Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1623/2025 09.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 4310.93 manat məbləğində əsas borcun və 63.11 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 4374.04 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Socar İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Balakən rayonunda yerləşən X1 Kompleksi MMC (VÖEN: **********) müvafiq qaydada qazlaşdırılmaqla **********00040 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh X1 Kompleksi MMC-nin istifadəsindəki qeyri-yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00040 saylı saylı qaz hesabında 5325.43 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc qeyri yaşayış sahəsində istismarda olan G-250 markalı 75070798 nömrəli sayğacın 247969 m mexaniki və 484791 m elektron göstəricisi ilə yaranmışdır. Bildirir ki, bundan əvvəl də Şəki Kommersiya Məhkəməsi X1 Kompleksi MMC-dən 4584.25 manat əsas borcun və rüsum xərclərinin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli e-2-2(117)- 305/2024 saylı qətnamə çıxarmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə cavabdeh tərəfindən qismən ödəniş edilmiş və icra sənədi üzrə 1014.50 manat qalıq borc mövcuddur. Ona görə də hazırda cavabdehin qaz hesabında yaranmış 5325.43 manat borcun 1014.50 manat hissəsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan həmin icra sənədinin təsir dairəsinə düşməyən 4310.93 manat borcun tutulmasına dair yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. X1 Kompleksi MMC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. Bundan əlavə cavabdeh X1 Kompleksi MMC-yə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İİ. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Məhkəmənin mövqeyi:
6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli AMX-0382/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanılmışdır. Həmin müqavilə əsasında Cavabdeh MMC-yə məxsus olan Balakən rayonunda yerləşən qeyri-yaşayış sahəsinə qazın verilməsi barədə tərəflər razılığa gəlmişlər. Qeyd olunan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00040 nömrəli abonent kodu verilmişdir.
7. Məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
8. İddiaçı tərəfindən verilmiş Cavabdeh MMC-yə məxsus **********00040 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh MMC təbii qazdan istifadəyə görə 2025-ci ilin oktyabr ayına olan borcu 5325,43 manat təşkil edir.
9. İddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək onu təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi barədə xəbərdar etmişdir.
10. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh hüquqi şəxsi qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi qazın dəyərinin bir qismini ödəmiş, 4310,93 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
11. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2022-ci il tarixli AMX-0382/22 nömrəli müqavilə üzrə təbii qazdan istifadəyə görə yaranmış 4310,93 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
12. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 63,11 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
13. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Vİ. Nəticə:
14. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 4310,93 manat məbləğində borc və ödənilmiş 63,11 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İBnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Elnarə Hüseynova