Məhkəmə qərarları › İş №e-2-2(117)-169/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-169/2025

16.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-169/2025 16.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 754 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3521,12 manat, İşsizlikdən sığorta fonduna olan 123,89 manat, İcbari Tibbi Sığorta Fonduna olan 606,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix – xx xxxx 1995-ci il, doğulduğu yer – Azərbaycan, İsmayıllı rayonu, İvanovka kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE: AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 37,76 manat, İcbari Tibbi Sığorta Fonduna 284,98 manat, dövlət büdcəsinə 0,84 manat məbləğində (o cümlədən, vergilər üzrə 0,81 manat, faizlər üzrə 0,03 manat), Dövlət Sosial Müdafiə Fonduna 1511,71 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 86,13 manat, dövlət büdcəsinə 753,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 689,81 manat, faizlər üzrə 63,35 manat), İcbari Tibbi Sığorta Fonduna 321,21 manat, Dövlət Sosial Müdafiə Fonduna 2009,41 manat olmaqla, ümumilikdə 5005,2 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilmişdir. Reyestr məlumatlarına əsasən "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri, fiziki şəxs Maraqlı şəxs qeydiyyat ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndi qeyd olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxslərin qeydiyyat sənədinə əsasən Maraqlı şəxs "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəridir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, ismayıllı rayonunda doğulmuş Maraqlı şəxs İsmayıllı rayonu, İvanovka kəndində qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 Saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-yə (VÖEN:**********) ünvanlanmış xx.xx.2024-cü il tarixli **********095500, xx.xx.2024-cü il tarixli **********597600, xx.xx.2024-cü il tarixli **********554900, xx.xx.2024-cü il tarixli **********020000 nömrəli, "xxxx" MMC-yə (VÖEN: **********) ünvanlanmış xx.xx.2024-cü il tarixli **********995300, xx.xx.2024-cü il tarixli **********507600, xx.xx.2024-cü il tarixli **********385500, xx.xx.2024-cü il tarixli **********844000, nömrəli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs rəhbəri olduğu hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC-nin şəxsi hesab vərəqələri ilə təsdiq edilir ki, hüquqi şəxslərin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə və müvafiq fonda ödənilməmiş borcları vardır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3cü maddələrnə əsasən, işçilərini işsizlikdən sığorta etdirmək və “İşsizlikdən sığorta” haqqında Qanunu ilə müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə hüquqi şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi vergi ödəyicisi olan hüquqi şəxslər öhdəliklərini yerinə yetirmədiyindən "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 37,76 manat, İcbari Tibbi Sığorta Fonduna 284,98 manat, dövlət büdcəsinə 0,84 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 1511,71 manat, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 86,13 manat, dövlət büdcəsinə 753,16 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 321,21 manat, Dövlət Sosial Müdafiə Fonduna 2009,41 manat olmaqla, ümumilikdə 5005,2 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan fiziki şəxs və hüquqi şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək üçün "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü, İsmayıllı rayonu, İvanovka kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE AA*******, FİN nömrəsi – xxxxxxx) icra orqanının rəhbəri olduğu "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 37,76 manat, İcbari Tibbi Sığorta Fonduna 284,98 manat, dövlət büdcəsinə 0,84 manat, Dövlət Sosial Müdafiə Fonduna 1511,71 manat, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna 86,13 manat, dövlət büdcəsinə 753,16 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 321,21 manat, Dövlət Sosial Müdafiə Fonduna 2009,41 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar