Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1604/2022 23.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “11540 manat məbləğində əsas borcun, 210 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “11540 manat məbləğində əsas borcun, 210 manat pul vəsaitinin cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi şəxsin 2021-ci il tarixli nizamnaməsinə əsasən Veysəloğlu” MMC "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin hüquqi varisidir. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1288 nömrəli müqaviləyə əsasən, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcının malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən x gündən artıq ola bilməz. Ödəniş aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödənilməlidir. Müqavilənin 4.5-ci bəndinə əsasən alıcı satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,05%-i miqdarında cərimə ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə etibarlıdır. İş materiallarında olan malların 08, 09 və 10 fevral 2021-ci il tarixli 738063, 734810 və 734804 nömrəli təhvil-təslim aktları üzrə 18600 manat məbləğində malların Cavabdeh MMC tərəfindən təhvil alınmış və bu tərəflərin imzaları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 18 599,99 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2022-ci il tarxili maliyyə arayışına görə müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 15102,44 manat ödənilməmiş borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq özlərinin və nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia ərizələrini tam müdafiə etdiklərini, bütün mötəbər sübutların iş materialllarında olduğunu qeyd etmiş və işə iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2019-cu il tarixli 1288 nömrəli müqavilə, elektron qaimələr, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568-ci maddələri) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında alqı-satqısı ilə bağlı münasibətlər yaranmış və müqavilə bağlanmışdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1288 nömrəli müqaviləyə əsasən, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcının malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 08, 09 və 10 fevral 2021-ci il tarixli 738063, 734810 və 734804 nömrəli təhvil-təslim aktları üzrə 18600 manat məbləğində mallar Cavabdeh MMC tərəfindən təhvil alınmış və bu tərəflərin imzaları ilə öz təsdiqini tapmışdır. Elektron qaimələrlə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 18 599,99 manat məbləğində mal təhvil verilmişdir. xx.xx.2022-ci il tarxili maliyyə arayışına görə müqavilə üzrə Cavabdeh MMCnin İddiaçı MMC-yə 15102,44 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, həmin müddətdə borc məbləği ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin Elektron Məhkəmə İnformasiya sistemində mövcud elektron kabinetinə bütün məlumatlar, o cümlədən məhkəmə iclasları barədə məlumatlar yerləşdirilmiş, lakin nümayəndəsi məhkəmədə iştirak etməmiş, iddiaya hər hansı bir etirazını və ya münasibətini təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehə etirazının əsaslarını sübut etmək vəzifələrini, həmçinin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün tələblər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 200 manat məbləğində mediasiya xərci ödədiyindən (əlavə ödənilmiş 10 manat qanunvericilikdə nəzərdə tutulmamışdır) və iddia tələbi təmin edildiyindən, həmin mediasiya xərci və 135,31 manat ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 15102,44 (on beş min yüz iki manat qırx dörd qəpik) manat məbləğində əsas borc və 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh MMC-dən 135,31 (yüz otuz beş manat otuz bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1604/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1604/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver