Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1610/2024 13.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 7495.59 manat əsas və 95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 7495.59 manat əsas və 95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 97 nömrəli alqı-satqı barədə müqavilə bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıya olan 7495.59 manat borcunu indiyədək ödəməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə 97 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müqavilədə göstərilmiş həcmdə və qiymətdə malları satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinin 2-ci hissəsinə əsasən ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Müqavilənin 3.1-ci bəndinin 3-cü hissəsinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı məhsulun dəyərini Malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Müqavilənin 7.1.1-ci bəndinə əsasən satıcıdan malı bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ona təhvil verilməsini tələb etmək alıcının hüququdur. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək qüvvədədir. Malların adları və qiymətləri müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli, 6 nömrəli, 7 nömrəli, 8 nömrəli Əlavələrdə qeyd olunmuşdur. İş materialları kimi təqdim olunmuş müqaviləyə əlavələrdən də görünür ki, satıcı tərəfindən alıcıya veriləcək malların qiyməti tərəflərin imzaları ilə təsdiq edilərək razılaşdırılmışdır. İşə əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, alıcının satıcıya xx.xx.2021-ci il tarixinə 7511 manat məbləğində ödənilməmiş borcu var. Həmin akt Cavabdeh imzası, iddiaçının nümayəndələrinin imzaları və möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda satıcı malların təqdim edilməsinin sübutu olaraq xx.xx.2021-ci il tarixli 887503 nömrəli, xx.xx.2021-ci il tarixli 236092 nömrəli, xx.xx.2021-ci il tarixli 068084 nömrəli, xx.xx.2021-ci il tarixli 278181 nömrəli, xx.xx.2021-ci il tarixli 924096 nömrəli, xx.xx.2021-ci il tarixli 050125 nömrəli, xx.xx.2022-ci il tarixli 437766 nömrəli, xx.xx.2022-ci il tarixli 620779 nömrəli, xx.xx.2022-ci il tarixli 647435 nömrəli, xx.xx.2022-ci il tarixli 160251 nömrəli, xx.xx.2023-cü il tarixli 720253 nömrəli, xx.xx.2023-cü il tarixli 928258 nömrəli, xx.xx.2023-cü il tarixli 703724 nömrəli elektron qaimələri məhkəməyə təqdim etmiş və həmin elekton qaimələrlə ümumilikdə 49609.62 manat dəyərində mal cavabdehə təqdim edilmişdir. İddiaçının tələbindən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 7495.59 manat borcu qalmışdır. İşdə olan iddiaçı hüquqi şəxsin nizamnaməsinə dəyişiklik edilməsi barədə sənəddən və 12 saylı Ərazi vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********470500 nömrəli çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC-nin adı dəyişdirilərək Qafqazsement” MMC adlandırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh iddia ərizəsinin məhkəməyə göndərilməsindən sonra borcundan 2500 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin 4995.59 manat əsas borcu və 95 manat dövlət rüsumu qalmışdır. Məhkəmədən müraciətinin nəzərə alınmasını xahiş etmmişdir. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ümumilikdə 3 ədəd 2500 manat məbləğində ödəniş qəbzləri təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Cavabdeh ünvanı üzrə çatdırılmasına baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, üzləşmə aktı, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə 97 nömrəli alqı-satqı barədə müqavilə bağlanmışdır. İddiaçı tərəf müqavilə üzrə öhdəliklərinə əməl etsə də, cavabdeh aldığı malların dəyərini ödəməmiş və onun ödənilməmiş 4995.59 manat (74xx.xx-2500=4995.59) borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Üzləşmə aktından da görünür ki, alıcının satıcıya xx.xx.2021-ci il tarixinə 7511 manat məbləğində ödənilməmiş borcu var. Həmin akt Cavabdeh imzası, iddiaçının nümayəndələrinin imzaları və möhürü ilə təsdiqlənmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ödəniş qəbzlərindən də göründüyü kimi cavabdeh tərəfindən iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən sonra ümumilikdə 2500 manat məbləğində ödəniş edilmiş və onun hazırkı dövrə 4995.59 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəf məhkəmə sənədlərini qəbul etsə də, iddia tələbinə hər hansı etiraz və ya digər formada münasibət bildirməmiş, borcun mövcudluğunu təkzib etməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 4995.59 manat borcu yaranmışdır ki, iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4995.59 manat borc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği 94.96 manat təşkil edir. İddiaçı tərəfindən 95 manat məbləğində dövlət rüsumu ödənilsə və tələb edilsə də, göründüyü kimi 0.04 manat məbləğində rüsum artıq ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən 63.29 manat məbləğində dövlət rüsumu cavabdehdən, 31.67 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən dövlət rüsumu dövlət büdcəsinə tam şəkildə ödənildiyindən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilməli olan 63.29 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4995.59 manat borc pul və 63.29 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov