Məhkəmə qərarları › İş №e-2-2(117)-160/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-160/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-160/2023 15.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “17582 manat əsas borc, 400 manat cərimə və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17582 manat əsas borc, 400 manat cərimə və 200 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 1.2-ci bəndinə əsasən, “Alıcı”ya satılan malların xüsusiyyətləri tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 1-də öz əksini tapır. 1.3-cü bəndinə əsasən, Satılan mallar Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı əsasında təhvil verilir və alınır. 2.2.4-cü bəndinə əsasən, satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini 22 ay ərzində bu Müqavilənin tərkib hissəsi olan Əlavə 1 əsasında “Satıcı”ya ödəyir. 5.2-ci bəndinə əsasən, “Alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. 5.3-cü bənində əsasən Alıcı hər hansı bir səbəb müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri həyata keçirməzsə, Satıcı Əlavə 1-də göstərilən Mali Alıcıdan qeyd-şərtsiz götürmək səlahiyyətinə malikdir. Alıcı qəbul edir ki, bu zaman onun ilkin ödənişi və əmlakın Alıcının istifadəsində qaldığı müddətdə Əlavə 1 üzrə aylıq ödənişləri əmlakın istifadə köhnəlmə xərci kimi sayılaraq alınır və geri qaytarılmır. Yəni malın alıcının istifadəsində olduğu müddət üzrə nəzərdə tutulmuş ödənilmiş və ödənilməmiş qalıq ödənişlər, o cümlədən malın alınması üçün ödənilmiş ilkin ödəniş müştəridən alınır və geri qaytarılmır. Qeyd edilən halın baş verməsi əsasından biri kimi Alıcının Əlavə 1 üzrə nəzərdə tutulan ödənişləri ödəniş tarixindən 30 gündən artıq gecikdirmə haldır. Müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşması və ödəmə şərtlərinə dair protokoldan görünür ki, cavabdeh tərəfindən 8000 manat məbləğində ödəniş edilmişdir. Malın dəyəri 36000 manat təşkil edir. Cavabdeh 22 ay müddətində aylıq 1239 manat olmaqla 24000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa protokola əsasən alıcı aylıq ödənişi 2 aydan çox müddətə gecikdirdiyi təqdirdə gecikdirilən hər gün üçün qalıq ödənişin 2%-i məbləğində dəbbə pulu ödəməlidir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 25 manat məbləğində Maşınka KEMEİ, 140 manat məbləğində Lupa Led, 80 manat Kosmetoloji Stul, 200 manat məbləğində Kuşetka, 1,80 manat məbləğində X3, 36000 manat məbləğində ADSS WERTEX1200 (FG2000D+), 15 manat məbləğində distillə su, 50 manat məbləğində qayçı 6116/4.5, 650 manat məbləğində G5 Vibration Machine, 250 manat məbləğində tənzimləyicinin (7,5 KV)razılaşdırılmış sayda və qiymətlərlə, vaxtında və istənilən keyfiyyətdə təhvil-təslimi həyata keçirilmiş və hər iki tərəf bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə müqavilə üzrə Cavabdeh İddiaçı MMCyə 17582 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, 36000 manat məbləğində avadanlıq cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 17582 manat əsas borcu yaranmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq özlərinin və nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin xahişi ilə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası cavabdehin səhhətindəki problemlərlə əlaqədar təxirə salınmış, ancaq cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında da özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş, şifahi qaydada (telefon vasitəsi ilə) məhkəməyə məlumat verərək bildirmişdir ki, səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəkdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli müqavilə, elektron qaimələr, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568-ci maddələri) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında alqı-satqısı ilə bağlı münasibətlər yaranmış və müqavilə bağlanmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, “Alıcı”ya satılan malların xüsusiyyətləri tərəflər arasında əvvəlcədən razılaşdırılmış Əlavə 1-də öz əksini tapır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, Satılan mallar Tərəflər arasında imzalanmış Təhvil-Təslim Aktı əsasında təhvil verilir və alınır. Həmin Müqavilənin 2.2.4-cü bəndinə əsasən, satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini 22 ay ərzində bu Müqavilənin tərkib hissəsi olan Əlavə 1 əsasında “Satıcı”ya ödəyir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktları üzrə 36000 manat məbləğində mallar cavabdeh tərəfindən təhvil alınmış və bu tərəflərin imzaları ilə öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə 17582 manat ödənilməmiş borcu qalmışdır. Bundan əlavə tərəflər arasında müqavilənin 5.3-cü bəndində nəzərdə tutulmuşdur ki, Alıcı ödənişləri 30 gündən artıq müddətdə gecikdirdiyi halda Satıcının həmin Malı Alıcıdan geri qaytarılmasını, ödənilməmiş vəsaiti də geri tələb etmək hüququ yaranır. Odur ki, həmin müddətdə borc məbləği ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “400 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2.2-ci bəndinə əsasən, “Alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini, borc üzrə cərimənin yaranmasına səbəb iddiaçınn hazırkı vaxta kimi məhkəməyə müracət etməməsini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 40 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 17582 manat məbləğində əsas borcun, 40 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehə etirazının əsaslarını sübut etmək vəzifələrini, həmçinin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün tələblər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 200 manat məbləğində mediasiya xərci ödədiyindən və iddia əsas borca münasibətdə tam təmin edildiyindən, həmin mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 143,95 manat ödənilməmiş dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17582 (on yeddi min beş yüz səksən iki) manat məbləğində əsas borc, 40 (qırx) manat cərimə və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 143,95 (bir yüz qırx üç manat doxsan beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar