Məhkəmə qərarları › İş №e-2-2(117)-1611/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1611/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1611/2024 26.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “cavabdehdən 7238 manat məbləğində pul vəsaitinin, hesablanmış 2762 manat cərimə məbləğinin və ödənilmiş 120 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən çörək-bulka məmulatlarının sifarişi əsasında cavabdehə göndərilməsi (satılması) şərtləndirilmişdir. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 7238 manat təşkil edən çörək-bulka məmulatı satılmışdır. Lakin cavabdeh aldığı çörək-bulka məmulatlarının dəyərinin ödənilməsini təmin etməmiş və onun iddiaçıya 7238 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə pretenziya məktubu ilə müraciət olunaraq ödənilməmiş 7238 manat məbləğində pul vəsaitinin 10 gün müdətində ödənilməsi, əks təqdirdə isə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı və ödənişin gecikdirildiyinə görə cərimə məbləğinin hesablanacağı barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh həmin müqavilə üzrə öz öhdəliyini icra etməyərək 7238 məbləğində pul vəsaitinin ödənilməsini təmin etməmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 5.1 bəndinə əsasən ödənişin gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0.2 faiz həcmində Sifarişçi İcraçıya cərimə ödəməlidir. Tərəfimizdən yalnız 191 gün üçün (gecikdirilən günlərin sayı 510 gündür) 2762 manat cərimə məbləği hesablanmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli N=10/03/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən mal göndərən bu müqavilə qüvvədə olan müddət ərzində alıcıya onun şifahi və ya yazılı sifarişi əsasında çörək-bulka məmulatlarını vaxtlıvaxtında göndərməyi, alıcı isə öz növbəsində həmin məmulatları müəyyən edilmiş vaxtda qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinin tələbinə görə “Mal göndərən” tərəfindən “Alıcı”nın məntəqəsinə çörəkbulka məmulatlarının buraxılışı vaxtı və miqdarı “Alıcı”nın gündəlik sifarişi əsasında həyata keçirilir. 2.4-cü bəndinin tələbinə görə çörək-bulka məmulatları yüklənərkən müvafiq təhvilqəbul aktı ilə, yaxud qaimə rəsmiləşdirilir. 3.1-ci bəndinin tələbinə görə çörək-bulka məmulatlarının qiyməti hər dəfə qaimələrdə göstərilir. 4.1-ci bəndinin tələbinə görə çörək-bulka məmulatlarının dəyəri “Alıcı” tərəfindən nəğd yolla “Mal göndərən”in mərkəzi kassasına və yaxud bank hesabına köçürülür. 4.2-ci bəndinin tələbinə görə ödəmə müddəti mal qəbul olunduqdan sonra 3 gün müddətində olmalıdır. 4.3-cü bəndinin tələbinə görə “Alıcı” çörək-bulka məmulatlarının daşınması və dəyərinin ödənilməsi barədə “Mal göndərən”lə mütəmadi olaraq ayda bir dəfə qarşılıqlı üzləşmə aktı tərtib edə bilər. 5.1-ci bəndinin tələbinə görə müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə göstərilmiş məmulatlarının dəyəri ödənilmədikdə “Alıcı” “Mal göndərən”ə ödənişin gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 0.2%-i həcmində cərimə ödəyir. 8.1-ci bəndinin tələbinə görə müqavilənin müddəti xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh göndərilən çörək məhsulunun dəyəri və onun ödənişi barədə üzləşmə aparılmış və nəticədə xx.xx.2023-cü il tarixə Cavabdeh İddiaçı ASC-yə borc məbləğinin 7238 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Həmin aktın doğruluğu İddiaçı ASC-nin möhürü, nümayəndəsi Samirə Süleymanovanın və digər tərəf Cavabdeh imzası ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 004217 nömrəli, xx.xx.2023-cü il tarixli 004218 nömrəli,xx.xx.2023-cü il tarixli 004219 nömrəli, xx.xx.2023-cü il tarixli 004220 nömrəli, xx.xx.2023-cü il tarixli 004221 nömrəli, xx.xx.2023-cü il tarixli 004222 nömrəli, xx.xx.2023-cü il tarixli 004223 nömrəli, xx.xx.2023-cü il tarixli 004224 nömrəli, xx.xx.2023-cü il tarixli 004225 nömrəli, xx.xx.2023-cü il tarixli 004226 nömrəli,xx.xx.2023cü il tarixli 004227 nömrəli, xx.xx.2023-cü il tarixli 004228 nömrəli ümumilikdə 12 ədəd malların təhvil-qəbul aktlarından göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh ümumi dəyəri 7238 manat olan məhsul təhvil verilmişdir. Malların təhvil-qəbul aktlarından göründüyü kimi məhsullar Cavabdeh tərəfindən imzalanaraq təhvil alınmışdır. İddiaçı tərəf öhdəliklərini yerinə yetirərək müqavilə üzrə müəyyənləşdirilən məhsulları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş 7238 manat borcu yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, qarşılıqlı üzləşmə aktı, malların təhvil-qəbul aktları, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən 7238 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli N=10/03/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən mal göndərən bu müqavilə qüvvədə olan müddət ərzində alıcıya onun şifahi və ya yazılı sifarişi əsasında çörək-bulka məmulatlarını vaxtlı-vaxtında göndərməyi, alıcı isə öz növbəsində həmin məmulatları müəyyən edilmiş vaxtda qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəlikləri yerinə yetirərək mallar cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş 7238 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun ödənilməmiş 7238 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktı və Malların təhvil-qəbul aktları ilə təsdiq olunur. Həmin qarşılıqlı üzləşmə aktından göründüyü kimi cavabdeh tərəf xx.xx.2023-cü il tarixinə 7238 manat məbləğində borcu olduğunu imzalayaraq təsdiqləmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş 12 ədəd malların təhvil-qəbul aktlarından da göründüyü kimi ümumilikdə 7238 manat məbləğində məhsul cavabdeh tərəfindən həmin aktlar imzalanaraq təhvil alınmışdır. Məhkəmə qeyd edilən üzləşmə aktına və malların təhvil-qəbul aktlarına münasibətdə qeyd edir ki, həmin sənədlərdə hər iki tərəfin imzası öz əksini tapmışdır. Bu səbəbdən adı çəkilən sənədlər məhkəmə tərəfindən birbaşa sübut qismində qiymətləndirilir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini ödəmədiyindən hazırda 7238 manat məbləğində borcu yaranmış və bu məbləğ iş materialları ilə də öz təsdiqini tapdığı üçün həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin “cavabdehdən hesablanmış 2762 manat cərimə məbləğinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən, müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə göstərilmiş məmulatlarının dəyəri ödənilmədikdə “Alıcı” “Mal göndərən”ə ödənişin gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 0.2%-i həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 360 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, nəhkəmə o qənaətə gəlir ki, cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının tələbi qismən əsaslı olduğundan cavabdehdən 7238 manat məbləğində əsas borc və 360 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 120 manat olmalıdır. İddia qismən təmin edildiyindən həmən məbləğin 28.82 manat hissəsi iddiaçıdan, 91.18 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən dövlət rüsumu tam şəkildə dövlət büdcəsinə ödənildiyindən məhkəmə hesab edir ki, 91.18 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7238 manat məbləğində borc, 360 manat məbləğində cərimə borcu və 91.18 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar