Məhkəmə qərarları › İş №e-2-2(117)-1629/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1629/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1629/2025 10.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Təsərrüfatı” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 32071.94 manat məbləğində əsas borcun və 186.22 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 32258.16 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Şəki rayonunda yerləşən və “X2 Təsərrüfatı” MMCnin istifadəsində olan qeyri yaşayış sahəsi (VÖEN:**********) müvafiq qaydada qazlaşdırılmaqla müvafiq qaz hesabları açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə “X2 Təsərrüfatı” MMC arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh “X2 Təsərrüfatı” MMC-nin istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00020 saylı qaz hesabında 31677.78 manat və **********00030 saylı qaz hesabında 394.16 manat, ümumilikdə isə 32071.94 həcmində olmuşdur. Belə ki, **********00020 saylı qaz hesabı üzrə göstərilən borc Elestr G-100 markalı 77093438 nömrəli sayğacın 450493 m mexaniki və 770183 m elektron göstəricisi və **********00030 saylı qaz hesabı üzrə göstərilən borc Elestr G-6 markalı 42678893 nömrəli sayğacın 1383 m mexaniki ilə yaranmışdır. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. “X2 Təsərrüfatı” MMC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. Bundan əlavə cavabdeh “X2 Təsərrüfatı” MMC sonuncu dəfə borcun könüllü ödənilməsi üçü onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanılmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən “istehlakçı” qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab “istehlakçı”ya “paylayıcı” tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

3. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, keçən müddət ərzində cavabdeh tərəf tələb olunan borcla bərabər aylıq istehlak etdiyi qazın dəyərini tam ödəmədiyindən borc daha da artmış və 2025 ci ilin sonuna 44713.94 manat olmuşdur. Ona görə də iddia tələbinin artırılmasına zərurət vardır. Odur ki, iddia tələbinin artırılmasına dair ərizənin icraata göturülməsini, iddia tələbi artırılmaqla cavabdeh “X2 Təsərrüfatı” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 44713.94 manat məbləğində əsas borcun və 224.14 manat ödənilmiş rüsum xərclərinin məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, keçən müddət ərzində cavabdeh tərəf qismən ödəniş etdiyindən hazırda onun qaz hesabında 37372.61 manat borc vardır və ona görə də həmin hissədə iddia tələbi azaldılmalıdır. Odur ki, tələbinin azaldılmasına dair ərizənin icraata götürülməsini, iddia tələbi azaldılmaqla cavabdeh “X2 Təsərrüfatı” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 37372.61 manat məbləğində əsas borcun və 202.12 manat ödənilmiş rüsum xərclərinin məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, ilk iddia tələbi üzrə cavabdehdən 32071 manat 94 qəpik məbləğində borcun daha sonra isə artırılma ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 44713 manat 94 qəpik məbləğində əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Keçən müddət ərzində cavabdeh tərəf qismən ödəniş etdiyindən hazırda onun qaz hesabında 37372 manat 61 qəpik borc vardır. Ona görə də həmin hissədə iddia tələbi azaldılmaqla cavabdeh “X2 Təsərrüfatı” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 37372 manat 61 qəpik məbləğində əsas borcun və ödənilmiş rüsm xərclərinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qeyd etmək istəyir ki, tələb olunan borc məbləği yalnız sayğac göstəricisinə əsasən müəyyən edilmiş borc məbləğidir.

6. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, qaz paylayıcısı İddiaçı ilə cavabdeh istehlakçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli AMX-0959/24 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təchizatçı müəssisəyə müqavilə əsasında yaranmış 32071,94 manat qaz borcunun olması öz əksini tapmışdır. Həmin akt tərəflərin nümayəndələrinin imzaları və möhürlə təsdiq edilmişdir.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə məxsus bank hesabına 15000 manat ödəniş edilmişdir.

11. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə məxsus bank hesabına 15000 manat ödəniş edilmişdir.

12. İş materiallarında olan “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus xx.xx.2026-cı il tarixə olan məlumatı əks etdirən **********00020 kodlu abonentin saldosundan görünü ki, cavabdehin ödənilməmiş cəmi 37372,58 manat qaz borcu vardır.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

14. X3 Azərbaycan Respublikasının Qanunu: 13.1. İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir. 13.2. İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.3. İstehlakçılar bu Qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq qazı ölkə ərazisində fəaliyyət göstərən qaz satıcısından almaq hüququna malikdirlər. 13.4. İstehlakçıların vəzifələri aşağıdakılardır: 13.4.1. bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və bu Qanunun 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 13.4.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək; 13.4.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək.

VI. Məhkəmənin mövqeyi:

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətini qaz təchizatı ilə təmin etmiş, cavabdeh isə öz növbəsində istehlak etdiyi təbii qazın dəyərinin bir qismini ödəmiş və hazırda ödənilməmiş borcu qalmışdır. Bu hal iş materiallarında olan abonentin saldosu və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə hesab edir ki, 37372,61 manat həcmindəki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə iddia həcminin artırılması barədə ərizə ilə müraciət etmiş və iddia tələbinin 44713,94 manat qəbul edilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2026-cı il tarixdə mövcud borcdan 15000 manat ödəniş edilmişdir. Bu iş materiallarında olan qəbzlə öz təsdiqini tapmışdır. Daha sonra xx.xx.2026-cı il tarixli baxış iclasında iddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə müraciət etmiş və iddia tələbinin 37372,61 manat qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə xx.xx.2026-cı il tarixli ərizəni icraata qəbul etməmişdir. Belə ki, iddiaçı həmin ərizədə 2026-cı ilin fevral ayına qədər olan abunə borcunu cavabdehdən tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, son baxış iclasında iddia tələbinin həcmi ilə bağlı ərizənin məhkəmənin icraatına qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi cavabdeh tərəfindən mövcud olan 44713,94 manat borcdan 15000 manat ödəniş edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən ödəniş edilmiş hissəyə münasibətdə rədd edilməli, qalan 29713,94 manat hissədə (44713,94-15000=29713,94) təmin edilməlidir.

20. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən edildiyindən ödənilmiş 224,14 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

21. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 29713,94 manat məbləğində borc və ödənilmiş 224,14 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 29713,94 manat məbləğində borc və ödənilmiş 224,14 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar