Məhkəmə qərarları › İş №e-2-2(117)-1522/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1522/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1522/2022 02.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli 88 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış 7947,70 manat borc, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 88 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı müqaviləyə əlavədə göstərilən malın satışını həyata keçirməyi, alıcı Cavabdeh MMC isə malı qəbul edib əvəzində müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq təhvil verilmiş mala görə hesab faktura, qiymətin razılaşdırılması protokolu, e-qaimə faktura tərtib edir və alıcıya təqdim edir. 4.2-ci bəndinə əsasən alıcı e-qaimə fakturanı aldığı tarixdən 5 iş günü müddətində malın dəyərini satıcının bank hesabına köçürməlidir. xx.xx.2021-ci il tarixli qiymətlər üzrə razılaşma protokolu əsasında verilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 23802,96 manat, xx.xx.2021-ci il tarixli qiymətlər üzrə razılaşma protokolu əsasında verilmiş həmin tarixli elektron qaimə ilə 36281,11 manat mallar cavabdehə satılmış, Cavabdeh MMC isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə 7947,70 manat manat borcu qalmış və elektronqaimələr tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Borcun 5 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 88 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı İddiaçı müqaviləyə əlavədə göstərilən malın satışını həyata keçirməyi, alıcı Cavabdeh MMC isə malı qəbul edib əvəzində müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 917057 nömrəli elektron qaimə ilə 36281,11 manat və xx.xx.2021-ci il tarixdə isə 357717 nömrəli elektron qaimə ilə 23802,96 manat dəyərində armatur alınmışdır. Ümumilikdə cavabdehim aldığı malların dəyəri 60084,07 manat borc təşkil edir. Qeyd edilən mallar üzrə ödənişlərin bir hissəsi edilsə də, hazırda 7947,70 manat borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi tərəfindən poçt göndərişinə dair xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, elektron qaimələr, qiymətlərin razılaşma protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 88 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı müqaviləyə əlavədə göstərilən malın satışını həyata keçirməyi, alıcı Cavabdeh MMC isə malı qəbul edib əvəzində müqavilənin şərtləri ilə müəyyən olunmuş malların dəyəri miqdarında ödənişi satıcıya nağdsız qaydada ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli qiymətlər üzrə razılaşma protokolu əsasında verilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 23802,96 manat, xx.xx.2021-ci il tarixli qiymətlə üzrə razılaşma protokolu əsasında verilmiş həmin tarixli elektron qaimə ilə 36281,11 manat mallar cavabdehə satılmış və elektron-qaimələr tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Cavabdeh MMC isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə 7947,70 manat manat borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 99,47 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 99,47 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7947,70 manat borc, 100 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 99,47 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar