Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1570/2025 09.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçınin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 17 609,29 manat əsas borcun və məhkəməyə ödənilən 142.83 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 17 609,29 manat əsas borcun və məhkəməyə ödənilən 142.83 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Ş/2023/011 nömrəli “Tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin preambulasının 2-ci bəndinə əsasən cavabdehin istifadəsində 9.42 ha torpaq/əkin sahəsi vardır və müqavilənin 1-ci maddəsinə əsasən həmin müqavilənin 1 saylı Əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə iddiaçıya təhvil verməli, iddiaçı isə tələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 5.825,00 manat dəyərində mallar təqdim etmişdir. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün ümumi 17.460 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 5.022,15 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bu məbləğ bütövlükdə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir, cavabdehin iddiaçıya olan borcundan silinməmişdir. Beləliklə, 2023-ci il dövrü üçün cavabdehin iddiaçıya 5.825 manat borcu yaranmışdır. Bundan savayı, cavabdeh həmin müqavilədə nəzərdə tutulan öhdəliklərinin icrası ilə əlaqədar "xxxx" ASC ilə kredit müqaviləsi bağlamışdır. Belə ki, cavabdeh öz öhdəliklərini lazımınca, düzgün yerinə yetirə bilmədiyi üçün kredit müqavilələri ilə əldə etdiyi kredit məbləğini və ona uyğun hesablanan faiz məbləğlərinin əvəzini tam ödəyə bilməmişdir. Nəticədə, "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə “Tələbin güzəşti” müqavilələri imzalanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Müqavilələriin 1 nömrəli Əlavələrinə əsasən "xxxx" ASC cavabdehə olan müvafiq olaraq 522,80 manat və 11.261,49 manat tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, Ş/2023/011 nömrəli “Tütünün istehsalına dair” müqavilə çərçivəsində 5.825 manat, xx.xx.2023-cü il tarixli “Tələbin güzəşti” müqaviləsi çərçivəsində 522,80 manat, xx.xx.2024-cü il tarixli “Tələbin güzəşti” Müqaviləsi çərçivəsində 11.261,49 manat – ümumilikdə, 17.609,29 manat ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1-ci, 21.2-ci, 194.1-ci, 194.2-ci, 196-cı, 389.1-ci, 390.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 743.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Ş/2023/011 nömrəli “Tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən qarşı tərəfə 5825 manat məbləğində mallar verilmişdir. Cavabdeh 14 ton tütün təhvil vermiş, həmin tütünün dəyəri də ona ödənilmişdir. Cavabdeh tərəfindən bu gün müəyyən ödəniş edilmişdir. Həmin ödəniş tam olaraq sistemə oturmadığına görə iddia tələbinin həcminin azaldılması barədə ərizəni indi məhkəməyə təqdim edə bilmirlər. İş üzrə zəruri sübutlar, tütünün alqı-satqısına dair həmçinin, tələbin güzəştinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
V. Sübutların tədqiqi:
15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Azərtütün) və Cavabdeh (fermer) arasında xx.xx.2023-cü il tarixdə Ş/2023/011 nömrəli “Tütünün istehsalına dair” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndindən göründüyü kimi müqavilənin şərtlərinə uyğun olaraq fermer 2023-cü il məhsul mövsümü üçün əkin sahəsində Azərtütünün nəzarəti və rəhbərliyi altında Əlavə №1-də göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu (əkin sahəsində yetişdirilmiş və əmtəə keyfiyyətinə malik bütün yaş tütün) tam həcmdə Azərtütünə təhvil verməyi, Azərtütün isə məhsulu bu müqavilənin göstərilən şərtlərinə uyğun olaraq tam həcmdə qəbul edib dəyərini fermerə ödəməyi öz öhdəsinə götürmüşdür.
16. xx.xx.2023-cü il tarixli (760 manat) və xx.xx.2023-cü il tarixli ********** nömrəli (5065 manat) malların təhvil aktlarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli Ş/2023/011 nömrəli “Tütünün istehsalına dair” müqaviləyə əsasən ümumilikdə 5.825 manat dəyərində mallar təhvil verilmişdir (cavabdehin eyni tarixli müraciət ərizələrinə əsasən).
17. "xxxx" ASC (tələbi güzəşt edən) və İddiaçı ASC (tələbi əldə edən) arasında 22 dekabr 2023-cü il və 18 mart 2024-cü il tarixdə bağlanmış Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilələrin 1.1-ci bəndinə əsasən, “tələbi güzəşt edən” siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdələrinə götürürlər. Paşa Bank ASC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin 01 nömrəli Əlavəsinə əsasən, xx.xx.2023-cü il tarixli K5894 saylı kredit müqaviləsi üzrə cəmi 522.8 manat, xx.xx.2024-cü il tarixli müqavilənin 01 nömrəli Əlavəsinə əsasən isə, xx.xx.2023-cü il tarixli K5894 saylı kredit müqaviləsi üzrə cəmi 11 261.49 manat borc barəsində cavabdehə olan tələb hüququ iddiaçıya güzəşt edilmişdir.
18. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddia üzrə borcundan ümumilikdə 800 manat ödənildiyi və həmin ödənişin nəzərə alınması xahiş edilmişdir.
19. 13.11.2025-ci il tarixli FJB**********605 nömrəli (400 manat), xx.xx.2025-ci il tarixli FJB**********786 nömrəli (400 manat) ödəniş qəbzlərindən göründüyü kimi cavabdehin Ş/2023/011 nömrəli müqavilə üzrə borcundan ümumilikdə 800 manat ödəniş edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
23. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Ş/2023/011 nömrəli “Tütünün istehsalına dair” müqavilənin, "xxxx" ASC ilə iddiaçı arasında 22 dekabr 2023-cü il və 18 mart 2024-cü il tarixlərində Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilələrin bağlanmasından, "xxxx" ASC-nin cavabdehin kredit müqavilələrinə əsasən mövcud olan cəmi 11784.29 manat (522.8 manat + 11 261.49 manat) borcu barədə tələb hüqunu iddiaçıya güzəşt etməsindən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5.825 manat məbləğində malların təqdim edilməsindən və məhkməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən borcundan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən cəmi 800 manat ödəniş edilməsindən ibarətdir.
24. İşin mübahisələndirilən halına isə həmin müqavilələr əsasında cavabdehin iddiaçıya borcunun mövcud olub-olmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
25. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Ş/2023/011 nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5.825 manat dəyərində mallar verilmiş, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün Paşa Bank ASC ilə hazırkı iş üzrə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və cavabdehə kredit verilmişdir. Bundan sonra 22 dekabr 2023-cü il və 18 mart 2024-cü il tarixlərdə bağlanmış Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilələrlə və 01 nömrəli Əlavələrlə "xxxx" ASC tərəfindən kredit müqavilələrinə əsasən cavabdehə olan ümumilikdə 11784.29 manat tələb hüququ iddiaçıya güzəşt edilmişdir.
26. İddiaçı tərəf məhkəməyə müraciət edərək müqavilələr üzrə cəmi 17 609,29 manat pulun cavabdeh tərəfindən ödənilmədiyini bildirmiş, daha sonra məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən həmin borcdan 800 manat ödəniş edildiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi cavabdehin iddiaçıya ödənilməmiş 16 809,29 manat (17 609,29 manat – 800 manat) borcu mövcuddur. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Qanunvericiliyin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.
27. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlarla, eyni zamanda iddiaçı tərəfin izahatı qarşılıqlı təhlil edildikdə təsdiqini tapır. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
28. Yekun olaraq Cavabdeh 16 809,29 manat əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
31. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
32. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
Vİİ. Məhkəmə məsrəfləri:
33. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 142.83 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia qismən təmin edildiyindən bu hissəyə münasibətdə ödənilməli olan 136.34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 16 809,29 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136.34 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mübariz Hüseynov