Məhkəmə qərarları › İş №e-2-2(117)-1547/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1547/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1547/2025 04.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 10689 manat əsas borcun və 122.47 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 10689 manat əsas borcun və 122.47 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı (bundan sonra mətndə-İddiaçı) ilə Cavabdeh (bundan sonra mətndəcavabdeh) arasında xx.xx.2024-cü il tarixdə AMX-0150/24 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış **********02180 nömrəli abonent kodu üzrə 10689 manat borcun və ödənilmiş 122.47 manat məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Şəki rayonunda yerləşən Cavabdehnə məxsus olan inzibati bina (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla **********02180 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə xx.xx.2024-cü il tarixli, AMX- 0150/24 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Cavabdehin sahibliyindəki qeyri-yaşayış sahəsində uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********02180 saylı qaz hesabında 10689 manat həcmində debitor borcu yaranmışdır. Belə ki, göstərilən borc Elster G-25 RVG EK-230 markalı 77038194 nömrəli sayğacın 118932 m3 mexaniki və 131496 m3 elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcunun yaranması qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və tərəf debitor borcu mübahisələndirmir. Tələb olunan 10689 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi tələbi ilə bağlı müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan borc tam ödənilməmişdir. Bundan əlavə cavabdehə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktublar göndərilsə və həmin pretenziyalar rəsmi qəbul edilsə də, keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahş etmişdir. Zaqatala RQİİ Şəki Xidmət Sahəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, istehlakçının təhvil verilmiş qazın miqdarına uyğun olaraq xx.xx.2025-ci il tarixinə 15773.68 manat məbləğində qalıq borcu mövcuddur. Aktın doğruluğu tərəflərin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, Cavabdeh (abonent kodu **********02180) təbii qazdan istifadəyə görə 10/2025-ci il tarixinə ümumilikdə 10689.01 manat məbləğində borcu mövcuddur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edirlər və təmin edilməsini məhkəmədən xahiş edirlər. Mübahisənin predmeti ondan ibarətdir ki, qarşı tərəf borcun ödənilməmə səbəbi kimi icra hakimiyyəti üçün kommunal xərclərlə bağlı vəsaitin ayrılmadığını bildirir. Hazırkı borc mübahisəsiz borcdur, yəni qaz sərfiyyatına əsasən hesablanmış borcdur. Məhkəmə hazırlıq iclası zamanı cavabdehin nümayəndələri də bildirdilər ki, borcu qəbul edirlər, borcun ödənilməsi üçün məhkəmə tərəfindən icra vərəqəsi verilməsi lazımdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, üzləşdirmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2024-cü il tarixdə AMX-0150/24 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam şəkildə ödəmədiyindən təbii qazdan istifadəyə görə **********02180 nömrəli abonent kodu üzrə 10689 manat debitor borcu yaranmış və yaranmış borc ödənilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış, eyni zamanda hər iki tərəfin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə cavabdehin təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixinə 15773.68 manat debitor borcunun yarandığı öz təsdiqini tapır. Bundan əlavə olaraq abonent saldosu da araşdırıldıqda cavabdehin 04/2025 tarixinə 15773,69 manat borcunun yarandığı, 09/2025ci il tarixində 5084,68 manat ödəniş edildiyi və yekun olaraq 10/2025-ci il tarixinə 10 689,01 manat borcunun qaldığı müəyyən edilir. Eyni zamanda cavabdehin nümayəndələrinin 20 noyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdikləri izahatlarının məzmunundan göründüyü kimi qeyd edirlər ki, Cavabdeh yeni binası istismara verilməzdən əvvəl də istilik sistemi qurulduğundan və istifadəyə verildiyindən, həmin vaxtadək binanın istilik sistemi tikinti şirkəti tərəfindən istifadə edilmiş, yaranmış borcda bununla bağlı olmuşdur və həmin borc yeni bina istifadəyə verilməzdən əvvəl yaranan borc olduğundan borcu ödəyə bilmirlər. Göründüyü kimi tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatları ilə, eyni zamanda məhkəməyə təqdim edilmiş üzləşdirmə aktı və abonent saldosu ilə cavabdehin təbii qazdan istifadəyə görə iddiaçıya 10689 manat ödənilməmiş borcunun qaldığı müəyyən edilir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən və ödənilməmiş borcu qaldığından iddia tələbi təmin edilməklə təbii qazdan istifadə üzrə olan 10689 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən və iddia təmin olunduğundan iddia tələbinə uyğun olaraq ödənilməli olan 122.07 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməli, artıq ödənilmiş hissədə isə iddiaçının özünə aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 10689 manat borcun və 122.07 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar