Məhkəmə qərarları › İş №e-2-2(117)-1579/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1579/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1579/2022 22.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “8882,12 manat borcun, ilkin mediasiya sessiyasında iştirakla əlaqədar ödənilmiş 100 manat pulun və 8,82 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh X2 qarşı “8882,12 manat borcun, ilkin mediasiya sessiyasında iştirakla əlaqədar ödənilmiş 100 manat pulun və 8,82 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. “X4” MMC ilə X3 arasında Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən 17 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli 07 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən 17 torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 2.4-cü bəndinin c yarımbəndinə əsasən, pambıq Müşfiq Hüseynov tərəfindən xx.xx.2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsulunu yığıb “X4” MMC-yə təhvil verməlidir. Həmin Müqavilələrin 2.4-cü bəndinin e yarımbəndinə əsasən Müşfiq Hüseynov MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəyir. Həmin Müqavilələrin 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 11232,80 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 8882,12 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 8882,12 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 2350,68 manat məbləğində xam-pambıq təhvil verilmiş, 8882,12 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçıMMC” hüquqi şəxs olaraq xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, digər kənd təsərrüfatı müəsissələrinin, həmçinin “X4” MMC-nin qoşularaq yenidən təşkil edilməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı, iddiaçı və cavabdehin ərizələri, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, “X4” MMC sonradan yenidən təşkil edilməsi nəticəsində hazırkı hüquqi şəxsə birləşdirindən hazırkı iddiaçının bu tələblə çıxış etmə hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə- MM) 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (MM maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “X4” MMC ilə X3 arasında Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən 17 ha torpaq sahələrinə dair xx.xx.2018-ci il tarixli 7 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olunur) Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən 17 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 11232,80 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, cavabdeh 2350,68 manat məbləğində xam pambıq təhvil vermiş və nəticədə 8882,12 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 11232,80 manat məbləğində avans alınmış, 2350,68 manat məbləğində xampambıq təhvil verilmiş, 8882,12 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-MPM) : Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə iş materiallarını keçirib hesab edir ki, iş və xidmətlərin görülməsi barədə aktlar və ödəniş qəbzləri cavabdehin borcunun mövcudluğunu təsdiqləyir. Odur ki, tələbi təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 108,82 manat olmalıdır ki, iddiaçı 100 manat mediasiya xərcini və 8 manat 82 qəpik dövlət rüsumunu ödədiyindən İddia tələbi təmin edildiyindən 108,82 manat məbləğində mediasiya xərci dövlət rüsumu ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 8882,12 manat borc, 100 manat mediasiya xərci və 8 manat 82 qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh X1 ödənilməmiş 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar