Məhkəmə qərarları › İş №e-2-2(117)-1595/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1595/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1595/2024 25.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 1.199.198,36 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01/2019 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya gübrə və pestisid (bundan sonra “Mal”) satmağı, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, tərkibi, rəngi, qiyməti, digər əlamətləri və xarakterik xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə razılaşma ilə müəyyən olunur. 2.4.2-ci bəndinə əsasən, alıcı (elektron qaimə-faktura aldıqdan sonra) malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. 7.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Hər iki tərəfdən və ya bir tərəfdən müqavilə müddətinin bitməsinə 1 həftə qalmış müqaviləyə xitam verilməsi barədə xəbərdarlıq olmasa, müqavilə tərəflər arasında yenidən həmin müddətə bağlanmış sayılır. xx.xx.2019-cu il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən İddiaçı MMC (satıcı) Cavabdeh MMC-yə (alıcı) Kristalon Plus 20-20-20, Kristalon 13-40-13, Krista K Plus (potassium nitrate) 28342100, Krista Mgs (magnesium sulphate) 28332100, Krısta MKP (monopotassium phosphate) adlı, ümumi dəyəri 1.199.198,36 manat olan malları satmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından da göründüyü kimi, xx.xx.2019-cu il tarixli 01/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə gübrə və pestisid satışından 1.199.198,36 manat borcu qalmışdır, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki müəssisənin möhürü ilə təsdiq edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə dəyəri razılaşdırılmış malları alıcıya vermiş, buna dair üzləşmə aktını məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 1.199.198,36 manat əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli 01/2029 saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər ümumi məbləği 1.199.198,36 manat olan gübrə və pestisidin alqı-satqısı barədə razılığa gəliblər. Onlar həmin müqaviləyə əlavə edilmiş 1 saylı Əlavə ilə qiymətlərin razılaşdırılması protokolu tərtib etmiş və öz möhürləri ilə təsdiq etmişlər. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh pulu ödəməkdən yayınmağa cəhd göstərmişdir. Cavabdeh tərəf xx.xx.2023-cü il tarixli üzləşmə aktında 1.199.198,36 manat borcu olduğunu qəbul etmiş və qısa zamanda həmin borcu ödəyəcəyini bildirmişlər. Amma tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən və üzləşmə aktından uzun müddət keçsə də, cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Cavabdehin müqavilə şərtlərini birtərəfli qaydada pozmasının, müqavilə öhdəliklərini yerinə yetirməməsinin İddiaçı MMC-nin hüquqlarını pozduğunu bildirmişdir. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə etdiklərini bildirmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “1.199.198,36 manat əsas borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01/2019 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı öhdəsinə götürdüyü malları alıcıya satmış olsa da, alıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilmiş gübrə və pestisid məhsullarınının dəyərini satıcıya ödəməmiş, bununla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ödənilməmiş 1.199.198,36 manat borcu qalmışdır ki, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki tərəfin möhürü əks olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə razılaşdırılmış malları cavabdehə satsa da, buna dair üzləşmə aktını məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 1.199.198,36 manat borcu qalmışdır ki, cavabdeh tərəf üzləşmə aktında həmin borcu etiraf etmişdir. Məhkəmə iclasılarının yeri və vaxtı barədə cavabdeh məlumatlı olsa da iddia tələbi ilə bağlı hər hansı bir münasibət bildirməmiş, borcdan ödəniş edib-etməməsi ilə bağlı məlumatları təqdim etməmişdir. Ona görə də məhkəmə tərəfindən işə baxılmasının təxirə salınması, məhkəmə ekspertizasının təyin edilməsi və digər araşdırma aparılmamışdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, 1.199.198,36 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, iddiaçı 1.199.198,36 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 1389.60 manat təşkil edir. İddiaçı MMC tərəfindən 1390 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə təqdim edərək bildirmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmur. Bu səbəbdən məhkəmə dövlət rüsumunu cavabdehdən tutmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat otuz altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar