Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1563/2025 08.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli KM/104/5202237/270324 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış 5007,93 manat məbləğində borcun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, müqavilə şərtlərinin pozulması ilə bağlı əlavə faiz və cərimələrin hesablanması hüququ "xxxx" BOKT ASC-yə saxlanılması və dövlət rüsumu və digər məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında 27 mart 2024-cü il tarixli KM/104/5202237/270324 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 4500 manat məbləğində kredit 36 ay müddətinə, illik 24% faizlə verilmişdir. Kredit müqaviləsinə uyğun olaraq Cavabdeh1 zamin qismində çıxış etmiş və borcalanın öhdəliklərinin icrasına tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh borcalan kredit üzrə öhdəliklərini icra etməmiş, ödənişlərdə gecikmələrə yol vermişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində kredit təşkilatı tərəfindən dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin borc ödənilməmişdir. xx.xx.2025 tarixli maliyyə çıxarışına əsasən cavabdehin "xxxx" BOKT ASC qarşısında aşağıdakı məbləğdə ödənilməmiş borcu mövcuddur, əsas borc 4040,55 manat, faiz borcu 904,40 manat, cərimə 62,98 manat, cəmi 5007,93 manatı cavabdehlər müqavilə üzrə öhdəlikləri icra etmədiyindən, Mülki Məcəllənin 422, 439, 441, 449 və 1096-cı maddələrinə əsasən, kredit müqaviləsi üzrə yaranmış borcun həm borcalan, həm də zamin tərəfindən birgə qaydada tutulması tələb olunur.
3. İddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsi, xx.xx.2024 tarixli KM/104/5202237/270324 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış əsas borc 4040,55 manat, faiz borcu 904,40 manat, cərimə borcu 62,98 manat, ümumilikdə 5007,93 manat məbləğində borcun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, müqavilə şərtlərinin pozulması ilə bağlı əlavə faiz və cərimələrin hesablanması hüququnun "xxxx" BOKT ASC-yə saxlanılması və dövlət rüsumu və digər məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada tutulmasına qərar verilməsi xahiş edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, əsas borcu qəbul edir. İşsiz olduğu üçün borcunu ödəyə bilməmişdir. İddiaçı tərəfindən hesablanmış faiz və cərimə borcunu yüksək hesab edir. Məhkəmədən faiz və cərimə borcunun azaldılmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, Aqçir Qaracayevin götürdüyü kredit borcu üzrə zamin kimi öhdəlik götürmüşdür. O da əsas borcu qəbul edir. İddiaçı tərəfindən hesablanmış faiz və cərimə borcunu yüksək hesab edir. Məhkəmədən faiz və cərimə borcunun azaldılmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KM/104/5202237/270324 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 4500 manat məbləğində krеdit verilmişdir.
7. "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KM/104/5202238/270324 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 kredit alanın xx.xx.2024-cü il tarixli KM/104/5202237/270324 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.
8. "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh2 bank tərəfindən 36 ay müddətinə hər ay 176,55 manat, sonuncu ay 179,48 manat ödəmək şərtilə illik 24 % olmaqla 4500 manat məbləğində kredit verilmişdir.
9. "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024cü il tarixli KM/104/5202237/270324 saylı kredit krеdit müqaviləsi üzrə 4040,55 manat məbləğində krеdit bоrcu 904,40 manat məbləğində faiz bоrcu və 62,98 manat cərimə borcu olmaqla, ümumilikdə 5007,93 manat məbləğində bоrcu yaranmışdır.
10. "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xx.xx.2025-ci tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
V. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Vl. Məhkəmənin mövqeyi:
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 4500 manat məbləği Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir.
16. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi faiz və cərimə borcunun tələb edilməsi hissəsinə münasibətdə isə qismən təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
19. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 803,20 manat faiz və 55,14 manat cərimə borcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi xəbərdalıq məktubunda qeyd olunan faiz və cərimə borcu məbləğində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.
20. Bundan başqa məhkəmə iddia tələbinin “xx.xx.2024 tarixli KM/104/5202237/270324 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və müqavilə şərtlərinin pozulması ilə bağlı əlavə faiz və cərimələrin hesablanması hüququ "xxxx" BOKT ASC-yə saxlanılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.
21. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır və müqavilə həmin bildirişin göndərildiyi tarixdə ləğv edilmiş sayılır. Hazırki müqavilə də kreditorun borcluya xəbərdarlıq bildirişinin göndərdiyi xx.xx.2025-ci il tarixdə ləğv edilmiş hesab olunur. Bu səbəbdən məhkəmə qeyd edir ki, məhkəmə qaydasında kredit müqaviləsinin ləğv edilməsi üçün lüzum qalmır. Həmçinin müqavilə ləğv edildikdən sonra kreditorun faiz və cərimə borcu tələb etmək hüququ da mülki qanunvericiliklə tənzimlənir.
20. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
21. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddia qismən təmin olunmalı və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4040,55 manat əsas, 803,20 manat faiz, 55,14 manat cərimə borcu olmaqla cəmi 4898,89 manat məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
22. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68,98 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70,07 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
Vİl. Nəticə:
23. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4040,55 manat əsas, 803,20 manat faiz və 55,14 manat cərimə borcu olmaqla cəmi 4898,89 manat məbləğdə pul vəsaiti və 68,98 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova