Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1647/2022 04.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh ("xxxx" MMC) qarşı “70106 ABŞ dolları pul vəsaitinin və tələbin mediasiya və məhkəmə orqanlarında baxılması üçün ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh ("xxxx" MMC) qarşı “70106 ABŞ dolları pul vəsaitinin və tələbin mediasiya və məhkəmə orqanlarında baxılması üçün ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xarici hüquqi şəxs olduğundan iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, o cümlədən məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun cavabdehə təqdim edilməmişdir. Belə olan halda xarici hüquqi şəxs olan cavabdehə təqdim olunmalı olan sənədlər başqa qaydada çatdırılmalıdır ki, iş materiallarına əlavə edilmiş poçt qəbzləri müvafiq sənədlərin göndərilməsini təsdiq etsə də, cavabdeh tərəfindən həmin sənədlərin alınmasını təsdiq etmir. Bundan əlavə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilsə belə, qanunvericiliyin tələbinə uyğun olaraq həmin mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilməsini, təklifin arayışda adı qeyd olunan cavabdeh hüquqi şəxsin rəhbərinə rəsmi təqdim edilməsini təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Eyni zamanda mediator caabdeh hüquqi şəxsin rəhbərinin mediasiya prosesinin keçirilməsi üçün dəvət etdiyini, lakin sonuncunun iştirak etmədiyini göstərsə də dəvəti xarici hüquqi şəxs olan cavabdehin və onun rəhbərinin hansı ünvanına göndərdiyi də bəlli deyildir. Belə olan halda, həmin mediasiya prosesinin keçirilməsi və onu təsdiq edən sənəd qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyindən, habelə natamam olduğundan məhkəmə tərəfindən arayışın mediasiya prosesinin həyata keçirilməsi ilə bağlı sübuit qismində qəbul edilməsi yolverilməz olduğu kimi mediasiya prosesinin formal keçirilməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş iddianın hüquqi əsasını təşkil edən sənədlər rus dilində məhkəməyə təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Belə olan halda, həmin sənədlər notarial qaydada təsdiq edilmiş tərcümə ilə birlikdə məhkəməyə təqdim edilməlidir ki, iddiaçı sənədlərin tərcüməsini məhkəməyə təqdim etməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh ("xxxx" MMC) qarşı “70106 ABŞ dolları pul vəsaitinin və tələbin mediasiya və məhkəmə orqanlarında baxılması üçün ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1647/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1647/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver