Məhkəmə qərarları › İş №e-2-2(117)-1649/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1649/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1649/2022 23.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “2531,32 manat borcun və ilkin mediasiya sessiyası üçün ödənilən 60 manat məbləğində pulun (45,31 manat olan hissəsinin dövlət rüsumuna aid edilməklə) cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 1 il müddətinə bağlanmış xx.xx.2018-ci il tarixli 82 və 82/1 nömrəli alqı-satqı müqavilələrinə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu Ərəb kəndində yerləşən 5 ha və 17 ha olmaqla ümumilikdə 22 ha torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə satmağı, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5163,98 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, ümumi dəyəri 2650,66 manat olan xam-pambıq təhvil vermiş, bununla iddiaçıya 2513,32 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, xam pambıq təhvil verməsi və qalan borcu aktlar və onlara əlavə edilmiş siyahılar, habelə maliyyə arayışı ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, bir sıra kənd təsərrüfatı müəssisələri, o cümlədən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək İddiaçı MMC-yə qoşulma yolu ilə yenidən təşkil edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2513,32 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra o cəmi 8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hesab edilən, lakin faktiki olaraq əkin üçün yarasız olan ərazidə pambıq çiyidi əkmiş, həmin sahənin yalnız 3 ha hissəsindən çıxış əldə etmişdir. Bu barədə iddiaçıya məlumat verdikdən sonra əməkdaşlar torpaq sahəsinə baxış keçirmiş və bildirmişlər ki, 5 ha torpaq sahəsində çıxış olmaması ilə bağlı akt tərtib ediləcək və hesablama aparılaraq əldən çıxmış fayda ona verilmiş avansla balanslaşdırılacaqdır. Çıxış olan 3 ha torpaq sahəsindəki pambığa qulluq etmiş və nəticədə 2650,66 manat dəyərində pambığı iddiaçı cəmiyyətə təhvil vermişdir. Həmin vaxt da iddiaçı cəmiyyət bildirmişdir ki, digər ziyanlıq onun hesabından silinəcəkdir. Bundan sonra keçən dövr ərzində iddiaçı ilə borcla bağlı heç bir mübahisəsi olmamış və borcu ödəməyi öhdəsinə götürməmişdir. Buna baxmayaraq 2022-ci ilin sentyabr ayında ilkin mediasiya sessiyasında iştirak üçün ona təklif göndərilərkən məlumatı olmuşdur ki, iddiaçı həmin borcu ondan tələb edir. İddiaçı 2018-ci ilin pambıq yığımı mövsümündən həmin borcdan məlumatlı olsa da, 4 ilə yaxın müddətdir ki, ondan borcla bağlı hər hansı tələbi olmamışdır. Bununla da iddiaçı borcla bağlı iddia tələbi irəli sürmək üçün müəyyən edilmiş müddəti, yəni 3 il müddəti ötürmüşdür. Habelə iddia qaldırarkən də bunun üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etmiş və xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilələr, aktlar və onlara əlavə edilmiş siyahılar, maliyyə arayışı, iddia müddətinin tətbiqi ilə bağlı ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 82 və 82/1 nömrəli alqısatqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Ağdaş rayonu Ərəb kəndində yerləşən 5 ha və 17 ha olmaqla ümumilikdə 22 ha torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə satmağı, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5163,98 manat məbləğində vəsaiti avans olaraq götürmüş, lakin, müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, ümumi dəyəri 2650,66 manat olan xam-pambığı təhvil vermiş, bununla iddiaçıya 2513,32 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, xam pambıq təhvil verməsi və qalan borcu aktlar və onlara əlavə edilmiş siyahılar, habelə maliyyə arayışı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə cavabdehin ərizədə qeyd etdiyi cəmi 8 ha torpaq sahəsində əkin aparması, 5 ha sahədə bitiş olmaması və iddiaçının həmin ziyanı tələb etməyəcəyi ilə bağlı etiraz dəlillərinə münasibətdə cavabdeh etirazında sadaladaladığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən həmin etiraz dəlilləri əsassız, iddia tələbi əsaslıdır. İddia tələbi əsaslı olmasına baxmayaraq iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən və cavabdeh iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etdiyindən, məhkəmə cavabdehin ərizəsini araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, tərəflər arasında 1 il müddətinə bağlanmış xx.xx.2018-ci il tarixli 82 və 82/1 nömrəli alqı-satqı müqavilələri ilə fermer Cavabdeh ona məxsus torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə satmağı, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilənin adının alqı-satqı müqaviləsi olmasına baxmayaraq tərəflər arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alımış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən oldunduğu kimi, təhvil verilmiş xam pambığın dəyəri avans verilən borcu tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 776.1-ci (podrat müqaviləsi üzrə iddia müddəti) maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, sifarişçi xam pambığı qəbul etdiyi zaman xam pambığın dəyərinin onun tərəfindən verilmiş avansdan aşağı olmasını, pambığın dəyərinin cavabdehin borcunu tam ödəmədiyini pambığın təhvil verilməsi zamanı məlumatlı olmuşdur. Xam pambığın iddiaçıya təhvil verildiyi tarix tam göstərilməyək mövsümün başa çatdığı dövrdə təhvil verilməsi göstərilsə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə pambığın xx.xx.2018-ci il tarixdən gec olmayaraq təhvil verilməsi müəyyənləşdirildiyindən iddiaçı üçün müddət axımı həmin tarixdən başlanmışdır. Belə olan halda iddiaçı işi xx.xx.2018-ci il tarixdə qəbul etməsinə baxmayaraq 1 illik iddia müddətini ötürmüş və 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə 1 il müddətinə xx.xx.2018-ci il tarixdə bağlandığımışdır. İddia müdətinin başlanğıcını müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən hesablansa belə mülki qanunvericiliyin 776.1-ci maddəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür. Bunlardan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə avans qarşılığında xam pambığın təhvil verilməsi hissəsində podrat müqaviləsi olduğundan və podrat müqaviləsi üzrə iddia müddəti 1 il müəyyən edildiyindən həmin müddət tətbiq edilmişdir. Lakin yuxarıda qeyd olunan Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddəti nəzərə alındıqda belə, yenə də iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilələr üzrə öhdəliklərin icrası müddəti xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarix müəyyən olunmasına baxmayaraq müqavilələrin 6.2-ci bəndinə əsasən bu müqavilələr 1 il müddətinə bağlanmışdır. Belə olan halda müqavilə müddəti xx.xx.2019-cu il tarixdə bitmiş, iddiaçı yenə də qanunvericiliklə müəyyən edilmiş 3 illik (xx.xx.2019xx.xx.2022) müddətini ötürməklə hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia əsaslı olsa da rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (2531,32 manat) ödənilməli dövlət rüsumu 45,31 manat olmalıdır ki, iddia rədd edildiyindən ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 60 manat məbləğində mediasiya xərcini ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin iddia tələbi rədd edildiyindən ödənilməmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “2531,32 manat borcun və ilkin mediasiya sessiyası üçün ödənilən 60 manat məbləğində pulun (45,31 manat olan hissəsinin dövlət rüsumuna aid edilməklə) cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 45,31 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar