.8 manat, ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş 200 manat xərc olmaqla, ümumilikdə 17532.80 manat pulun və ödənilmiş 142.60 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi bağlanmış, bundan başqa həmin müqavilənin tərkib hissəsi sayılan xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İddiaçı MMC (satıcı) müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirsə də, "xxxx" MMC (alıcı) üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə müəyyən məbləğdə borcu yaranmışdır. Satıcı tərəfindən alıcıya müvafiq bildirişlər təqdim edilmiş, betonun satılması ilə bağlı elektron qaimələr tərtib olunmuş və həmin malların təhvil alınmasına dair qaimədə müvafiq qeyd aparılmışdır. Bundan başqa alıcı borcun ödənilməsinə müəyyən vaxt verilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Qeyd edilən müqavilə əsasında alınmış və dəyəri ödənilməmiş mala görə yaranmış 15072,14 manat borc cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı malların təhvil-qəbul aktı, elektron qaimələr və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən beton alışına görə ödəniş təyinatı barədə sənəd mövcuddur. Bundan əlavə, cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz olaraq saxladığından vəsaiti geri qaytaran zaman qanunvericiliklə nəzərdə tutulmuş qaydada gecikdirilmiş vaxt üçün məbləğin illik 5 faizini, yəni illik 753,6 manat (15072 manatın 5%-i) məbləğ də əlavə ödəməlidir. Qeyd olunanlara əsasən, cavabdeh 2022-2024-cü illər üçün illik 753,6 manat olmaqla, ümumilikdə 2260,8 manat faiz ödəməlidir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Qiymtələrin razılaşdırılması protokolu”nda göstərilən tərkibdə, həcmdə texniki göstəricilərə uyğun vəziyyətdə olan əmtəə betonunu satmağı, alıcı isə həmin betonu qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırımış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Məhsulların alqı-satqı müqaviləsinin: 1.2-ci bəndinin tələbinə görə malın adı, miqdarı, ölçü vahidi və digər zəruri xüsusiyyətlər bu müqaviləyə əlavə olunan “Qiymətlərin razılaşdırılması protokolu” ilə müəyyən ediləcək. 3.1.1-ci bəndinin tələbinə görə satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. 3.1.3-cü bəndinin tələbinə görə satıcının alıcının təqsiri nəticəsində vurulan zərərin ödənilməsini tələb etmək hüququ vardır. 3.3.1-ci bəndinin tələbinə görə alıcı əmtəə betonunu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinin tələbinə görə satıcı istehsal olunan məhsulun təhvil verilməsi ilə birlikdə zəruri olan sənədi alıcıya təqdim etməlidir. 4.2-ci bəndinin tələbinə görə məhsulun alıcıya çatdırılmasını sübut edən sənəd kimi qaimə faktura təqdim edilir. 5.1-ci bəndinin tələbinə görə müqaviləyə əsasən alıcı tərəfidən məhsulun dəyərinin ödənişi məhsul verildikdən bir ay ərzində həyata keçirilir. 10.2-ci bəndinin tələbinə görə bu müqavilə tərəflər arasında imzalandığı andan hüquqi qüvvəyə minir və tərəflər bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Qiymətlərin razılaşdırılması protokolundan göründüyü kimi B-15 (M 200) markalı betonun 1 m3-nin ƏDV-siz qiyməti 74 manat, ƏDV ilə birlikdə isə 87.32 manat müəyyənləşdirilmiş və hər iki tərəfin nümayəndəsinin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdqilənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 696304 nömrəli, 807862 nömrəli və xx.xx.2021-ci il tarixli 953153 nömrəli 3 ədəd elektron qaimədən göründüyü kimi ümumilikdə 48112.14 manat məbləğində məhsul "xxxx" MMC-yə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 311832 nömrəli, xx.xx.2021-ci il tarixli 311843 nömrəli və xx.xx.2021-ci il tarixli 311850 nömrəli 3 ədəd malların təhvil-qəbul aktından göründüyü kimi ümumilikdə 48112.12 manat məbləğində məhsul "xxxx" MMC-yə təhvil verilmişdir. Həmin aktların doğruluğu hər iki tərəfin nümayəndəsinin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiqlənmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh "xxxx" MMC iddiaçının hesabına müvafiq olaraq 15 000 manat və 13 000 manat olmaqla, ümumilikdə 28 000 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-00834 nömrəli Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası ilə bağlı 200 manat mediasiya xərci "xxxx" MMC tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddia tələbi üzrə tələb etdiyi borc pul vəsaitindən 5900 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh borc pulun qalıq hissəsini dekabr ayı ərzində ödəyəcəyini bildirmiş, bu səbəbdən xx.xx.2024-cü il tarixli iclasın təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı tərəf xx.xx.2024-cü il tarixində məhkəməyə yenidən ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh qalıq borcunu cari ilin dekabr ayı ərzində ödəyəcəyini bildirsə də, ödəniş etməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf öhdəliklərini yerinə yetirərək müqavilə üzrə müəyyənləşdirilən məhsulları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr, malların təhvil-qəbul aktı, ödəniş qəbzləri, ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Qiymtələrin razılaşdırılması protokolu”nda göstərilən tərkibdə, həcmdə texniki göstəricilərə uyğun vəziyyətdə olan əmtəə betonunu satmağı, alıcı isə həmin betonu qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırımış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəlikləri yerinə yetirərək malların cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş 9172.14 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 9172.14 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş elektron qaimələr, malların təhvil-qəbul aktları, ödəniş qəbzləri, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin qarşılıqlı araşdırması zamanı öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrə əsasən ümumilikdə 48112.14 manat məbləğində, malların təhvil-qəbul aktlarına əsasən isə ümumilikdə 48112.12 manat məbləğində məhsul cavabdeh "xxxx" MMC-yə verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin nümayəndəsi malların təhvil-qəbul aktlarında adı qeyd edilən ümumilikdə 48112.12 manat məbləğində məhsulu iddiaçı "xxxx" MMC-dən öz imzası ilə təsdiq edərək təhvil almışdır. Buradan görünür ki, cavabdehin 48112.12 manat məbləğində məhsulu iddiaçıdan təhvil alması öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən göründüyü kimi həmin tarixlərdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına ümumilikdə 28 000 manat məbləğində ödəniş edilmişdir. Buradan aydın olur ki, cavabdehin iddiaçıya 20112.12 manat (48112.12-28 000=20112.12) məbləğində borcu qalmışdır. Düzdür bu məbləğ hazırkı işdə iddiaçı tərəfindən tələb edilən məbləğdən çox olsa da, iddiaçı tərəfin izahatından da aydın olduğu kimi cavabdeh tərəf borcundan müəyyən qədər ödəmiş, yekun olaraq 15072.14 manat məbləğində borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia tələbində cavabdehdən 15072.14 manat məbləğində borcun tutulması tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş borcun məbləği məhkəməyə müraciət edilən tarixədək 15072.14 manat olaraq qəbul edilir. Bundan sonra iş materiallarından da göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edilərək bildirilmişdir ki, cavabdeh tərəfindən 5900 manat məbləğində ödəniş edilmişdir. Burdan göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh ümumi borcunun 5900 manat hissəsini ödəmiş və nəticədə hazırkı tarixə 9172.14 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 15072.14 manat borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən 9172.14 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə olaraq iddia tələbinin “cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2260.8 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən bu əsasla 2110,08 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəf iddia tələbini bu hissədə belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz olaraq saxladığından vəsaiti geri qaytaran zaman qanunvericiliklə nəzərdə tutulmuş qaydada gecikdirilmiş vaxt üçün məbləğin illik 5 faizini, yəni illik 753,6 manat (15072 manatın 5%-i) məbləğ də əlavə ödəməlidir. Qeyd olunanlara əsasən, cavabdeh 2022-2024-cü illər üçün illik 753,6 manat olmaqla, ümumilikdə 2260,8 manat faiz ödəməli olduğunu bildirmiş və iddia tələbini təmin edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5.1-ci bəndinin tələbinə görə müqaviləyə əsasən alıcı tərəfindən məhsulun dəyərinin ödənişi məhsul verildikdən bir ay ərzində həyata keçirilir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş malların təhvilqəbul aktlarından göründüyü kimi cavabdeh tərəfə ən son xx.xx.2021-ci il tarixində məhsul təhvil verilmişdir. Qeyd edilən müqavilən 5.1-ci bəndinin tələbinə əsasən xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il 3 ədəd malların təhvil-qəbul aktlarını nəzərə alsaq cavabdeh məhsulların təhvil verilməsindən bir ay ərzində ödənişin edilməsini yuvarlaq olaraq nəzərə alsaq xx.xx.2022-ci il tarixinədək alıcı tərəfindən məhsulun dəyəri ödənilməli idi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixindən məhkəməyə müraciət edilən xx.xx.2024-cü il tarixinədək olan 2 il 9 ay 18 gün müddət üçün 5 % fazilə hesablanan məbləğ olaraq 2110,08 manat pul tələb etməkdə haqlıdır. Hesablama 15072.14 x 5 :100= 753.6 manat; 753.6:12=62.8 manat; 753.6:365=2,06 manat; 753.6 x 2=1507.2 (2 il üçün); 62.8 x 9=565.2 manat (9 ay üçün); 2.06 x 18=37.68 (18 gün üçün); yekun olaraq ümumilikdə 1507.2+565.2+37.68=2110.08 manat təşkil edir. Ona görə də iddiaçı 2110,08 manat tələb etməkdə haqlıdır. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Yekun olaraq məhkəmə o qənaətə gəlmişdir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə yaranmış 9172.14 manat məbləğində borc və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2110,08 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “cavabdehdən ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş 200 manat xərc tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Ona görə də mediasiya xərci tərəflər arasında yarı bölünməli, 100 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha ədalətlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 142 manat olmalıdır. İddiaçı tərəfindən 142.6 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi qismən təmin edildiyindən 92,43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 49.57 manat məbləğində dövlət rüsumu iddiaçıya adi edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 9172.14 manat məbləğində borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2110,08 manat, 100 manat mediasiya xərci və 92,43 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar