Məhkəmə qərarları › İş №e-2-2(117)-152/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-152/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-152/2024 23.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli alqı-satqı müqaviləsi üzrə 71087,71 manat borc, xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsi üzrə 22352,26 manat, mediasiya xərci olaraq 400 manat və hüquqi xidmətlərə görə ödənilmiş 1500 manat ümumilikdə 95339,97 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə qarşı “06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli alqı-satqı müqaviləsi üzrə 71087,71 manat, xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsi üzrə 22352,26 manat borc, mediasiya xərci olaraq 400 manat və hüquqi xidmətlərə görə ödənilmiş 1500 manat ümumilikdə 95339,97 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli A/01/01 nömrəli və xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli A/01/01 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60% hissəsini ödəməyi öhdəsinə götürür. Müvəkkil kredit təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vəsaitləri vasitəsilə alıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, fərmana müvafiq olaraq malların razılaşdırılmış maya dəyərinin 40% hissəsi alıcıya subsidiya formasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra mətndə-AKİA) tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilir. AKİA tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilən məbləği, ödənildiyi tarixdən 5 bank işi günü müddətinə satıcının hesabına ödənilir. Müqavilənin 3.5-ci bəndinə əsasən alqı-satqı qiymətinin qalan 60% hissəsinə bərabər məbləği alıcı tərəfindən müqavilə imzalandığı tarixdən sonra satıcıya ödənilir. xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, Satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin tam hissəsini ödəməyi öhdəsinə götürür. Müvəkkil kredit təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vəsaitləri vasitəsilə alıcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, fərmana müvafiq olaraq malların razılaşdırılmış maya dəyərinin 40% hissəsi alıcıya subsidiya formasında AKİA tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilir. AKİA tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilən məbləği, ödənildiyi tarixdən 5 bank işi günü müddətinə satıcının hesabına ödənilir. Eyni zamanda hər iki müqavilədə Müvəkkil kredit təşkilatı olaraq "xxxx" QSC qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli AS 2992 nömrəli müqavilənin 1 saylı əlavəsinə əsasən tərtib olunmuş təhvil-təslim aktından göründüyü kimi, iddiaçı tərəfindən 9 ədəd dəyəri 55 930 manat olan kənd təsərrüfatı texnikası cavabdehə verilmiş və hər iki tərəf öz imzaları və möhürləri ilə aktı təsdiq etmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 566 809,67 manat dəyərində 1-20 ton/1 saat “Yem Xətti” iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021 ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 331090,61 manat və xx.xx.2021-ci il tarixində 164631,35 manat məbləğində "xxxx" MMC-yə ödənişlər olunmuşdur. Eyni zamanda, məhkəməyə təqdim olunmuş elektron sistemdən çıxarışdan aydın olur ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 19740 USD (33577,74 manat) ödəniş olunmuşdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim olunmuş mülahizə ərizəsində göstərilmişdir ki, AKİA tərəfindən müvəkkil kredit təşkilatı olan "xxxx" QSC-nin hesabına köçürülən pul ödənildiyi tarixdən 5 gün ərzində alıcının hesabına köçürülür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2024-cü il tarixli 3-22-2/2-588/2024 nömrəli məktubunda bildirmişdir ki, 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli və xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqavilələri üzrə AKİA tərəfindən "xxxx" MMC-nin, Cavabdeh MMC-nin və "xxxx" QSC-nin hesabına 40% güzəşt məbləği ödənilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-nin hesabına satın alınmış kənd təsərrüfatı texnikalarına görə 16805,9 manat subsidiya ödənişi olunmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hər iki müqavilə üzrə Cavabdeh MMC malların satış qiymətinin 60%-ni ödəməyi öhdəsinə götürmüş və həmin məbləğdən artıq vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. Müqavilə üzrə qalan 40% məbləğin isə subsidiya hesabına ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" QSC tərəfindən subsidiya məbləğindən cəmi 16805,9 manat ödəniş olunmuşdur. İddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının xx.xx.2024-cü il tarixli iclas protokolunun qərarına əsasən "xxxx" ASC hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı və 3-cü şəxs "xxxx"ASC məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iddiaçı və 3-cü şəxs "xxxx"ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tərəflər elektron qaydada icraat materialları məhkəməyə təqdim etmişdir. Həmin materiallara: Alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş qəbzləri, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci madddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli A/01/01 nömrəli və xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli A/01/01 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60% hissəsini ödəməyi öhdəsinə götürür. Müvəkkil kredit təşkilatı isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vəsaitləri vasitəsilə alıcının hesabına ödəməyi öhdəsinə götürür. Hər iki müqavilənin 3.4-cü bəndinə əsasən, fərmana müvafiq olaraq malların razılaşdırılmış maya dəyərinin 40% hissəsi alıcıya subsidiya formasında AKİA tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə dəyərinin 60 %-nin cavabdeh tərəfindən ödənilməsi öhdəliyi qeyd edilmiş, müqavilə dəyərinin qalan 40% məbləğinin ödənilməsi qaydası tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndinə uyğun olaraq fərqli qaydada müəyyən edilmişdir. Cavabdeh tərəf də onu qeyd edir ki, malların razılaşdırılmış maya dəyərinin 40% hissəsi alıcıya subsidiya formasında AKİA tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilir. AKİA tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilən məbləği, ödənildiyi tarixdən 5 bank işi günü müddətinə satıcının hesabına ödəyir. Bu səbəbdən tərəflərin razılaşdırdığı qeyd edilən şərtin nəzərə alınması zəruridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının :

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara şamil edilsin. 2-1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.

4. Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürülsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin. Qeyd edilən Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın: 1.2. Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir. 1.3. Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. 6.1. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 6.1.1. texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir; 6.1.2. idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir; Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixli AS 2992 nömrəli müqavilənin 1 saylı əlavəsinə əsasən tərtib olunmuş təhvil-təslim aktı ilə iddiaçı tərəfindən 9 ədəd dəyəri 55 930 manat olan kənd təsərrüfatı texnikası cavabdehə verilmiş və hər iki tərəf öz imzaları və möhürləri ilə aktı təsdiq etmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə 566 809,67 manat dəyərində 1-20 ton/1 saat “Yem Xətti” iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Həmçinin müəyyən edilir ki, Cavabdeh MMC-tərəfindən xx.xx.2021 ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 331090,61 manat və xx.xx.2021-ci il tarixində 164631,35 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixində 19740 USD (33577,74 manat) ödəniş olunmuşdur. Bundan əlavə, 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli və xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqavilələri üzrə AKİA tərəfindən "xxxx" MMC-nin, Cavabdeh MMC-nin və "xxxx" QSC-nin hesabına 40% güzəşt məbləği ödənilməmiş, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS2992 nömrəli müqavilə üzrə "xxxx" QSC tərəfindən Cavabdeh MMC-nin hesabına satın alınmış kənd təsərrüfatı texnikalarına (7 ədəd-43680 manat məbləğə münasibətdə) görə 16805,9 manat subsidiya ödənişi olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli alqı-satqı müqaviləsi üzrə 71087,71 manat borcu, xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsi üzrə 22352,26 manat borcu tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericlik normalarının tələblərindən və tərəflər arasında bağlanmış müqavilə şərtlərindən müəyyən edir ki, cavabdeh tərəf aldığı kənd təsərrüfatı texnikalarının dəyərinin 40%-ni AKİA tərəfindən müvəkkil kredit təşkilatı olan hazırkı iş üzrə 3-cü şəxs olan "xxxx" ASC-yə ayrılacaq və alıcıya ödəniləcək məbləğ hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, 06 yanvar 2021-ci il tarixli müqavilə üzrə ödənilməli ümumi borc 566809,67 manat olmuşdur. Müqavilə şərtlərinə əsasən həmin borcun 60%-i, yəni 340085,8 manat cavabdeh tərəfindən ödənilməli idi. Məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan göründüyü kimi xx.xx.2021-ci il tarixində 331090,61 manat və xx.xx.2021-ci il tarixində 164631,35 manat məbləğində ödənişlər olunmuşdur. Bununla da cavabdeh tərəfindən 06 yanvar 2021-ci il tarixli müqavilə üzrə cəmi 495721.96 manat (331090,61 + 164631,35 = 495721.96) ödəniş olunmuş, 71087,71 manat (566809,67 - 495721.96 = 71087,71) borc isə ödənilməmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməli ümumi borc 55930 manat təşkil etmişdir. Məhkəməyə təqdim edilmiş elektron çıxarışdan göründüyü kimi, xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən 33577,74 manat (19740 USD x 1.70 = 33557,74) ödəniş edilmişdir. Bununla da həmin müqavilə üzrə cəmi 22372.26 manat borc qalmışdır. İddiaçı isə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22352,26 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün borcun 22352,26 manat olduğunu qəbul edir. AKİA tərəfindən qeyd edilən texnikalar üçün yalnız 16805,9 manat məbləğində vəsait cavabdehə ödənilmişdir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə "xxxx" QSC-nin ödəməli olduğu məbləğ 226723,868 manat təşkil etsə də, həmin məbləğdən heç bir ödəniş edilməmiş, bunun əvəzinə isə Cavabdeh MMC həmin müqavilə üzrə ödəməli olduğu vəsaitdən daha artıq yəni, 495721.96 manat ödəniş etmişdir. Yuxarıda qeyd edilən Qaydalar da onu təsdiq edir ki, kənd təsərrüfatı texnikaları üçün 40% güzəşt məbləği alıcıya edilən güzəşt oduğundan həmin məbləğ alıcının hesabına ödənilir, alıcı isə 5 bank işi günü müddətində satıcının hesabına ödəyir. Ona görə də, tərəflər arasında bağlanmış müqavilədə tələb edilən borca görə cavabdehliyi Cavabdeh MMC daşıyır, lakin müqavilə şərtinə uyğun ona ayrılacaq 40% güzəşt hesabına həmin məbləğin ödənilməsi nəzərdə tutulur. Bunları əsas tutaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli alqı-satqı müqaviləsi üzrə 71087,71 manat borc, xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsi üzrə 22352,26 manat borcun tutulması və həmin vəsaitin "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənildikdən sonra icra olunması qanuni və ədalətlidir. MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Qeyd edilən məbləğin ödənilməsi vaxtını məhkəmə müəyyən edərkən qeyd edir ki, xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsi üzrə 3-cü şəxs tərəfindən subsidiya məbləği qismən ödənilsə də, 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli alqısatqı müqaviləsi üzrə hər hansı bir subsidiya məbləği ödənilməmişdir. Cavabdeh tərəfindən təxminən həmin müqavilə üzrə təxminən 90 % ödəniş edilmişdir. Bu səbəbdən hər iki müqavilə üzrə icra vaxtı üçün eyni müddət müəyyən edilməlidir. Belə ki, Cavabdeh MMC-dən bu qətnamə ilə tutulan pul vəsaiti "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli və xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq yəni, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasına uyğun olaraq malların razılaşdırılmış maya dəyərinin 40% hissəsi Satıcıya subsidya formasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Müvəkkil Kredit Təşkilatının hesabına ödənildikdən sonra (həmin vəsait hesabına) eyni vaxtda icra edilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə ödənilmiş 1500 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfin nümayəndəsi və vəkili hüquqi xidmətlərə dair hər hansı bir müqavilə və ya ödəniş məbləği ilə bağlı sənədəri təqdim etmədiyindən, həmçinin keçirilmiş məhkəmə iclaslarının heç birində iştirak etməməsini nəzərə alıb hesab edir ki, hüquqi xidmətə görə 300 manat pul məbləğinin iddiaçının xeyrinə cavabdehdən tutulması qanuni və ədalətli qəbul edilməlidir. Hüquqi yardımın göstərilməsi ilə bağlı məhkəmə xərcləri əsas iddia tələbinə deyil, məhkəmə xərclərinə aid olan məsələ olduğundan iddia tələbinin təmin və ya qismən təmin edilməsi məsələsinə hər hansı bir təsir etmir. Həmçinin, iddiaçı tərəfindən tələb olunan 400 manat mediasiya xərcinə münasibətdə məhkəmə qeyd edir ki, “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” NKnin xx.xx.2019-cu il tarixli Qərarının 3.5-ci bəndinə əsasən, iddia qiyməti 50000 manatdan artıq olduqda 400 manat mediasiya xərci ödənilməlidir. Odur ki, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli alqı-satqı müqaviləsi üzrə 71087,71 manat borc, xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsi üzrə 22352,26 manat, mediasiya xərci olaraq 400 manat və göstərilmiş hüquqi xidmətin əvəzi olaraq 300 manat tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına köçürülsün. Cavabdeh MMC-dən bu qətnamə ilə tutulan pul vəsaiti "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 06 yanvar 2021-ci il tarixli A/01/01 nömrəli və xx.xx.2021-ci il tarixli AS/2992 nömrəli alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq yəni, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasına uyğun olaraq malların razılaşdırılmış maya dəyərinin 40% hissəsi Satıcıya subsidya formasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Müvəkkil Kredit Təşkilatının hesabına ödənildikdən sonra (həmin vəsait hesabına) eyni vaxtda icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar