Məhkəmə qərarları › İş №e-2-2(117)-1584/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1584/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1584/2025 09.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.929,94 manat borcun, iddiaçı tərəfindən iddia üzrə məhkəməyə ödənilən 99,29 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“iddiaçı”) ilə Cavabdeh (“cavabdeh”) arasında xx.xx.2021-ci il tarixində, Q/14 nömrəli “yaş tütünün alqısatqısına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddələsinə əsasən cavabdeh istifadəsində olan 11 ha torpaq/əkin sahəsində (xx.xx.2022-ci il tarixli Əlavə 2 ilə edilmiş dəyişikliyə əsasən) iddiaçı tərəfindən ona verilən NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Bundan sonra, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixində bu müqaviləyə 1 nömrəli əlavə imzalanmış və belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq toxum, şitil, gübrə, dərman veriləcəkdir. Bunun əsasında İddiaçı tərəfindən cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 10.178,50 manat dəyərində olan mallar təqdim edilmiş və/və ya xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2022-ci il əkin mövsümü üçün ümumi 75.195,00 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 21.576,79 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 11.398,32 manat cavabdehə ödənilmiş, qalan 10.178,50 manat isə cavabdehin iddiaçıya olan borcundan silinmişdir (qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə). Lakin cavabdeh İddiaçı ilə bağladığı nəzərdə tutulan öhdəliklərinin icrası ilə əlaqədar "xxxx" ASC ilə kredit müqavilələri bağlamışdır. Belə ki, cavabdeh öz öhdəliklərini lazımınca, düzgün yerinə yetirə bilmədiyi üçün kredit müqavilələri ilə əldə etdiyi kredit məbləğini və ona uyğun hesablanan faiz məbləğlərinin əvəzini tam ödəyə bilməmişdir. Nəticədə, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixində, habelə xx.xx.2024-cü il tarixində “Tələbin güzəşti” müqavilələri imzalanmışdır. Belə ki, 22 dekabr 2023-cü il tarixli “Tələbin güzəşti” müqaviləsinin 1.1-ci maddəsinə əsasən tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Bununla da, müqavilənin 1 nömrəli əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 134,18 manat (yüz otuz dörd manat on səkkiz qəpik) (ödənilməmiş əsas məbləğ = 0,00 manat; ödənilməmiş faiz məbləği = 97,87 manat; dəbbə pulu = 36,31 manat, cəmi = 134,18 manat) tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Bununla yanaşı, 18 mart 2024-cü il tarixli “tələbin güzəşti” müqaviləsinin 1.1-ci maddəsinə uyğun olaraq tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Bununla da, müqavilənin 1 nömrəli əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 7.795,76 manat (ödənilməmiş əsas məbləğ = 7.469,44 manat; ödənilməmiş faiz məbləği = 198,72 manat; dəbbə pulu = 127,60 manat, cəmi = 7.795,76 manat) tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixli “Tələbin güzəşti” müqaviləsi çərçivəsində 134,18 manat borcu, xx.xx.2024-cü il tarixli “tələbin güzəşti” müqaviləsi çərçivəsində 7.795,76 manat borcu yaranmış, ümumilikdə 7.929,94 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır.

İİ. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir.

V. Məhkəmənin mövqeyi:

6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində, Q/14 nömrəli “yaş tütünün alqısatqısına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddələsinə əsasən cavabdeh istifadəsində olan 9.3 ha torpaq sahəsində iddiaçı tərəfindən ona verilən NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürür.

7. Məhkəmə tərəflər arasında bağlanmış “yaş tütünün alqı-satqısına dair” müqavilənin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

8. İş materiallarında olan xx.xx.2021-ci il tarixində, Q/14 nömrəli “yaş tütünün alqısatqısına dair” müqaviləyə əsasən imzalanan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə verilən tütün əkilməsi üçün istifadə olunan məhsulların qiyməti ilə bağlı tərəflər razılığa gəlmişlər.

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli, xx.xx.2022-ci il tarixli ********** nömrəli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli ********** nömrəli, xx.xx.2022-ci il tarixli ********** nömrəli, xx.xx.2022-ci il tarixli ********** nömrəli, xx.xx.2022ci il tarixli ********** nömrəli, xx.xx.2022-ci il tarixli ********** nömrəli, xx.xx.2022-ci il tarixli ********** nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2021-ci il tarixli Q/14 nömrəli “yaş tütünün alqı-satqısına dair” müqaviləyə əsasən cavabdehə tütün əkilməsi üçün müxtəlif məhsullar (ştil, gübrə və s.) təhvil verilmişdir. Həmin aktlar cavabdeh və iddiaçı tərəfin nümayəndələri tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli K5020 saylı “maliyyələşdirmə barədə” ərizədən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən illik faiz dərəcəsi 4,5 % olmaqla, 12 ay müddətinə 15300 manat məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan iddiaçı “tələbi əldə edən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “tələbi güzəşt edən” "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqısatqısı) barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tələbi güzəşt edən siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqaviləyə 01 nömrəli əlavə olaraq imzalanan xx.xx.2023-cü il tarixli “barəsində tələb hüquqları güzəşt edilən kredit müqavilələri və onlara dair məlumat”dan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli K5020 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 134,18 manat borc (faiz borcu 97,87 manat, dəbbə pulu 36,31 manat) "xxxx" ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir.

13. İş materiallarında olan iddiaçı “tələbi əldə edən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “tələbi güzəşt edən” "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqısatqısı) barədə” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən tələbi güzəşt edən siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqaviləyə 01 nömrəli əlavə olaraq imzalanan xx.xx.2024-cü il tarixli “barəsində tələb hüquqları güzəşt edilən kredit müqavilələri və onlara dair məlumat”-dan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli K6006 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 7795,76 manat borc (əsas borcu 7469,44 manat, faiz borcu 198,72 manat və dəbbə pulu 127,60 manat) "xxxx" ASC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqavilələrindən irəli gəlir. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, ilk öncə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan kredit müqavilləri ilə cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn cəmi 7929,94 manat kreditor öhdəliyi yaranmışdır. Bundan sonra "xxxx" ASC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında tələbin güzəşti barədə müqavilələr bağlanmış və Cavabdeh "xxxx" ASC qarşısında olan öhdəlikləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. Nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi yaranmış və bu öhdəliyi icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqavilələr üzrə 7929,94 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

17. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 99,29 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

19. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli “tələbin güzəşti (alqı-satqısı) barədə” müqavilə üzrə 7929,94 manat borc və 99,29 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar