Məhkəmə qərarları › İş №e-2-2(117)-1529/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1529/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1529/2025 10.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.401,90 manat borcun, iddiaçı tərəfindən iddia üzrə məhkəməyə ödənilən 172.20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“iddiaçı”) ilə Cavabdeh (“cavabdeh”) arasında xx.xx.2021-ci il tarixində, Ş/31 nömrəli “yaş tütünün alqısatqısına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddələsinə əsasən cavabdeh istifadəsində olan 4.94 ha torpaq/əkin sahəsində iddiaçı tərəfindən verilən NC-291, İTB- 683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Bundan sonra, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixində bu müqaviləyə 1 nömrəli əlavə imzalanmışdır və belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq toxum, şitil, gübrə, dərman veriləcəkdir. Bunun əsasında iddiaçı tərəfindən cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 4.830,70 manat dəyərində mallar təqdim edilmiş və/və ya xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2022-ci il əkin mövsümü üçün ümumi 1.340,00 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 345,05 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğ bütövlükdə cavabdehin iddiaçıya olan 4.830,70 manat borcundan silinmişdir (qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə). Beləliklə, 2022-ci il dövrü üçün cavabdehin iddiaçıya 4.485,65 manat borcu yaranmışdır. Bunun ardınca isə iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixində, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin preambulasının 2ci bəndinə əsasən cavabdehin istifadəsində 10.5 ha torpaq/əkin sahəsi vardır və müqavilənin 1-ci maddəsinə əsasən həmin müqavilənin 1 saylı əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə iddiaçıya təhvil verməli, iddiaçı isətələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 940,00 manat dəyərində mallar-toxum təqdim edilmişdir. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün yalnız 2.385,00 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 477,00 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bu məbləğ bütövlükdə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir, cavabdehin iddiaçıya olan borcundan silinməmişdir. Beləliklə, 2023-ci il dövrü üçün cavabdehin iddiaçıya 940,00 AZN borcu yaranmışdır. Bunlardan savayı, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdə xx.xx.2021-ci il tarixli, Ş/31 nömrəli “yaş tütünün alqı-satqısına dair” müqavilə və xx.xx.2023-cü il tarixli, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqavilədə nəzərdə tutulan öhdəliklərinin icrası ilə əlaqədar "xxxx" ASC ilə kredit müqavilələri bağlamışdır. Belə ki, cavabdeh öz öhdəliklərini lazımınca, düzgün yerinə yetirə bilmədiyi üçün kredit müqavilələri ilə əldə etdiyi kredit məbləğini və ona uyğun hesablanan faiz məbləğlərinin əvəzini tam ödəyə bilməmişdir. Nəticədə, "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində, habelə xx.xx.2024-cü il tarixində “tələbin güzəşti” müqavilələri imzalanmışdır. Belə ki, 22 dekabr 2023-cü il tarixli “tələbin güzəşti” müqaviləsinin 1.1-ci maddəsinə əsasən tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Bununla da, müqavilənin 1 nömrəli əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 592,60 manat (ödənilməmiş əsas məbləğ = 50,00 AZN; ödənilməmiş faiz məbləği = 526,58 AZN; dəbbə pulu = 16,02 AZN, cəmi = 592,60 AZN) tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Bununla yanaşı, 18 mart 2024-cü il tarixli “tələbin güzəşti” müqaviləsinin 1.1-ci maddəsinə uyğun olaraq tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Bununla da, müqavilənin 1 nömrəli əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 21.383,65 manat (ödənilməmiş əsas məbləğ = 20.999,51 AZN; ödənilməmiş faiz məbləği = 46,27 AZN; dəbbə pulu = 337,87 AZN, cəmi = 21.383,65 AZN) tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Beləliklə, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli, Ş/31 nömrəli “yaş tütünün alqı-satqısına dair” müqavilə çərçivəsində 4.485,65 manat borcu, xx.xx.2023-cü il tarixli, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqavilə çərçivəsində 940,00 manat borcu, habelə xx.xx.2023-cü il tarixli “tələbin güzəşti” müqaviləsi çərçivəsində 592,60 manat borcu, xx.xx.2024-cü il tarixli “tələbin güzəşti” müqaviləsi çərçivəsində 21.383,65 manat borcu, ümumilikdə, 27.401,90 manat ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında müqavilə bağlanılmış və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona şitil verilmişdir. Həmin şitili əkib-becərsədə şitil yaxşı bitməyib. Daha sonra onlardan toxum alıb toxumu əkib. Tütün bitdikdən sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tütün versə də həmin tütünün onların ona verdiyi tütün sortundan olmadığını bildirib tütünü qəbul etmədilər. Bu borc 3 il müdddətinə yaranan borcdur. Borcunu da ödəmək niyyətindədir. Müqavilədə isehsal yolu ilə borcu ödəmək tələb olunur. Fermerlər də tütün verib, həmin borcu ödəməlidir. Bu da fermerlər üçün daha rahat yoldur. Şirkətə gedib bu təklifi irəli sürsə də, lakin şirkət razılaşmayıb.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində, Ş/31 nömrəli “yaş tütünün alqısatqısına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddələsinə əsasən cavabdeh istifadəsində olan 4.94 ha torpaq sahəsində iddiaçı tərəfindən ona verilən NC-291, İTB- 683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

7. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin predmentinə əsasən cavabdeh istifadəsində olan 10,5 ha torpaq sahəsində iddiaçı tərəfindən verilən məhsullar vasitəsi ilə (dərman, gübrə, ştil və s.) müvafiq aqrotexniki qaydalara uyğun olaraq tütünün əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

8. İş materiallarında olan xx.xx.2023-cü il tarixində, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqaviləyə imzalanan 1 nömrəli əlavədən görünür ki, tərəflər aralarında istehsal olunacaq tütünün qiyməti və minimal miqdarı barədə razılığa gəlmişlər.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixində, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqaviləyə imzalanan 3 nömrəli əlavədən görünür ki, tərəflər arasında tütünün istehsalına dair təlimat müəyyən edilmişdir. Həmin təlimatın 1-ci bəndinə əsasən əkin sahəsində yalnız Azərtütün tərəfindən təqdim olunan əkin materialları əkilib becərilməlidir. Əkin materiallarının keyfiyyətli yetişdirilməsi üçün lazımi aqrotexniki və digər tədbirlər əkin sahəsində zamanında və doğru şəkildə həyata keçirilməlidir.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixində, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqaviləyə imzalanan 6 nömrəli əlavədən görünür ki, tərəflər aralarında tütün əkilməsi üçün görüləcək işlərin ümumi kəmiyyəti və qiyməti barədə razılığa gəlmişlər.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixində, Ş/31 nömrəli “yaş tütünün alqısatqısına dair” müqaviləyə və xx.xx.2023-cü il tarixində, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqavilə əsasən imzalanan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə verilən tütün əkilməsi üçün istifadə olunan məhsulların qiyməti ilə bağlı tərəflər razılığa gəlmişlər.

12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı aralarında bağlanan müqavilələrə əsasən cavabdehə tütün əkilməsi üçün müxtəlif məhsullar (ştil, gübrə, dərman və s.) təhvil verilmişdir. Həmin aktlar cavabdeh və iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.

13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələrdən görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanan müqavilə əsasında müəyyən miqdarda tütün təhvil vermişdir. Həmin təhvil verilən tütünün adları və dəyəri qaimələrdə öz əksini tapmışdır.

14. İş materiallarında olan qarşılıqlı borcların əvəzləşdirilməsi haqqında xx.xx.2023cü il tarixli aktdan görünür ki, cavabdeh iddiaçıya aralarında bağlanan müqavilə əsasında tütün təhvil vermişdir. Həmin akt cavabdeh və iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh məxsus bank hesabına iddiaçı tərəfə tütün verilməsini təsdiq edən müvafiq elektron qaimələr əsasında cəmi 477 manat pul ödənilmişdir.

16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli K6020 saylı “maliyyələşdirmə barədə” ərizədən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən illik faiz dərəcəsi 4,5 % olmaqla, 7 ay müddətinə 6408 manat məbləğində kredit verilmişdir.

17. İş materiallarında olan iddiaçı “tələbi əldə edən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “tələbi güzəşt edən” "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqısatqısı) barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tələbi güzəşt edən siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

18. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqaviləyə 01 nömrəli əlavə olaraq imzalanan xx.xx.2023-cü il tarixli “barəsində tələb hüquqları güzəşt edilən kredit müqavilələri və onlara dair məlumat”dan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli K5094 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 592,60 manat borc (əsas borc 50 manat, faiz borcu 526,58 manat, dəbbə pulu 16,02 manat) "xxxx" ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir.

19. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tələbi güzəşt edən siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

20. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqaviləyə 01 nömrəli əlavə olaraq imzalanan xx.xx.2024-cü il tarixli “barəsində tələb hüquqları güzəşt edilən kredit müqavilələri və onlara dair məlumat”-dan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli K6020 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 21383,65 manat borc (əsas borcu 20999,51 manat, faiz borcu 46,27 manat və dəbbə pulu 337,87 manat) "xxxx" ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir.

V. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir.

Vl. Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbinin bi hissəsi tərəflər arasında bağlanılmış alqı-satqı və podrat müqaviləsindən, bir hissəsi isə iddiaçı ilə tələbi güzəşt edən ("xxxx" ASC) arasında bağlanmış müqavilədən irəli gəlir.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində, Ş/31 nömrəli “yaş tütünün alqı-satqısına dair” müqavilə və xx.xx.2023-cü il tarixində, Ş/2023/027 nömrəli “tütünün istehsalına dair” müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh özünə məxsus torpaq sahəsində, iddiaçının verdiyi avans məbləği, tütün şitili və digər məhsullar vasitəsi ilə tütün əkməyi və əldə edilmiş məhsulu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sataraq gəlir götürməyi, həmçinin yaranmış borcunu ödəməyi öhdəsinə götürmüşdür.

25. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini qismən icra etmiş və bununla da cavabdehin iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş müqavilə, aktlar və digər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatında mövcud olan borcu ödəmək niyyətində olduğunu bildirmişdir.

26. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli alqı-satqı və podrat hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin alqı-satqı və podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.

27. Həmiçinin məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqavilələrdən irəli gəlir. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olur ki, ilk öncə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan kredit müqavilələri ilə cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn kreditor öhdəliyi yaranmışdır. Bundan sonra "xxxx" ASC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında tələbin güzəşti barədə müqavilələr bağlanmış və Cavabdeh "xxxx" ASC qarşısında olan öhdəliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. Nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi yaranmış və bu öhdəliyi icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qismində 172,20 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında tələbin güzəşti və yaş tütünün alqısatqısı barədə müqavilələr üzrə öhdəliyi yarandığından iddia təmin edilməli, Cavabdeh 27401,90 manat borc və 172,20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

Vİl. Nəticə:

30. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 26401,90 manat borc və 172,20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar