Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-158/2020 13.04.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdeh X1 TOO-ya qarşı “257000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh X1 TOO-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “257000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə elektron qaydada imzalanmış iddia ərizəsində İddiaçı ASC-nin ünvanı qeyd olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair mötəbər sübutları iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, pretenziya məktubunda onun xx.xx.2019-cu il tarixdə qəbul edilməsi barədə qeyd olsa da, həmin qeydin cavabdehin nümayəndəsi tərəfindən aparılması iş materialları ilə öz təsdiqini tapmır. Həmin qeyd ən azı cavabdeh müəssisənin möhürü ilə təsdiq edilməmişdir ki, pretenziya məktubunda olan qeydin cavabdeh müəssisənin buna səlahiyyəti olan əməkdaşı tərəfindən aparılmasını müəyyən etmək mümkün deyildir. Habelə, işdə olan xx.xx.2020-ci il tarixli qəbzə münasibətdə məhkəmə qeyd edir ki, qəbz oxunaqlı olmamaqla, poçt göndərişinin kimə çatdırılmasını müəyyən etmək mümkün deyildir. Həmin qəbzdə də poçt göndərişinin cavabdeh müəssisə tərəfindən alınmasını təsdiq edən sübut mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, pretenziya məktubu və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə çatdırılmamışdır. Bunlardan başqa, hazırki mübahisə üzrə iddia ərizəsi azərbaycan dilində tərtib edilsə də, iddianın hüquqi əsasını təşkil edən sənədlər rus dilində olmaqla notarial qaydada təsdiq edilmiş tərcüməsi məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilən sənədlər iddia ərizəsinin tərkib hissəsi olduğundan iddianın hüquqi əsasını təşkil edən sənədlərin Azərbaycan dilində məhkəməyə təqdim olunmaması iddianın formasına və məzmununa dair tələblərə əməl olunmaması kimi qiymətləndirilir. MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilməməsi isə iddia ərizəsinin geri qaytarılması üçün qanunvericlikdə nəzərdə tutulan əsaslardandır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdeh X1 TOO-ya qarşı “257000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-158/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-158/2020
13.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver