Məhkəmə qərarları › İş №e-2-2(117)-1664/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1664/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1664/2025 10.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “27 fevral 2025-ci il il tarixli, AİS-STM-2502-002734 nömrəli alqı-satqı haqqında müqavilənin ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 57966,88 manat əsas borcun, 31 iyul 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış 730,54 manat faiz borcu və 5332,95 manat hesablanmış dəbbə pulunun, eləcə də 282,09 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, cəmi 64312,46 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “27 fevral 2025-ci il il tarixli, AİS-STM-2502-002734 nömrəli alqı-satqı haqqında müqavilənin ləğv olunması, həmin müqaviləyə əsasən yaranmış 57966,88 manat əsas borcun, 31 iyul 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış 730,54 manat faiz borcu və 5332,95 manat hesablanmış dəbbə pulunun, eləcə də 282,09 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, cəmi 64312,46 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə ümumilikdə 70500 manat dəyərində karbamid markalı gübrələr nisyə olaraq satılmışdır. Cavabdeh tərəfindən ümumilikdə 12533,12 manat ödəniş edilmişdir. Lakin 57966,88 manat ödəniş bu günə kimi ödənilməmişdir. xx.xx.2025-ci il tarixli elektron qaimə fakturasından görünür ki, cavabdehə 23124 manat, xx.xx.2025-ci il tarixli elektron qaimə fakturasından isə görünür ki, sonuncuya 47376 manat karbamid markalı gübrə satılmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixli 27229 nömrəli, xx.xx.2025-ci il tarixli 27219 nömrəli, xx.xx.2025-ci il tarixli 28462 və 28463 nömrəli və xx.xx.2025-ci il tarixli 28672 və 28673 nömrəli təhvil-təslim aktlarından görünür ki, 70500 manat dəyərində 150000 kq karbamid markalı gübrəni cavabdeh təhvil almışdır. 21 may 2025-ci il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktından da görünür ki, cavabdehin 57966,88 manat qalıq borcu mövcuddur. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.” Qeyd edilən alqı-satqı müqaviləsinin 4.1-ci bəndində ödənişin ən gec xx.xx.2025-ci il tarixə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün AR MMnin 445.7-ci maddəsinə əsasən 31 iyul 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək illik 5% dərəcəsi ilə əsas borca 730,54 manat məbləğində faiz borcu, 5332,95 manat məbləğində isə dəbbə pulu hesalanmışdır. Göstərilən pul məbləğlərinin ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1-ci, 427.3-cü, 427.4-cü, 430.1-ci, 441.1ci, 441.4-cü, 462.1-ci, 448-ci, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 119-cu, 121-ci, 149-150-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ümumilikdə 70 500 manat dəyərində karbamid markalı gübrələr nisyə olaraq satılmışdır. Cavabdeh tərəfinfən ümumilikdə 12 533,12 manat ödəniş edilmişdir. Lakin 57 966,88 manat ödəniş bu günə kimi ödənilməmişdir. Alqı-satqı müqaviləsində ödənişin ən gec xx.xx.2025-ci il tarixə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə 1 il müddətinə bağlanılıb. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə bir dəfə pretenziya göndərmişlər. 27 fevralda isə alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı bildiriş göndərmişlər. Cərimələr borcun ödənilmədiyi tarixdən yəni 31 iyul və 31 oktyabr ayları arasında olan müddətdə hesablanıb. 31 oktyabrda isə müqaviləyə xitam vermişlər. Alqısatqı müqaviləsinə əsasən yaranmış 57 966,88 manat borcun, 31 iyul 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 730,54 manat faiz borcu və 5332,95 manat hesablanmış dəbbə pulunun, 282,09 manat ödənilmiş dövlət rüsumunun, cəmi 64 312,46 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İddiaçı ASC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli AİS-STM-2502-002734 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı, müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə, həmin malları, satıcı tərəfindən malla birlikdə təqdim olunan təhvil-təslim aktı və elektron qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan qiymət razılaşma protokollarında, həmçinin elektron qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı malın dəyərinin ödənilməsini, müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında göstərilən şərtlərə uyğun həyata keçirir. Razılaşmaya əsasən müştəriyə 60 000 manat dəyərində məhsullar nisyə satılacaq. Məhsulların nisyə satılması müştəri tərəfindən xx.xx.2025-ci il tarixindən gec olmayaraq ödənilməsi şərtilə təqdim olunmuş bank zəmanəti ilə tənzimlənir. 4.2-ci bəndinə əsasən, alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş vaxtda hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 0,1%-i məbləğində dəbbə pulunu satıcıya ödəyəcək.

16. İddiaçı ASC (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2025-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən AİS-QRP-2503-000502/2734 nömrəli Qiymətlərin razılaşma protokolu bağlanmışdır.

17. xx.xx.2025-ci il tarixli MT2504 seriyalı 10192914 nömrəli (47 376 manat), xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 11471563 nömrəli (23 124 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturalardan göründüyü kimi ümumilikdə 70 500 manat dəyərində məhsul cavabdeh tərəfindən təhvil alınmışdır.

18. 21 may 2025-ci il tarixli AT03-000010 nömrəli Qarşılıqlı Borcların üzləşdirilməsi aktından göründüyü kimi cavabdehin həmin tarixə qalıq borcu 57 966,88 manat təşkil edir. Həmin aktın doğruluğu iddiaçı tərəfin nümayəndəsinin imzası, möhürü və cavabdehin imzası ilə təsdiqlənmişdir.

19. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış ərizədən göründüyü kimi iddiaçıya olan 57 966,88 manat borcunun mövcudluğunu qəbul etmiş və 28 fevral 2026-cı ilədək ödəyəcəyini bildirmişdir. Vİ. Məhkəmənin mövqeyi:

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

23. Məhkəmə ilkin olaraq iddia tələbinin “27 fevral 2025-ci il tarixli, AİS-STM-2502- 002734 nömrəli alqı-satqı haqqında müqavilənin ləğv olunması” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh müraciət edilərək müqavilənin birtərəfli qaydada ləğv olunması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçı tərəfindən bu barədə iradə ifadəsi birtərəfli qaydada pretenziya məktubu ilə ona bildirildiyindən 27 fevral 2025-ci il tarixli AİS-STM-2502-002734 nömrəli müqavilə xx.xx.2025-ci il tarixdən ləğv olunmuş hesab edilməlidir.

24. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

25. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları İddiaçı ASC (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2025-ci il tarixli AİS-STM-2502-002734 nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2025-ci il tarixdə qiymətlərin razılaşma protokolunun bağlanmasından, elektron qaimə fakturalardan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ümumilikdə 70 500 manat dəyərində malların təhvil verilməsindən ibarətdir.

26. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

27. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ümumilikdə 70 500 manat dəyərində (elektron qaimə-fakturalardan müəyyən edildiyi kimi) mallar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfin həmin məhsulları təhvil alması faktı cavabdehin imzası ilə təsdiqlənmişdir. Bundan sonra 21 may 2025-ci il tarixli AT03-000010 nömrəli qarşılıqlı borcların üzləşdirilməsi aktından, eyni zamanda xx.xx.2025-ci il tarixli ərizədən göründüyü kimi cavabdeh 57 966,88 manat borcunun qaldığını öz imzası ilə təsdiqləmişdir.

28. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.

29. Göründüyü kimi cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 57 966,88 manat əsas borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş elektron qaimə-faktura, qarşılıqlı borcların üzləşdirilməsi aktı, ərizə və iddiaçının nümayəndəsinin izahatı ilə qarşılıqlı araşdırıldıqda öz təsdiqini tapır.

30. “5332,95 manat hesablanmış dəbbə pulunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin 4.2-ci bəndi ilə ödəmə üçün nəzərdə tutulmuş vaxtda hər gecikdirilən gün üçün alıcının müqavilə dəyərinin 0,1%-i məbləğində dəbbə pulunu satıcıya ödəyəcəyi müəyyən edilmişdir.

31. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...

32. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, cavabdehin əsas borcu vaxtında ödəməməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 3%-i həcmində, yəni 1738.98 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir.

33. “31 iyul 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək illik 5 % dərəcəsi ilə əsas borca hesablanmış 730,54 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

34. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında 27 fevral 2025-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış, bundan sonra iddiaçı tərəfindən cavabdehə 31 oktyabr 2025ci il tarixdə müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə bildiriş göndərilmişdir. Göründüyü kimi qeyd edilən dövrə kimi müqavilə qüvvədə olmuş və müqavilənin 4.2-ci bəndinə əsasən borcun ödənilməsinin gecikdirilmiş vaxtı üçün cərimə borcunun tutulması nəzərədə tutulmuşdur. Ona görə də tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olduğu dövrdə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən müvafiq faiz məbləğini deyil, müqavilə müddəaları əsasında müvafiq cərimə və digər faiz məbləğlərini tələb edə bilər. Məhkəmənin qənaəti bundan ibarətdir ki, iddiaçı qeyd edilən norma əsasında cavabdehdən müvafiq faiz məbləğini tələb edə bilməz. Çünki müvafiq alqı-satqı müqaviləsi qeyd edilən tarixlərdə qüvvədən düşməmişdir.

35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

37. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

38. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

39. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə hər hansısa etiraz və ya münasibət bildirməmiş, iddia tələbinin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

40. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin olunaraq, 27 fevral 2025-ci il il tarixli, AİS-STM-2502-002734 nömrəli müqavilə xx.xx.2025-ci il tarixdən ləğv olunmuş hesab edilməli, Cavabdeh 57966,88 manat əsas borc, 1738.98 manat dəbbə pulu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

41. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən bu hissəyə münasibətdə 263.04 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, təmin edilməyən hissəyə münasibətdə isə dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasından bağlanmış 27 fevral 2025-ci il il tarixli, AİS-STM- 2502-002734 nömrəli müqavilə xx.xx.2025-ci il tarixdən ləğv olunmuş hesab edilsin. Cavabdeh 57966,88 manat əsas borc, 1738.98 manat dəbbə pulu, cəmi 59 705,86 manat və 263.04 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar