Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1613/2022 24.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “3089,07 manat əsas borcun, 55 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 849,49 manat penya və 60 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 196/17 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı “”xxxx” şirkəti müqaviləyə göstərilən malları alıcı Cavabdeh satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edərək malların dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirilmiş hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin ümddəti 30 gündən çox olduqda “Satıcı” öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 3089,07 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması aktı”ndan görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh iddiaçıya 3089,06 manat borcu vardır və bu akt iddiaçı tərəfin möhürü və hər iki tərəfin izması ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 4781,90 manat pul ödənilmiş, 3089,07 manat məbləğində isə borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehə göndərilmiş məhkəmə bildirişi “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişi çatdırılmaq üçün Oğuz rayon İcra Hakimiyyətinə göndərilmiş, həmin orqan məhkəməyə göndərdiyi məktubundan cavabdehin və onun ailə üzvlərinin qeydiyyatda olduqları ünvanda yaşamadıqlarından bildirişin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600-cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 196/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı müqaviləyə göstərilən malları alıcı Cavabdeh satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edərək malların dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 3089,07 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflərin imzaları və möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması aktı” və xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə də təsdiq edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, 3089,07 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin 849,49 manat penyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Alıcı” gecikdirilmiş hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin ümddəti 30 gündən çox olduğunu nəzərə alaraq “Satıcı” öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəmyə müraciət edə bilərdi. İddiaçı məhkəməyə vaxtında müraciət etməyərək dəbbə pulunun artmasına şərait yaratmışdır. Eyni zamanda, məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alıb iddia tələbinin cərimə hissəsində 85 manat məbləğin cavabdehdən tutulması nəticəsinə gəlir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 59,99 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 47,63 manat dövlət rüsumu cavabdehdən, 12,36 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən onun 47,63 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12,37 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 3089,07 manat əsas borc, 85 manat cərimə borcu və 47,63 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Ödənilməmiş 59,99 manat dövlət rüsumunun 47,63 manat hissəsi Cavabdeh, 12,36 manat hissəsi isə İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1613/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1613/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver