Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-156/2023 16.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “21869,94 manat borc məbləğinin, hüquqi xidmətə görə 150 manat pulun və 206 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli TM/AS/M-20/068 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı hər kq-nın qiyməti 7,87 manat olmaqla ümumi dəyəri ƏDV daxil 21869,94 manat olan 2355 kq aliminium boyanı alıcıya təhvil verməyi, alıcı isə malın qəbul edilməsini və dəyərini müqavilənin xüsusi maddəsində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri 21869,94 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək malın dəyərini ödəməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İşin məhkəmə araşdırması zamanı Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********771100 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təqdim edillmiş debitor və kreditor borcları haqqında məlumat formasının kreditorlar borclar üzrə qalıqlar hissəsində cəmiyyətin İddiaçı MMC-yə 21869,94 manat kreditor borcunun olması öz əksini tapmışdır. İddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş Şahid1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı MMC-nin satış üzrə meneceri vəzifəsində işləyir. Cavabdehin Bakıda yerləşən nümayəndəliyi vasitəsilə onlara həmişə mal satmışlar. Əvvəllərdə satdıqları malın pulunu almışlar. 2020-ci ildə tərəflər arasında bağlanmış müqavilədən sonra pandemiya dövrü olmuşdur. Bundan sonra malları sürücü vasitəsilə göndərmişlər. Kağız daşıyıcıda hər hansısa bir sənədlərin verilməsi qadağan olunduğundan heç bir sənədləşmə olmamışdır. Bununla bağlı qarşı tərəfə elektron qaimələr vermişlər. Onlar malları vermişlər ki, cavabdeh tərəf vergi orqanına verdiyi hesabatlarda İddiaçı MMC-yə borclarının olması barədə məlumat vermişlər. Onlar malların təhvil verilmədiyini iddia edirlər. İddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş Şahid2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi fadəsində bildirmişdir ki, İddiaçı MMC-də sürücü vəzifəsində işləyir. 3 il bundan əvvəl Qəbələyə boya gətirmiş, boyaları təhvil vermişdir. Hansı fəsildə təhvil verdiyini, kimə təhvil verdiyini, şəhərin hansı isiqamətində təhvil verdiyini xatırlamır. Malı anbar kimi bir yerdə təhvil vermişdir. Bəzən elə olur ki, işə çıxanda bir neçə yerə mal təhvil verir. Həmin gün malı təhvil verəndə rəhbərliyə məlumat verməmişdir. Malların təhvili ilə bağlı növbəti gün rəhbərliyə məlumat vermişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş və iş üzrə keçirilmiş məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, elektron qaimə, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin məktubu, Qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli TM/AS/M-20/068 nömrəli alğısatqı müqaviləsinə əsasən satıcı hər kq-nın qiyməti 7,87 manat olmaqla ümumi dəyəri ƏDV daxil 21869,94 manat olan 2355 kq aliminium boyanı alıcıya təhvil verməyi, alıcı isə malın qəbul edilməsini və dəyərini müqavilənin xüsusi maddəsində göstərilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2020-ci il tarixli elektron qaimə ilə dəyəri 21869,94 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək malın dəyərini ödəməmişdir. İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş elektron qaimə fakturaya münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimə orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni məhkəmə araşdırması zamanı Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********771100 nömrəli məktubu ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təqdim edillmiş debitor və kreditor borcları haqqında məlumat formasının kreditorlar borclar üzrə qalıqlar hissəsində cəmiyyətin İddiaçı MMC-yə 21869,94 manat kreditor borcunun olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi, Cavabdeh MMC borcları barədə məlumatla da İddiaçı MMC-dən 21869,94 manat dəyərində mal almaqla sonuncu cəmiyyətə borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmişdir. Bu səbəbdən iddia təmin edilərək 21869,94 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş və dindirilmiş şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, şahidlər idiaçının əməkdaşları olsa da şahidlərin məhz malların təhvil verilməsi ilə bağlı ifadələri istər iddiaçı tərəfindən təqdim edilmiş, istərsə də məhkəmə araşdırması zamanı əladə edilmiş sübutlarla öz təqsidini tapdığından məhkəmə şahid ifadələrini də sübut qismində qəbul edir. Bundan başqa məhkəmə ödənilmiş 150 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, cəkilmiş bu xərc də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə, iddiaçı cəmiyyət tərəfindən vəkil bürosuna 150 manat məbləğində hüquqi yardım üçün pul ödənilməsini, iddiaçının məhkəmə iclaslarında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 150 manat məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 155,60 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 155,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 206 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 206 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 21869,94 manat borc, hüquqi yardım üçün 150 manat və 206 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 155,60 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-156/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-156/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver