Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1567/2024 18.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Səmədov Rüfət Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 12084.02 manat məbləğində pul vəsaitinin və ödənilmiş 127 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında 2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı-vaxtında etmədiyinə görə ümumillikdə satıcı İddiaçı MMC-yə 12084.02 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəf müqavilənin şərtlərini pozduğu üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2017-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürmüşdür. 2017-ci il tarixli Məhsulların alqı-satqı müqaviləsinin: 2.1.1-ci bəndinin tələbinə görə alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə formasında hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır. 2.1.3-cü bəndinin tələbinə görə alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri nağd və ya köçürmə yolu ilə alıcı tərəfindən ödənilir. Satıcı malın dəyərinin ödənilməsini qarantiyaya alnması məqsədilə alıcıya qarşı borcun etirafı haqqında ərizə tətbiq edə bilər. 4.4-cü bəndinin tələbinə görə faktura ilə məhsulları alıcı özü və ya rəsmi olaraq səlahiyyət verdiyi şəxs qəbul edir. Bu qaydanın pozulmasına görə məsuliyyəti “Alıcı” tərəf daşıyır. 6.8-ci bəndinin tələbinə görə tərəflər müntəzəm olaraq debitor və kreditor qalıqlarını yoxlaya və üzləşmə aktı imzalaya bilər. 7.2-ci bəndinin tələbinə görə bu müqavilə bir il müddətinə bağlanılır və imzalandığı an qüvvəyə minir, tərəflərdən hər hansı biri 15 gün əvvəlcədən digər tərəfə rəsmi xəbər verməklə müqaviləyə xitam verə bilər. 7.3-cü bəndinin tələbinə görə müqavilənin qüvvədə olduğu müddətin sonuna 10 gün qalanadək tərəflərdən heç biri müqaviləyə xitam verildiyini digər tərəfə rəsmi bildirmədiyi təqdirdə müqavilə eyni müddətə uzadılmış hesab olunur. 7.5-ci bəndinin tələbinə görə müqavilənin qüvvədə olma müddətinin bitməsi tərəflərin müqavilə şərtlərini yerinə yetirilməsinə görə məsuliyyətdən azad etmir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən 8000 manat satış pulunu "xxxx" ASC vasitəsilə İddiaçıMMC-nin "xxxx" ASC-nin Ağsu filialında olan hesabına köçürmüş, bundan sonra xx.xx.2020-ci il tarixdə "xxxx" ASC müflis elan edilmiş, həmin vaxdan ödənilmiş pul geri qaytarılmamışdır. Bundan sonra pulun geri qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edilmiş, borcların ödənilməsinin növbəlilik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Cavabdeh yaxın zamanda həmin pul qaytarılan kimi İddiaçı MMCnin hesabına ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Azgranata Satış” müştəri hərəkətləri hesabatından görünür ki, xx.xx.2021-ci il tarixində qalıq borc 12084.0231 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Üzləşmə aktından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövrdə müştəriyə satılan malların və onun tərəfindən şirkətə ödənilən vəsaitlərin araşdırılması aparılmış və həmin tarixə 16519.65 manat məbləğində borc müəyyənləşdirilmişdir. Həmin akt İddiaçı MMC-nin Daxili Təftiş şöbəsinin mütəxəssisi X1 və firma mağazasının nümayəndəsi Cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan göründüyü kimi İddiaçı MMC Cavabdeh müraciət edərək bildirmişdir ki, 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-dən satış üçün qəbul etdiyiniz məhsulların satılmasına və ya öhdəlik tarixindən xeyli müddət keçməsinə baxmayaraq həmin məhsulların dəyərini tam şəkildə ödəməmisiniz. Bu səbəbdən ümumilikdə 12084.02 manat məbləğində borcunuz yaranmışdır. Cavabdehdən 5 gün ərzində müqavilə üzrə yaranan borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəf öhdəliklərini yerinə yetirərək müqavilə üzrə müəyyənləşdirilən məhsulları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş 12084.02 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izah verərək bildirdi ki, tərəflər arasında imzalanmış üzləşmə aktındakı məbləğ 16519,65 manat qeyd edilsə də cavabdeh tərəfindən aparılmış ödənişlər nəticəsində borc azalmış və hazırkı iddia tələbində olan məbləğə 12084,02 manata enmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və onun vəklinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış 2017-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin mətnində müqavilənin tarixi qeyd eilməsə də, digər sübutlarla (cavabdehin ərizəsi ilə) təsdiq edilir ki, qeyd edilən müqavilə tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmışdır. İddiaçı tərəfindən öhdəlikləri yerinə yetirərək mallar cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş 12084.02 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun ödənilməmiş 12084.02 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Üzləşmə aktı ilə təsdiq olunur. Həmin üzləşmə aktında cavabdeh tərəf həmin tarixə 16519.65 manat məbləğində borcu olduğunu imzalayaraq təsdiqləmişdir. Düzdür həmin üzləşmə aktında qeyd edilən borc məbləği hazırkı işdə iddiaçı tərəfindən tələb edilən məbləğdən çox olsa da, iddiaçı tərəfin izahatından da aydın olduğu kimi cavabdeh tərəf borcundan müəyyən qədər ödəmiş, yekun olaraq 12084.02 manat məbləğində borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia tələbində cavabdehdən 12084.02 manat məbləğində borcun tutulması tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş borcun məbləği hazırkı tarixə 12084.02 manat olaraq qəbul edilir. Məhkəmə qeyd edilən üzləşmə aktına münasibətdə də qeyd edir ki, həmin üzləşmə aktında hər iki tərəfin imzası öz əksini tapmışdır. Bu səbəbdən həmin üzləşmə aktı birbaşa sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini ödəmədiyindən və bu, hər iki tərəfin imzası əks olunmuş üzləşmə aktı ilə təsdiq olunsa da, iddiaçı 12084.02 manat borcun tutulması tələbi ilə müraciət etdiyindən 12084.02 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 126.26 manat olmalıdır. İddiaçı tərəfindən 127 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən iddianın qiymətinə uyğun ödənilməli olan 126.26 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.74 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12084.02 manat məbləğində borc və 126.26 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov