Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1648/2022 13.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “18960,89 manat borc məbləğinin, həmçininin mediasiya rüsumu olaraq ödənilmiş 206 manatın və göstərilmiş hüquqi xidmətə görə 110 manatın tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “18960,89 manat borc məbləğinin, həmçininin mediasiya rüsumu olaraq ödənilmiş 206 manatın və göstərilmiş hüquqi xidmətə görə 110 manatın tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10011968 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı bu müqavilənin 2-ci bəndində göstərilən ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndində göstərilir ki, bu müqaviləyə əsasən alqı-satqı obyekti olan malın adı, miqdarı və dəyəri elektron qaimə-fakturaya və elektron vergi hesab fakturasına əsasən müəyyən olunur. Müqavilənin 5.2-ci bəndində göstərilir ki, əsasən əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,3% miqdarında penya ödəməlidir. Müqavilənin 5.15-ci bəndində göstərilir ki, hər təqvim ilinin dekabr ayının ilk həftəsinin son iş gününədək alıcı, həmin dövrə qədər olan bütün borc qalığını ödəməyi (sıfırlamağı) öz öhdəsinə götürür. Cavabdehin 18960,89 manat məbləğində borcunun olması 08 avqust 2022-ci il tarixdə tərəflərin imzaları ilə təsdiq olunmuş qarşılıqlı üzləşmə aktı ilə müəyyən olunur. xx.xx.2022-ci il tarixli 666350 nömrəli və 666389 nömrəli malların təhvil-qəbul aktından aydın olur ki, 19960,85 manat məbləğində mal alıcı tərəfindən qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək başqa məhkəmədə işə iştirakı ilə baxıldığından işə baxılmasının təxirə salınmasını xahiş etmiş, cavabdeh iştirak etməməsini səbəbi barədə məəlumat verməmişdir. Məhkəmə Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi və işə baxılmasının təxirə salınmasına lüzum görmür. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək borcu etiraf etdiyini, lakin ailə vəziyyəti ilə əlaqədar borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli 10011968 nömrəli alqı-satqı müqaviləsi və müqaviləyə 1 və 2 saylı əlavələr, malların təhvil-təslim aktları, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2-ci, 567-ci maddələri) Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10011968 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ərzaq və qeyri-ərzaq mallarının satışı məqsədilə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, satıcı bu müqavilənin 2-ci bəndində göstərilən ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdehin 18960,89 manat məbləğində borcunun olması 08 avqust 2022-ci il tarixdə tərəflərin imzaları ilə təsdiq olunmuş qarşılıqlı üzləşmə aktı ilə müəyyən olunur. xx.xx.2022-ci il tarixli 666350 nömrəli və 666389 nömrəli malların təhvil-qəbul aktından aydın olur ki, 19960,85 manat məbləğində mal alıcı tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müvafiq malları cavabdehə təhvil vermiş, cavabdeh isə öhdəliyini yerinə yetirməmiş və nəticədə 18960,89 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə borcun mövcudluğu üzləşmə aktı və malların təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Qeyd olunan aktlar tərəflərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsi ilə borcunun olduğunu etiraf edir. Odur ki, iddiaçı 18960,89 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə tələbin “hüquqi xidmətə görə 110 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsini, cavabdehin tələbi maddi imkansızlıq üzündən icra etməməsini bildirməsini nəzərə alıb cavabdehdən hüquqi xidmətə görə haqqın 50 manat həddində tutulmasını ağlabatan hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən, ödənilməli dövlət rüsumu 146,88 manat olmalıdır. Odur ki, iddia tələbi təmin edildiyindən 146,88 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının 3.5-ci bəndinə əsasən, iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda mediasiya xərci 200 manat təşkil edir. Odur ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18960,89 manat borc məbləği, 200 manat mediasiya xərci və hüquqi xidmətə görə 50 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh 146,88 dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1648/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1648/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver