Məhkəmə qərarları › İş №e-2-2(117)-1643/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1643/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1643/2022 19.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “8092 manat əsas borc, 115 manat cərimə borcunun və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “8092 manat əsas borc, 115 manat cərimə borcunun və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “alqı-satqı haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hisəsi olan X2 əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 2000 manat ilkin ödənişi dərhal, qalıq məbləği 12 ay ərzində “Əlavə 1” ə uyğun formada satıcıya ödəniş qəbzləri əsasında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə “Əlavə 1” ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 %-i həcmində satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə və təhviltəslim aktına əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd olunan malları alıcıya dəyəri bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş formada və məbləğdə ödəmək şərtilə satmağı, alıcı isə alınan malların dəyərini bu müqavilənin 1.3-cü bəndinə uyğun formada və həcmdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3.1-ci bəndinə əsasən ümumi ödəniş dəyəri 14500 manat müəyyən olunmuş və həmin məbləğdə 1 əddə PEC VOP PRESS adlı aparat - məhsul təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair X1 görünür ki, cavabdeh tərəfindən ilkin ödəniş kimi 2000 manat ödəniş edilmişdir. Bundan əlavə Cavabdeh ilk 6 ay üçün 600 manat, sonrakı 5 ay 1500 manat, sonuncu ay üçün isə 1400 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından aydın olur ki, cavabdeh müqavilə üzrə 12500 manatdan 4515 manat ödəniş etmiş, ödənilməmiş 8092 manat əsas borcu və 115 manat cərimə borcu yaranmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri, təhvil-təslim aktı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “alqı-satqı” haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hisəsi olan X2 əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 2000 manat ilkin ödənişi dərhal, qalıq məbləği 12 ay ərzində “Əlavə 1” ə uyğun formada satıcıya ödəniş qəbzləri əsasında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə “Əlavə 1” ə uyğun olaarq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 %-i həcmində satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə və təhviltəslim aktına əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd olunan malları alıcıya dəyəri bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş formada və məbləğdə ödəmək şərtilə satmağı, alıcı isə alınan malların dəyərini bu müqavilənin 1.3-cü bəndinə uyğun formada və həcmdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3.1-ci bəndinə əsasən ümumi ödəniş dəyəri 14500 manat müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair X1 görünür ki, cavabdeh tərəfindən ilkin ödəniş kimi 2000 manat ödəniş edilmişdir. Bundan əlavə Cavabdeh ilk 6 ay üçün 600 manat, sonrakı 5 ay 1500 manat, sonuncu ay üçün isə 1400 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından aydın olur ki, cavabdeh müqavilə üzrə 12500 manatdan 4515 manat ödəniş etmiş, ödənilməmiş 8092 manat əsas borcu və 115 manat cərimə borcu yaranmışdır. Bununl da iddiaçının 8092 manat əsas borc tələbini irəli sürmək hüququ yaranmışdır. İddia tələbinin 115 manat məbləğində cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə “Əlavə 1” ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 %-i həcmində satıcıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 10 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 8092 manat borc və 10 manat cərimə borcu tutularaq İddiaçınə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçı tərəfindən 100 manat mediasiya xərci və 2,07 manat dövlət rüsumu ödənilmiş və bu iş materiallarına əlavə olunmuş ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Odur ki, iddia tələbi təmin edildiyindən cavabdehdən 102,07 manat dövlət rüsumu və iddiaçının tələb etdiyi 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 8092 manat borc, 10 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli 102,07 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar