Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1632/2025 07.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 43432 manat məbləğində borcun, 4343 manat cərimənin və 233,32 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 101 saylı alğı-satqı müqaviləsinə əsasən Zərdab rayonu, Bəyimli kəndi ərazisində 54,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “cavabdeh” “iddiaçı”dan 79140 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 660.00 manat məbləğində çöp doğrama, 4100.00 manat məbləğində 1-ci şum, 414.00 manat məbləğində tandem diskli mala, 1469.00 manat məbləğində rotasiyon mala, 1150.00 manat məbləğində mala çəkmə, 782.0 manat məbləğində çiyid səpini, 272.00 manat məbləğində gübrəilə çiyid səpini, 1017.00 manat məbləğində kultivasiya, 684.00 manat məbləğində boroza, 2584.00 manat məbləğində dərman səpini, 5400.00 manat məbləğində kombaynla 1-ci üz pambıq yığımı, 1440.00 manat məbləğində kombaynla 2-ci üz pambıq yığımı, 22341.00 manat məbləğində dərman/gübrə, 11395.00 manat məbləğində çiyid toxumu, 22920.00 manat məbləğində becərmə, arat üçün avans vəsait, 2512.00 manat yanacaq xərci cəmi 79140,00 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin, “cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsum başa çatsa da, 35708.00 manat məbləğində 44864.05 kq xam pambıq təhvil vermiş, bununla da iddiçıya 43432.00 manat borcu qalmışdır. Cavabdehin borclu qalması işə əlavə edilmiş hər iki tərəfin imzası ilə təsdiq olunmuş iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2025-ciil tarixli akt (üzləşmə aktı) və sair sənədlərlə təsdiq edilir. Eyni zamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10% artıq olmamaq şərtilə “satıcıya” cərimə ödəyir. Göründüyü kimi Cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə, cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 43432.00x10%= 4343.00 manat məbləğində cərimə tətbiq edilməlidir. Bununla da cavabdehin borcu 47775.20 manat təşkil edir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “cavabdeh” “iddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, “alıcı” İddiaçı MMC ilə “satıcı” Cavabdeh arasında xx.xx.2023-ci il tarixli 101 nömrəli “xam pambığın alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Zərdab rayonu, Bəyimli kəndi ərazisində 54,0 hektar torpaq sahəsinə iddiaçının göstərdiyi xidmətlərlərlə (kənd təssərüfatı xidməti, məhsullar və avans və.s) sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh nəzərdə tutulan müddətdə tam şəkildə yaranmış borcu iddiaçıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10 %-dən artıq olmamaq şərtilə iddiaçıya cərimə ödəyir. Həmin müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilməklə, qanunvericiliyin tələbinə zidd olmamaqla bağlanmışdır.
7. İş materiallarında olan aqrotexniki xidmətlərin göstərilməsi barədə aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə aralarında bağlanan müqavilə üzrə pambıq əkini üçün müvafiq aqrotexniki xidmətlər göstərilmişdir. Həmin aktlar Cavabdeh və İddiaçı nümayəndələri tərəfindən imzalanmışdır.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 035759 nömrəli, xx.xx.2024-cü il tarixli 035914 nömrəli, xx.xx.2024-cü il tarixli 035899 nömrəli, xx.xx.2024-cü il tarixli 035983 nömrəli, xx.xx.2024-cü il tarixli 035964 nömrəli, xx.xx.2024-cü il tarixli 087477 nömrəli, xx.xx.2024-cü il tarixli 087296 nömrəli, xx.xx.2024-cü il tarixli 087288 nömrəli, xx.xx.2024-cü il tarixli 095937 nömrəli, xx.xx.2024-cü il tarixli 113902 nömrəli, xx.xx.2024cü il tarixli 096807 nömrəli, xx.xx.2024-cü il tarixli 122282 nömrəli, xx.xx.2024-cü il tarixli 113901 nömrəli, xx.xx.2024-cü il tarixli 113745 nömrəli, xx.xx.2024-cü il tarixli 096444 nömrəli, xx.xx.2024-cü il tarixli 113701 nömrəli, xx.xx.2024-cü il tarixli 096711 nömrəli, xx.xx.2024-cü il tarixli 096296 nömrəli, xx.xx.2024-cü il tarixli 095994 nömrəli, xx.xx.2024cü il tarixli 095902 nömrəli, xx.xx.2024-cü il tarixli 087607 nömrəli, xx.xx.2024-cü il tarixli 087478 nömrəli, xx.xx.2024-cü il tarixli 087349 nömrəli, xx.xx.2024-cü il tarixli 122356 nömrəli, xx.xx.2024-cü il tarixli 122290 nömrəli malların təhvil-qəbul qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə pambıq əkilməsi üçün dərman, toxum, gübrə, yanacaq və.s kimi məhsullar verilmişdir. Həmin məhsulların adı və fərdi qiymətləri qaimələrdə öz əksini tapmış və qaimələr iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli PAM00025967 nömrəli, olan xx.xx.2024-cü il tarixli PAM00037878 nömrəli, olan xx.xx.2024-cü il tarixli PAM00027891 nömrəli, olan xx.xx.2024-cü il tarixli PAM00031293 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən, Cavabdeh bank hesabına aralarında bağlanan müqavilə üzrə tütün avans qismində cəmi 22 920 manat pul köçürülmüşdür.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi barədə aktda Cavabdeh məxsus torpaq sahəsinə iddiaçı tərəfindən əkin üçün göstərilən xidmətlərin hər birinin adı və yekun qiyməti öz əksini tapmışdır. Həmin akt Cavabdeh və İddiaçı nümayəndələri tərəfindən imzalanmışdır.
11. İddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Vl. Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı və podrat müqaviləsindən irəli gəlir.
15. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli 101 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ona məxsus torpaq sahəsində, iddiaçının verdiyi avans məbləği və məhsul vasitəsi ilə pambıq əkməyi və əldə edilmiş məhsulu İddiaçınə sataraq, gəlir götürməyi, həmçinin yaranmış borcunu ödəməyi öhdəsinə götürmüşdür.
16. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini qismən icra etmiş və bununla da cavabdehin iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla, müqavilə, aktlar və s. öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli alqı-satqı və podrat hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin alqı-satqı və podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Nəticədə iddia tələbi əsas borcun tələb edilməsi hissəsində təmin edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2023-ci il tarixli 101 nömrəli müqavilə əsasında 2171,6 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
19. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qismində 226,81 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
20. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 43432 manat məbləğində əsas bоrc, 2171,6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 45603,6 manat məbləğində pul və ödənilmiş 226,81 manat dövlət rüsumu tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməli iddia qalan hissədə rədd edilməlidir.
Vİl. Nəticə:
21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 43432 manat məbləğində əsas bоrc, 2171,6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 45603,6 manat məbləğində pul və ödənilmiş 226,81 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova