Məhkəmə qərarları › İş №e-2-2(117)-1594/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1594/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1594/2025 15.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, EBCİ645953 saylı, xx.xx.2023-cü il tarixli EBDW474945 saylı e-qaimələr üzrə əsas borc 162813,56 manat, ƏDV 29306,44 manat, cəmi 192120.00 manat borcun, 145930.80 manat cərimənin, 630 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, LS09102020 saylı tibbi avadanlıqların alqı-satqısına dair 10 il müddətinə müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə üzrə öhdəliklər tam olaraq tərəflərindən yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən alınan malların dəyəri tam ödənilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, EBCİ645953 saylı e-qaimə-faktura ilə 116236,06 manat əsas, 20922,5 manat ƏDV daxil olmaqla cəmi 137158.55 manatlıq tibbi avadanlıq verilmiş, e-qaimə üzrə 14 noyabr 2022-ci il tarixdə 45000,00 manat əsas borcdan, 8100.00 manat ƏDV olaraq, cəmi 53100.00 manat ödənilmiş, 71236.06 manat əsas, 12822.49 manat ƏDV olaraq, cəmi 84058.55 manat borc qalmış, ondan da 2 il (720 gün) yubadıldıqdan sonra 04 noyabr 2024-cü il tarixdə 42422.50 manat əsas, 7636.05 manat ƏDV, cəmi 50058.55 manat ödənilmiş, 28813.56 manat əsas, 5186.44 manat ƏDV, cəmi 34000.00 manat borc qalmışdır. Bundan başqa eyni müqavilə üzrə, 31 dekabr 2023cü il tarixdə, EBDW474945 saylı e-qaimə-faktura ilə 134000.00 manat əsas, 24120.00 manat ƏDV daxil olmaqla,cəmi 158120.00 manat dəyərində tibbi avadanlıqlar verilmiş, qeyd edilən məbləğ də cavabdeh tərəfindən ödənilməmişdir. xx.xx.2020-ci il tarixli, LS09102020 saylı müqavilənin 5.2-ci bəndinə əsasən alınan malların dəyərinin təhvil verildikdən sonra 3 gün müddətində ödənilməsi nəzərdə tutulsa da, yuxarıda qeyd olunan qaimələr üzrə ödəmələr aparılmamış, cəmiyyət ciddi maliyyə çatışmazlığı ilə üzləşmişdir. xx.xx.2020-ci il tarixli, LS09102020 saylı müqavilənin 2.3.-cü bəndində yazılıb ki, "alıcı" bu müqavilə üzrə alınan malın dəyərini razılaşmaya əsasən 3 gün ərzində "satıcı”nın bank hesabına köçürmə yolu ilə ödəməlidir. Təhvil verilmiş malın (işin) dəyəri razılaşdırılmış qaydada ödənilmədikdə, gecikən hər gün üçün ödənilməli olan məbləğin 0,1%-i miqdarında cərimə tətbiq olunacaq. Ona görə də, cavabdehdən (xx.xx.2025-ci il tarixə) xx.xx.2022-ci il tarixli, EBCİ645953 saylı-qaimə-faktura üzrə xx.xx.2024-cü il tarixdə ödənilmiş 42422.50 manat (ƏDV daxil deyil) əsas borcla əlaqədar müqaviləyə əsasən 0.1% cərimə hesablanmaqla (730 gün x 0.1% x 42422.50 man.) 52002,32 manat, eyni qaydada bu günədək, həmin e-qaimə üzrə ödənilməmiş 28813.56 manat məbləğə də 330 gün gecikdirməyə görə, 0.1% hesabı ilə (330 gün x 0.1% x 28813.56 man.) 9508.47 manat, bu qaimə üzrə cəmi 61510,80 manat cərimə cavabdehdən məhkəmə qaydasında tələb olunmalıdır. Eyni zamanda, cavabdehdən xx.xx.2023-cü il tarixli, EBDW474945 saylı eqaimə-faktura üzrə 134000.00 manat əsas borcun 630 gün (xx.xx.2025-ci il tarixə qədər) yubadılması ilə əlaqədar müqaviləyə əsasən 0.1% cərimə hesablanmaqla (630 gün x 0.1% x 134000.00 man.) 84420.00 manat cərimə, cəmi 134000.00 manat əsas borc və 84420,00 manat cərimə cavabdehdən məhkəmə qaydasında tələb olunmalıdır. 22 yanvar 2024-cü il tarixdə qeyd edilən qaimələr üzrə borcun təsdiqi ilə əlaqədar cavabdehlə “üzləşmə akt”ı tərtib edilmiş, müxtəlif vaxtlarda yalan vədlər verilməklə borcun ödəniləcəyi bildirilsə də, lakin heç bir ödəmə aparılmamışdır. Beləliklə, qeyd edilən eqaimələr üzrə əsas borc 162813,56 manat, ƏDV 29306,44 manat, cərimə (xx.xx.2025-ci il tarixədək hesablanaraq tətbiq edilmişdir) 145930,80 manat olmuşdur. Cavabdeh tərəfindən müqavilədə göstərilən müddətdə öhtəliklərinin yerinə yetirməməsi iddiaçını ciddi maliyyə çətinlərinə salmış, İddiaçı öz müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün, 14BKX/22 saylı xx.xx.2022-ci il tarixli, 86BKQ/22 saylı xx.xx.2022-ci il tarixli, 41BKƏ/23 saylı xx.xx.2023-cü il tarixli, 16BKX/23 saylı xx.xx.2023-cü il tarixli, 27BKX/24 saylı xx.xx.2024ci il tarixli kredit müqavilələrinə əsasən "xxxx"ASC-dən 15 faiz hesabı ilə həmçinin xx.xx.2024-cü il tarixli, COCS3777520B108 saylı kredit müqaviləsi əsasında Kapitalbank ASC-dən 16 faiz hesabı ilə kredit götürmüş, həmin müqavilələr üzrə 120000.00 manatdan yuxarı faiz ödənilmiş, bu günə banka olan kredit öhtəliyi 280000.00 manatdır. Cəmiyyət borclarını ödəmə qabiliyyətini itirdiyinə görə, bank tərəfindən hər yubadılan gün üçün iddiaçıya cərimə hesablanmağa başlanmış, 6000 manat əlavə cərimə hesablanmışdır. İddiaçı MMC cavabdehin öhdəliyini vaxtında icra etməməsinə görə iflas vəziyyətindədir. Məhkəmə tərəfindən cərimənin tam şəkildə təmin olunması, iddiaçının düşdüyü vəziyyətdən çıxmasına şərait yaradacaqdır. Bundan başqa, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı cavabdehə mübahisənin danışıq yolu ilə həll edilməsi məqsədilə pretenziya verilmiş, lakin heç bir cavab verilmədiyindən, 13 mart 2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi göndərilmiş, iş üzrə 3 dəfə hazırlıq iclası təyin edilmiş olsa da, cavabdeh iştirak etməmişdir. İş məhkəmə baxışına təyin olunduqdan sonra cavabdeh məhkəmədən kənar “barışıq müqaviləsi” təklifi verilmiş,16 iyun 2025-ci il tarixdə “barışıq müqaviləsi” bağlanmaqla, iddiaçı işin baxılmamış saxlanılması barədə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-486/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Barışıq müqaviləsində son ödəmə müddəti 01 sentyabr 2025-ci il tarix göstərilmiş olsa da, cavabdeh müqavilə öhdəliyini “bu gün, sabaha salaraq” icra etməkdən yayınmışdır. Müqavilənin 2.2-ci bəntində yazılıb ki, Cavabdeh MMC öhdəliklərini bu müqavlənin 2.1.-ci bəndində göstərilən müddətdə icra etməzsə, pretenziya qaydasında (mübahisənin danışıqlar yolu ilə həll olunması qaydasına əməl etmədən) ona müraciət olunmadan, ödənilməmiş borc öhdəliyinin miqdarından asılı olmayaraq cərimə tətbiq edilməklə, Şəki Kommersiya Məhkəməsində təkrar iddia qaldırmaq hüququnu özündə saxlayır. 3.2.-ci bəndində isə yazılıb ki, müqavilənin 3.1.-ci bəndində göstərilən müddətlərdə eqaimələr üzrə ödəmələri tamamlamazsa (qalan borcun miqdarından asılı olmayaraq), "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli, LS09102020 saylı müqavilədə nəzərdə tutulan qaydada cərimə hesablanmasına hər hansı bir etirazı olmayacaqdır. Ona görə də, məhkəmə qaydasında Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, EBCİ645953 saylı, xx.xx.2023-cü il tarixli EBDW474945 saylı eqaimələr üzrə əsas borc 162813.56 manat, ƏDV 29306.44 manat, cəmi 192120.00 manat borc, 145930.80 manat cərimə olmaqla, tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi tələb edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli LS09102020 nömrəli “alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh MMC) onun sifarişi əssında müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilən adı, miqdarı, ölçü vahidi ,qiyməti və digər zəruri xususiyyətləri uyğun vəziyyətdə olan tibbi avadanlıqları satır, alıcı isə həmin malı qəbul edir və bunnu müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə alınan malın dəyərini razılaşdırmaya əsasən 3 gün ərzində satıcının bank hesabına köçürmə yolu ilə Azərbaycan manatı ilə ödəyir. Alıcı malın dəyərini əlavədə göstərilən ödəniş şərtlərinə uyğun olaraq satıcıya ödəməlidir. Təhvil verilmiş malın dəyəri razılaşdırılmış qaydada ödənmədikdə, gecikən hər gün üçün ödənilməli olan məbləğin 0,1 % miqdarında cərimə tətbiq olunacaqdır. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2020-ci il tarixli LS09102020 nömrəli “alqı-satqı müqaviləsi”nə 1 nömrəli razılaşdırma protokolundan görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmalı olan ümumi 80681,50 ABŞ dolları dəyərində malların qiyməti barədə tərəflər razılığa gəlmişlər. Həmin malların adları və hər birinin qiyməti protokolda öz əksini tapmışdır. Həmin protokol iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.

8. İddiaçı istifadəyə verilmə aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə satılan mallar (tibbi avadanlıqlar) cavabdeh şirkətə təhvil verilmişdir. Aktda təhvil verilən avadanlıqların adları və modelləri öz əksini tapmışdır.

9. İddiaçı xx.xx.2024-cü il tarixə olan üzləşmə aktına əsasən cavabdehin iddiaçıya müqavilə üzrə cəmi 242178,55 manat (205236,06 manat əsas, 36942,49 manat ƏDV) borcunun olması öz əksini tapmışdır. Həmin akt iddiaçı və cavabdeh şirkətin möhürləri, nümayəndələrinin imzaları ilə ilə təsdiq edilmişdir.

10. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 474945 nömrəli xx.xx.2023-cü il tarixli, 645953 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələrdə iddiaçı tərəfindən cavabdehə verilən malların adı və qiyməti öz əksini tapmışdır.

11. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli LS09102020 nömrəli “alqı-satqı müqaviləsi” üzrə 145930,8 manat cərimə borcunun olması qeyd edilmişdir.

V. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.https://eqanun.az/framework/46837 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

VI. Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş malları (tibbi avadanlıqlar) cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan təhviltəslim aktında və digər sənədlərlər öz təsdiqini tapmışdır. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və ödənilməmiş 162813,56 manat məbləğində əsas, 29306,44 manat ƏDV borcu qalmışdır. Bu hal isə iş materiallarında olan üzləşmə aktı, digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

17. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, xx.xx.2020-ci il tarixli LS09102020 nömrəli alqı-satqı müqaviləsinə əsasən 162813,56 manat məbləğində əsas, 29306,44 manat ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 2.3-cü bəndindən irəli gəlir. Belə ki, 2.3-cü bəndinə əsasən təhvil verilmiş malın dəyəri razılaşdırılmış qaydada ödənmədikdə, gecikən hər gün üçün ödənilməli olan məbləğin 0,1 % miqdarında cərimə tətbiq olunacaqdır.

19. Məhkəmə hesab edir ki, iddia 145930,8 manat cərimə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən xx.xx.2023-cü il tarixli S152/23 nömrəli “təchizat müqaviləsi”nə əsasən 8140,67 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

20. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 490,26 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

21. Beləliklə, qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabeh Cavabdehndən 162813,56 manat məbləğində əsas borc, 29306,44 manat ƏDV üzrə pul və 8140,67 manat cərimə borcu olmaqla cəmi 200260,67 manat məbləğdə pul vəsaiti və ödənilmiş 490,26 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabeh Cavabdehndən 162813,56 manat məbləğində əsas borc, 29306,44 manat ƏDV-nə görə pul və 8140,67 manat cərimə borcu olmaqla cəmi 200260,67 manat məbləğdə pul vəsaiti və ödənilmiş 490,26 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar