Məhkəmə qərarları › İş №e-2-2(117)-164/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-164/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-164/2023 10.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tərəflər arasında imzalanmış xx.xx.2020 tarixli 116 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 76674.04 (yetmiş altı min altı yüz yetmiş dörd manat, 04 qəpik) manat borc pulun və 3717.00 (üç min yeddi yüz on yeddi manat, 00 qəpik) manat məbləğində dəymiş ziyanın, həmçinin 400.00 (dörd yüz manat, 00 qəpik) manat mediasiya xərcinin və 50.00 (əlli manat, 00 qəpik) manat hüquqi yardım göstərilməsi məqsədilə ödənilmiş məbləğin İddiaçı QSC-nin xeyrinə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “tərəflər arasında imzalanmış xx.xx.2020 tarixli 116 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 77854,04 manat borc pulun və 3717.00 manat məbləğində dəymiş ziyanın, həmçinin 400.00 manat mediasiya xərcinin və 50.00 manat hüquqi yardım göstərilməsi məqsədilə ödənilmiş məbləğin İddiaçı QSC-nin xeyrinə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5729/2022 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək “İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “tərəflər arasında imzalanmış xx.xx.2020 tarixli 116 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 76674.04 (yetmiş altı min altı yüz yetmiş dörd manat, 04 qəpik) manat borc pulun və 3717.00 (üç min yeddi yüz on yeddi manat, 00 qəpik) manat məbləğində dəymiş ziyanın, həmçinin 400.00 (dörd yüz manat, 00 qəpik) manat mediasiya xərcinin və 50.00 (əlli manat, 00 qəpik) manat hüquqi yardım göstərilməsi məqsədilə ödənilmiş məbləğin İddiaçı QSC-nin xeyrinə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında bildirdi ki, tərəflər arasında satınalma müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən müxtəlif aralıqlarla bir neçə dəfə sifariş verilmiş və həmin sifarişlər təhvil alınmışdır. Lakin, Gəncə şəhəri 19 saylı və Bakı şəhəri 47 saylı uşaq baxçaları üçün sifariş verilən mebellər hazırlanmış, onların bir hissəsi təhvil alınmış, bir hissəsi isə təhvil alınmamışdır. Cavabdeh tərəfindən sifariş verilən mallar hazırda anbarlarlarında durur. Müqavilə şərtlərinə əsasən sifariş verilən malları cavabdeh təhvil almalıdır. Həmçinin, cavabdeh təhvil aldığı malların bir qisminin ödənişini həyata keçirməmişdir. Keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd edilən malların sifarişini təkzib etsə də, o sənədlərlə faktarla sübut etmişdir ki, cavabdeh malları sifariş vermişdir. Lakin, təhvil almamışdır. Həmçinin, cavabdehin nümayəndəsi keçən məhkəmə iclasında iş üzrə zəruri sənədləri kabinetlə göndərəcəklərini bildirsə də, hələ də hər hansı sənəd göndərməmişlər. Bundan əlavə cavabdehə 233 361,48 manat məbləğində mebel avadanlıqları təhvil verilmiş, həmin məhsulların dəyəri olan 156687,48 manat məbləğində (X4 (ƏDV daxil) vəsaiti ödəmişdir. Qalan məbləğ olan 76674,04 manat ödənilməmiş, 3717 manat məbləğində məhsul isə təhvil üçün təqdim edilsə də, təhvil alınmamışdır. Qeyd edilən məbləğlər ƏDV ilə birlikdə hesablanıb və ƏDV isə subhesaba ödənildiyindən ödəniş sənədində ƏDV qeyd edilmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi A.Quliyeva məhkəməyə verdiyi izahatında bildirdi ki, tərəflər arasında satınalma müqaviləsi bağlanmışdır, lakin təhvil alınmamışdır. Qeyd edilən məbləğdə malların sifariş verildiyi xx.xx.2020-ci il tarixli müvafiq qiymət razılaşma protokollarından da görünür. Yasamal rayonu 47 saylı uşaq bağçası üçün və Gəncə şəhəri 19 saylı uşaq bağçası üçün hər biri ayrı-ayrılıqda 60 ədəd uşaq çarpayısı sifariş verilmişdir. Həmin uşaq çarpayısının vahidinin qiyməti 105 manatdır. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 40 ədəd uşaq çarpayısı təhvil alınıb, 20 ədədi isə təhvil alınmayıb. 04 iyun 2021-ci il tarixli təhvil-təslim aktı ilə 50 ədəd uşaq çarpayısı təhvil alınıb, 10 ədəd isə təhvil alınmamışdır. Bütün bunları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi verdiyi izahatında 76 674 manatlıq təhvil-təslim aktını qəbul etdiklərini, qalan 3717 manatlıq təhvil-təslim aktını isə qəbul etmədiklərini, səbəb kimi isə 19 saylı uşaq bağçası üçün ayrıldığını bildirmişdir. Hazırda konkret sübutu olmadığını bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 116 nömrəli “Mallar, işlər və xidmətlər üzrə satınalma Müqaviləsinin 2.1-ci bəndindən görünür ki, tərəflər təsdiq edirlər ki, Sifarişçi "xxxx" MMC müqavilədə göstərilən razılaşdırma protokoluna əsasən “İcraçı "xxxx" MMC-nin inventarın alınması təklifini qəbul etmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında inventarların satın alınmasını təşkil edərək 30 dekabr 2021-ci il tarixədək "xxxx" MMC-yə təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Sifarişçi müqaviləyə əsasən malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtından aparılmasını öhdəsinə götürür. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisi daxilində malların göndərilməsinə dair tələblər və şərtlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir. xx.xx.2020-ci il tarixli “X1”ndan görünür ki, tərəflər ümumilikdə 210528,52 manat məbləğində malın qiyməti barədə razılığa gəlmişlər. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktlarından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC yə 233 361,48 manat məbləğində məhsul təhvil verilmişdir. İddiaçı QSC-nin "xxxx" QSC-də olan hesabdan çıxarışından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 31036 manat, xx.xx.2020-ci il tarixdə 15750 manat, xx.xx.2021-ci il tarixdə isə 30000 manat pul hesabına köçürülmüşdür. İddiaçı QSC-nin "xxxx" QSC-də olan hesabdan çıxarışından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 25000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə isə 10000 manat pul hesabına köçürülmüşdür. İddiaçı tərəfin təqdim etdiyi cədvəldən görünür ki, 156687,48 manat məbləğində (ƏDV daxil) məhsul təhvil alınmış və ödənişi həyata keçirilmişdir. Təhvil alınmayan məbləğ isə 3717 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, ümumilikdə 184 700,68 manat (ƏDV daxil) məbləğində mal təqdim edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, təhvil-təslim aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən yaranmış müqavilə münasibətləri olmuş, tərəflər müqavilə öhdəliklərini bağlanmış müqavilələrin tələblərinə və mülki qanunvericiliyin normalarına uyğun icra etmədikləri üçün hazırkı mübahisə yaranmışdır. MM-in: 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə ilk növbədə iddia tələblərinə münasibətdə işin faktiki hallarını, təqdim edilən sübutları qiymətləndirilməli və məhkəmənin nəticəsi qeyd edilməlidir. Məhkəmə yuxarıda qeyd edilən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktlarından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC yə 233 361,48 manat məbləğində məhsul təhvil verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi cədvəldən görünür ki, 156687,48 manat məbləğində (ƏDV daxil) məhsul təhvil alınmış və ödənişi həyata keçirilmişdir. Təhvil alınmayan məbləğ isə 3717 manat təşkil etmişdir. Cavabdehin nümayəndəsi bunun əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim edəcəyini bildirsə də, heç bir sübut təqdim etməmiş və məhkəmə prosesində üzürsüz səbəbdən ümumiyyətlə nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul edir. Tərəflər arasında bağlanmış müqavilənin məzmununa görə malın dəyəri ƏDV daxil olmaqla hesablandığından cavabdeh tərəfindən ödəniş məbləği 156687,48 manat qəbul edilmişdir. Odur ki, 233361,48-156687,48=76674 manat ödənilməmiş borcu qalmışdır. İddia tələbinin “3717.00 (üç min yeddi yüz on yeddi manat, 00 qəpik) manat məbləğində dəymiş ziyanın ödənilməsi” hissəsinə münasibətdə məhkəmə bildirir ki, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. xx.xx.2020-ci il tarixli 116 nömrəli “Mallar, işlər və xidmətlər üzrə satınalma müqaviləsinin 5.3-cü bəndinə əsasən, Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtından aparılmasını öhdəsinə götürür. Tərəflər arasında Müqavilənin Əlavəsi olan Qiymətlərin razılaşdırılması haqqında xx.xx.2020-ci il tarixli Protokolda Gəncə şəhəri 19 saylı baxça üçün uşaq üçün çarpayı 60 ədəd nəzərdə tutulsa da, xx.xx.2021-ci il tarixli 285368 nömrəli malların təhvil-qəbul aktının 34-cü bəndində cəmi 50 ədəd çarpayı qəbul edilmişdir. Tərəflər arasında Müqavilənin Əlavəsi olan Qiymətlərin razılaşdırılması haqqında xx.xx.2020-ci il tarixli Protokolda Bakı şəhəri Yassamal rayonu 47 saylı baxça uşaq üçün çarpayı 60 ədəd nəzərdə tutulsa da, xx.xx.2021-ci il tarixli 326103 nömrəli malların təhvilqəbul aktının 10-cü bəndində cəmi 40 ədəd çarpayı qəbul edilmişdir. Təhvil verilməyən çarpayı sayı 30 ədəd olmuşdur. Tərəflər, xüsusən də cavabdeh tərəf məhkəmə iclasında verdikləri izahatlarında bu məbləğdə məhsul hazırlandığını, lakin ödənişin gecikdirilməsi səbəbi ilə təhvil alınmadığını bildirmişlər. Odur ki, istər tərəflər arasında bağlanmış müqavilənin məzmunu baxımından, istərsə də qanunvericiliyin tələblərinə əsasən, Sifarişçi həmin məhsulu qəbul etməsə də, məhsul qəbul edilmiş sayılır. Qeyd edilən məhsul İcraçı tərəfindən Sifarişçiyə təhvil verilmək üçün təqdim edilsə də iş materiallarından müəyyən edilir ki, həmin çarpayılar qəbul edilməmişdir. Lakin hazırda həmin məhsullar İcraçıda olduğundan həmin məhsullar ilkin olaraq real təhvil alındıqdan sonra dəyəri ödənilir. Həmin məhsulları Sifarişçinin sifarişi əsasında İcraçı hazırlamışdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı 76674 manat əsas borc, 3717.00 manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı olduğundan, iddia tələbi tam təmin edilməlidir. Məhkəmə tələbin “hüquqi xidmətə görə 50 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu hissədə iddia tələbi təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilməmiş 331,17 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının 3.5-ci bəndinə əsasən, iddia qiyməti 50 000 manatdan yuxarı olduqda mediasiya xərci 400 manat təşkil edir. Odur ki, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 76674 (yetmiş altı min altı yüz yetmiş dörd manat) manat əsas borc, 3717(üç min yeddi yüz on yeddi manat) manat məbləğində dəymiş ziyan, 400(dörd yüz manat) manat mediasiya xərcinin və 50 (əlli manat) manat hüquqi yardım göstərilməsi ilə bağlı pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 331,17 (üç yüz otuz bir manat on yeddi qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar