Məhkəmə qərarları › İş №e-2-2(117)-1627/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1627/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1627/2024 04.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdeh fərdi sahibkar Cavabdeh 3248,99 manat əsas borc, 300 manat cərimə borcu, hüquqi yardım ilə əlaqədar ödənilmiş 500 manat və 61 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4109,99 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdeh fərdi sahibkar Cavabdeh 3248,99 manat əsas borc, 300 manat cərimə borcu, hüquqi yardım ilə əlaqədar ödənilmiş 500 manat və 61 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4109,99 manat pulun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli 106 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdeh üçün müxtəlif növ qida məhsullarını tədarük etməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini vaxtında icra etmiş, cavabdeh isə alınan mallara görə göndərilən e-qaimələr üzrə ödənişləri həyata keçirməmiş və həmin qalıq borc cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, 3248.99 manat borc məbləği yaranmışdır. Qeyd olunan borc məbləği tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ödənişləri gecikdirdiyi təqdirdə hər gecikdirilən günə görə 5% məbləğində cərimə ödəməlidir. İddiaçı bu hissədə cavabdehə güzəştə gedərək bu cərimənin cüzi bir hissəsini – 300 manatlıq hissəsini tələb edir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya göstərilən malları satır. “Alıcı” isə həmin malları qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə təqdim olunmuş qaiməyə əsasən bütün ödənişlər bank köçürməsi yolu ilə həyata keçirilərək qaimə təqdim edildiyi gündən 30 gün ərzində tam və ya 2 dəfəyə ödənilməlidir əks halda “Satıcı” satışı dayandırmaq hüququna malikdir. 2.2-ci bəndinə əsasən, ödənişlə bağlı gecikmə olarsa “Alıcı” “Satıcı”ya hər gecikən günə görə malın ümumi dəyərinin 5%-i miqdarında cərimə ödəməlidir. 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Üzləşmə aktından müəyyən olunur ki, borclunun nəzərdə tutulan tarixə İddiaçı MMC-yə ümumilikdə ƏDV daxil 3248.99 manat borcu mövcuddur. Həmin üzləşmə aktı iddiaçının nümayəndəsinin imzası və möhürü ilə, cavabdehin özü tərəfindən imzalanaraq təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 4 ədəd və xx.xx.2023-cü il tarixli 1 ədəd qaimələrdən (təhvil-təslim sənədi) görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh tərəfə ümumilikdə, 3749 manat dəyərində müxtəlif adlı məhsul təhvil verilmiş və məhsulların təhvil verilməsi tərəflərin nümayəndələrinin imzaları ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 067939 nömrəli, 067270 nömrəli, 065068 nömrəli, 064296 nömrəli, xx.xx.2023-cü il tarixli 255734 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, həmin elekton qaimələrlə ümumilikdə, 3749 manat dəyərində məhsul cavabdehə təqdim edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş və sözügüdən borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş edilmişdir. Əks halda tələb olunan məbləğin və digər məhkəmə xərclərinin tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildiriş cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, üzləşmə aktı, qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023ci il tarixdə 106 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tələbinə görə “Satıcı” “Alıcı”ya göstərilən malları satır. “Alıcı” isə həmin malları qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Üzləşmə aktından müəyyən olunur ki, borclunun nəzərdə tutulan tarixə İddiaçı MMC-yə ümumilikdə ƏDV daxil 3248.99 manat borcu mövcuddur. Həmin üzləşmə aktı iddiaçının nümayəndəsinin imzası və möhürü ilə, cavabdehin özü tərəfindən imzalanaraq təsdiqlənmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 4 ədəd, xx.xx.2023-cü il tarixli 1 ədəd qaimədən və xx.xx.2023-cü il tarixli 067939 nömrəli, 067270 nömrəli, 065068 nömrəli, 064296 nömrəli, xx.xx.2023-cü il tarixli 255734 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, cavabdehə ümumilikdə 3749 manat dəyərində məhsul təhvil verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən, və iddiaçı tərəfindən 3248.99 manat məbləğində əsas borc tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən ödənilməmiş 3248.99 manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 3248.99 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “300 manat məbləğində cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, ödənişlə bağlı gecikmə olarsa “Alıcı” “Satıcı”ya hər gecikən günə görə malın ümumi dəyərinin 5%-i miqdarında cərimə ödəməlidir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Cavabdeh tərəf məhkəmə bildirişini alsa da, sadələşdirilmiş icraat çərçivəsində iddia tələbinə hər hansı münasibət və ya etiraz bildirməmiş, borcun əsaslı və ya əsassız olması ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Məhkəmə bu səbəbdən iddiaçının təqdim etdiyi sübutlar əsasında mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Düzdür, iddiaçı tərəf hüquqi yardımla bağlı müqaviləni və vəkil orderini məhkəməyə təqdim etsə də, vəkilin işdə iştirakı və aktivliyi nəzərə alınmaqla hüquqi yardımla bağlı ödənilmiş 250 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 61 manat məbləğində dövlət rüsumu tələb edilsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumu 60.49 manat təşkil edir. Bu səbəbdən iddia əsas borca münasibətdə təmin edildiyindən 60.49 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.51 manat iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3248.99 manat borc, 100 manat cərimə borcu, hüquqi yardım üçün 250 manat və 60.49 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar