Məhkəmə qərarları › İş №e-2-2(117)-1542/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1542/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1542/2022 13.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə yaranmış 10794 manat gecikdirilmiş əsas borc və 3981,92 manat cərimə borcunun, eləcə də xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli müqavilə üzrə 3604 manat əsas borc və 2964,52 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaq, ümumilikdə 21844,44 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə yaranmış 11794 manat gecikdirilmiş əsas borc və 3981,92 manat cərimə borcunun, eləcə də xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli müqavilə üzrə 3604 manat əsas borc və 2964,52 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaq, ümumilikdə 23844,44 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında elektron kabinet vasitəsi ilə “İddia tələbinin həcminin azaldılması barədə” ərizə göndərərək “xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə yaranmış 10794 manat gecikdirilmiş əsas borc və 3981,92 manat cərimə borcunun, eləcə də xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli müqavilə üzrə 3604 manat əsas borc və 2964,52 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaq, ümumilikdə 21844,44 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli lizinq müqavilələri bağlanmışdır. xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 42772 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə vermək şərti ilə lizinqə verir. xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 14928 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə vermək şərti ilə lizinqə verir. Həmin Müqavilələrin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin Müqavilələrin 5.2-ci bəndinə əsasən, göstərilən hallardanbiri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli lizinq müqavilələri 11794 manat və 5604 manat gecikdirilmiş əsas borcları yaranmış və iddiaçı həmin borclara 3981,92 manat və 2964,52 manat cərimə borcları hesablamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, kombayn atasının adına olsa da, faktiki olaraq texnikanı-taxılyığan kombayını Əliyev Sənan işlədir və qeyd edilən şəxsə vermişdir. Borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Kombayna 10974 manat, traktora görə isə 3604 manat borcları vardır. Vaxt verilərsə borclarını hissəhissə ödəyə bilərlər. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd kombayn taxılyığan Sampo Roseniew SR-2045 Classic 6 silindirli texnika 7 il ödəmə müddətinə güzəştdən sonrakı qalıq məbləği 42 772 manat olmaqla verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli lizinq müqavilələrinin spesifikasiyasından görünür ki, 1 ədəd traktor Belarus 1221 markalı texnika 8 il ödəmə müddətinə güzəştdən sonrakı qalıq məbləği 14 928 manat olmaqla verilmişdir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, 1 ədəd kombayn taxılyığan Sampo Roseniew SR-2045 Classic 6 silindirli texnika və 1 ədəd traktor Belarus 1221 markalı texnika Cavabdeh tərəfindən akta imzalanmaqla təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qrafiklərindən görünür ki, xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə dövrü ərzində cavabdeh tərəfindən rübdə iki dəfə olmaqla hər dəfə 3055 manat, xx.xx.2017-ci il tarixli 930-GL/17 müqavilə üzrə müqavilə dövrü ərzində cavabdeh tərəfindən hər ay 467 manat pul ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 21813 manat ödənilmişdir, 11794 manat gecikdirilmiş borcu vardır və 3981,92 manat cərimə borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli 930-GL/17 müqavilə üzrə cavabdeh tərəfindən 4187 manat ödənilmişdir, 5604 manat gecikdirilmiş borcu vardır və 2964,52 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqavilələri, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). MM-in: 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.1. Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. 747-4.2. Sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli lizinq müqavilələri bağlanmışdır. Həmin texnikalar iddiaçı tərəfindən təhvil verilmiş və təhvil-təslim aktları hər iki tərəfdən imzalanmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən, xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 21813 manat ödənilmişdir, 11794 manat gecikdirilmiş borcu vardır və 3981,92 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 930-GL/17 müqavilə üzrə cavabdeh tərəfindən 4187 manat ödənilmişdir, 5604 manat gecikdirilmiş borcu vardır və 2964,52 manat cərimə borcu hesablanmışdır. Həmin borc məbləğlərindən xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə əsas borcdan 1000 manat, xx.xx.2017-ci il tarixli 930-GL/17 müqavilə üzrə isə 2000 manat ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında borcu etiraf etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, kombayn Əliyev Sənan tərəfindən istifadə olunur. Bununla bağlı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq qeyd edilən texnikaların başqa bir şəxsə lizinqə verilib-verilmədiyi barədə məlumat verilməsi xahiş edilmiş, iddiaçının məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi məktubuna cavabdehin əlavə etdiyi ərizədən müəyyən olunmuşdur ki, cavabdeh taxıl yığan kombayn etibarnamə idarə etmək hüququnu X1 verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, sublizinqə verilməmişdir. Lizinq alan olaraq hazırkı iş üzrə Cavabdeh Yunis oğludur. Ona görə də cavabdehliyin başqa şəxs daşıması ilə bağlı cavabdehin nümayəndəsinin bildirdiyi arqumentlər əsassızdır. İddia tələbinin müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə 150 manat, xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli müqavilə üzrə isə 100 manat cərimə borcu tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin (bundan sonra mətndə-MPM) 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 155,54 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 300 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsini, cavabdehin tələbi maddi imkansızlıq üzündən icra etməməsini bildirməsini nəzərə alıb cavabdehdən hüquqi xidmətə görə haqqın 100 manat həddində tutulmasını ağlabatan hesab edir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi təmin edildiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 155,54 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 930-GL/17 nömrəli müqavilə üzrə yaranmış 10794 manat gecikdirilmiş əsas borc və 150 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 1061-GL/17 nömrəli müqavilə üzrə 3604 manat əsas borc və 100 manat cərimə borcu, 200 manat mediasiya xərci və 100 manat məbləğində hüquqi xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 155,54 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar