Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-16/2022 11.01.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “11494,41 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında 01.04.2016-cı il tarixli 1100-GL/16 nömrəli müqavilə, 20.08.2018-ci il tarixli 1123-L/18 nömrəli müqavilə və 17.09.2018-ci il tarixli 1387-L/18 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, 01.04.2016-cı il tarixli 1100-GL/16 nömrəli müqavilə üzrə 800 manat əsas borc yaranmış və iddiaçı həmin borca 540,39 manat cərimə borcu hesablamış, 20.08.2018-ci il tarixli 1123-L/18 nömrəli müqavilə üzrə 6306 manat əsas borc yaranmış və iddiaçı həmin borca 1398,47 manat cərimə borcu, 17.09.2018-ci il tarixli 1387-L/18 nömrəli müqavilə üzrə 1834 manat əsas borc yaranmış və iddiaçı həmin borca 265,55 manat cərimə borcu hesablamışdır. İddiaçının nümayəndəsi 28.12.2021-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Cavabdeh gecikdirilmiş əsas borc üzrə öhdəliklərini ödəmişdir, lakin müqavilələr üzrə cərimə məbləğlərini və hüquqi xidmət haqqını ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdeh əsas borcları ödəmiş, cərimə borclarını və hüquqi xidmət haqqını ödəməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki ŞİH tərəfindən Bolludərə kənd sakinlərinə əkin işləri aparılması üçün icarəyə torpaq sahələri verilmişdir. Sonradan şirkət yaradılmış və həmin torpaq sahələri şirkətə verilmişdir. Pandemiya dövründə işləyə bilmədikləri üçün şirkətə borcları yaranmış, əvvəllər borcları ilə bağlı telefon vasitəsilə sms xəbərdarlıq gəlirdi. Lakin, hazırkı borcla bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Mediasiyadan məktub gəldiyi zaman əsas borcunu ödəmişdir. Cərimədən xəbəri olmayıb. Odur ki, cərimənin silinməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilələr, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında 01.04.2016-cı il tarixli 1100-GL/16 nömrəli müqavilə, 20.08.2018-ci il tarixli 1123-L/18 nömrəli müqavilə və 17.09.2018-ci il tarixli 1387-L/18 nömrəli müqavilə bağlanmışdır. İddiaçının nümayəndəsi 28.12.2021-ci il tarixdə məhkəməyə məktubundan və məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, cavabdeh tərəfindən əsas borc ödənilmişdir. İddia tələbinin müqavilələr üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcu barədə SMS xəbərdarlıq almadığına görə müqavilələr üzrə əsas borcu ödəməmiş, bu barədə məlumat əldə etdikdən dərhal sonra əsas borcu tamamilə ödəmişdir. Odur ki, Cavabdeh 01.04.2016-cı il tarixli 1100-GL/16 nömrəli müqavilə üzrə 27 manat, 20.08.2018-ci il tarixli 1123-L/18 nömrəli müqavilə üzrə 70 manat, 17.09.2018-ci il tarixli 1387-L/18 nömrəli müqavilə üzrə 13 manat, ümumilikdə 110 (bir yüz on) manat cərimə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 124,50 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Bundan əlavə iddiaçı hüquqi xidmətlərə görə 350 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etmə sayını, iddia tələbinin hazırlanıb məhkəməyə təqdim etməsinı, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 80 manat həddində tutulmasını ağlabatan hesab edir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh üç ədəd lizinq müqaviləsi üzrə ümumilikdə 110 (bir yüz on) manat cərimə və 80 manat məbləğində hüquqi xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 124,50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-16/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-16/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver