Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-17/2023 12.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “25162 manat məbləğində əsas borcun, borcun gecikdirildiyi gün üçün 2516 manat zərərin tutulmasına, tutmanın ipoteka predmeti olan, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsinə, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılmaqla iddiaçıya təhvil verilməsinə, ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalıq borc qanunvericiliyin tələbinə əsasən Cavabdeh əmlakı və digər gəlirləri hesabına ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “25162 manat məbləğində əsas borcun, borcun gecikdirildiyi gün üçün 2516 manat zərərin tutulmasına, tutmanın ipoteka predmeti olan, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsinə, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılmaqla iddiaçıya təhvil verilməsinə, ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalıq borc qanunvericiliyin tələbinə əsasən Cavabdeh əmlakı və digər gəlirləri hesabına ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Satış məqsədi üçün iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 2020/08 nömrəli Konsiqnasiya anbarı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sahibkar satış məqsədilə özünə məxsus mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər malların (konsiqnasiya malları) müştərilərə çatdırılmasını (satışını) asanlaşdırmaq üçün “Konsiqnator”a aid anbarda, satış və ya malların saxlanması üçün nəzərdə tutulan yerdə saxlamağı, Konsiqnator sahibkara aid konsiqnasiya mallarını saxlamağı və həmin malların müəyyən olunmuş qiymətlərlə satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.5-ci bəndinə əsasən konsiqnator bu müqavilə üzrə öz öhdəliklərini 1 (bir) aydan çox gecikdirməsinə görə sahibkar vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət emək hüququ vardır. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sahibkar tərəfindən ona təhvil verilən, anbarda və satış yerlərində saxlamaq hüququ olan sahibkar tərəfindən ona verilən malları saxlamağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, konsiqnasiya mallarını “sahibkar”ın mülkiyyəti kim ayrıca saxlamaq sahibkarın vəzifəsidir. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən, sahibkar tərəfindən müəyyən edilmiş satış qiymətindən 10 faizdən artıq olmayan qiymətlə konsiqnasiya mallarının satışını həyata keçirməli və sahibkar tərəfindən müəyyən edilən satış qiymətinə hesablanmış pul vəsaitini qeyd-şərtsiz sahibkara ödəməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti 1 illik dövr üçün yuxarı həddi 101000 manatdan artıq olmayan məbləğdə və həcmdə müəyyən edilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, konsiqnasiya mallarının minimum satış qiyməti sahibkar tərəfindən mallar təhvil verilərkən təhvil-təslim aktı ilə müəyyən edilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, konsiqnator 3 ay müddətində satılmayan malların geri qaytarılması və ya dəyişdirilməsi üçün sahibkara təkliflər verir. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən konsiqnator öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə sahibkara gecikdirilmiş hər gün üçün ödənişin ümumi dəyərinin 01%-i miqdarında cərimə ödəyir. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu öz imza və möhürləri ilə təsdiq etdikləri andan qüvvəyə minir və 17 iyul 2021-ci il tarixədək qüvvədədir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Malların təhvil-təslim akt”ından görünür ki, 25 162 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir və sonuncu “malları qəbul etdim” yazmaqla imzalamışdır. xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 43.6 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 43.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi kredit müqaviləsi, ödəniş tapşırıqları, malların təhvil-təslim aktları tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, satış məqsədi üçün iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 2020/08 nömrəli Konsiqnasiya anbarı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sahibkar satış məqsədilə özünə məxsus mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər malların (konsiqnasiya malları) müştərilərə çatdırılmasını (satışını) asanlaşdırmaq üçün “Konsiqnator”a aid anbarda, satış və ya malların saxlanması üçün nəzərdə tutulan yerdə saxlamağı, Konsiqnator sahibkara aid konsiqnasiya mallarını saxlamağı və həmin malların müəyyən olunmuş qiymətlərlə satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən konsiqnator öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə sahibkara gecikdirilmiş hər gün üçün ödənişin ümumi dəyərinin 01%-i miqdarında cərimə ödəyir. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu öz imza və möhürləri ilə təsdiq etdikləri andan qüvvəyə minir və 17 iyul 2021-ci il tarixədək qüvvədədir. Cavabdeh özünə məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 43.6 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Məhkəmə ilkin olaraq tərəflər arasındakı münasibətlərə qiymət verərək hesab edir ki, tərəflər arasında malların anbarda saxlama, həm də alqı-satqı müqaviləsindən əmələ gəlmiş hüquq münasibətləri yaranmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (Azərbaycan Respublikası Mülki Məcəllləsinin (bundan sonra mətndə MM) 385.1, 386.1, 442, 445.2.1, 448.2, 449.1,445.7-ci maddələri)) MM-in: 837.1. Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alqı-satqı haqqında müddəalar tətbiq edilir. 838.1. Tacir konsiqnasiya mallarını ayrıca saxlamalı və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməlidir. 838.2. Konsiqnasiya malı anbara göndərilərkən tacir onun tamlığını və qüsursuzluğunu yoxlamalı və görünən qüsurlar barəsində tapşırana dərhal məlumat verməlidir. Görünməyən qüsurlar aşkar edilən kimi onlar barəsində dərhal bildiriş verilməlidir. Əgər tacir bunu etməzsə, hesab edilir ki, o, malı saxlamaya qəbul etmişdir. 838.3. Konsiqnasiya malında qüsurların aşkar edildiyi halda tacir tapşıranın ekspeditor, daşıyıcı və ya sığorta firması barəsində hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görməlidir. 839.1. Tacir malın saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır. 839.2. Tacir konsiqnasiya malını oğurlanmadan, yanmadan və üçüncü şəxs tərəfindən zədələnmədən sığorta etdirmək hüququna malikdir və tapşıranın tələbi ilə bunu onun hesabına etməyə borcludur. 840.1. Konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Malların təhvil-təslim akt”ından görünür ki, 25162 manat məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir və sonuncu “malları qəbul etdim” yazmaqla imzalamışdır. Lakin cavabdeh tərəfindən malların dəyəri ödənilməmiş, cavabdeh dəfələrlə məhkəmə iclaslarına dəvət edilsə də, bütün vasitələrdən istifadə edilməklə məhkəmə iclasları barədə məlumatlar verilsə də, məhkəmə iclaslarında iştirak etməməklə bərabər hər hansı bir arqument, etiraz irəli sürməmiş və iddiaçının tələbində qeyd edilənlərin əksini təsdiq edən sübutlar təqdim etməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 25162 manat məbləğində borcunun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin “borcun gecikdirildiyi üçün 2516 manat zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2021-ci il tarixinədək qüvvədədir və həmin Müqavilənin 6.3-cü bəndinə əsasən, müqavilə müddəti ərzində gecikdirilmiş hər gün üçün 0,1% məbləğində cərimə müəyyən edilmişdir. Lakin iddiaçı tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, 2 illik müddət üçün illik 5%lə zərər məbləğinin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bu tələbində qismən haqlıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflər arasında bağlanmış müqavilədə ödəniş qaydası dəqiq müəyyən edilmədiyindən məhkəmə öhdəliklərin icra edilməsinin son gününü müqavilə müddətinin bitdiyi gün yəni, xx.xx.2021-ci il tarixi müəyyən edir və hesab edir ki, həmin tarixdən sonrakı 1 il ərzində illik 5 faizlə faiz borcu cavabdehdən tutulmalıdır. 25162x5/100=1258,1 manat. İddiaçının müqavilə müddəti üçün yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5%-lə zərərin hesablanmasını qanunvericiliyə uyğun hesab etmir. Çünki müqavilə müddəti üçün tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş faiz məbləği əsasında iddiaçı faiz tələb edə bilərdi, lakin bunu iddiasında tələb etmir. MM-in 445.7-ci maddəsinə əsasən tələb edir. Məhkəmənin iddia tələbindən kənara çıxmaq səlahiyyəti olmadığından və iddiaçı vurulmuş zərər üçün qeyd edilən əsasla 2 illik deyil, yalnız bir illik 5% olmaqla zərər pulu tələb edə bilər. Odur ki, cavabdeh 1258,1 manat məbləğində faiz borcunun hesablanmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “tutmanın ipoteka predmeti olan, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri isə 21000 manat müəyyən edilmişdir. Lakin, tərəflər arasında bağlanmış iopteka müqaviləsində müəyyən edilmiş ipoteka predmetinin qiyməti əsas götürülərək iddiaçı məhkəməyə müraciət edərək əmlakın likvid dəyərinin 25162 manat olmasına razı olduğunu bildirdiyindən və bu hal cavabdehin mənafelərinə uyğun olduğundan məhkəmə hesab edir ki, tərəflərin razılığı əsasında qeyd edilən əmlakın likvid dəyəri 25162 manat müəyyən edilməlidir. Odur ki, həmin məbləğ əsas götürülərək həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. İddia tələbinin “ipoteka predmeti hərracda satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, ipoteka predmet yaşayış evi və ya mənzil olmasa da, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilən normanı məhkəmə analogiya üzrə hazırkı tələb üzrə tətbiq edərək hesab edir ki, qeyri-yaşayış sahəsinin boşaldılması üçün də əlavə məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət görmür. Çünki qanunvericiliyin daha həssas və ciddi tənzimlədiyi məsələlərdə ipoteka predmeti olan mənzilə məhkmə qərarı əsasında yönəltmə baş verdikdə mənzildə yaşayan şəxslərin həmin yaşayış sahəsindən çıxarılması ilə bağlı əlavə məhkəmə qərarının çıxarılmasına ehtiyac duymur. Qeyd edilən norma 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2527) ilə həmin norma xx.xx.2019-cu il tarixdən qüvvədə olduğundan hazırkı müqavilə münasibətlərinə də şamil olunur və bu halda yenidən məhkəmə qərarının qəbul edilməsi tələb edilmir. Ona görə də iddia tələbi həmin hissədə əsaslı deyildir. Bundan əlavə iddia tələbinin “ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalıq borc qanunvericiliyin tələbinə əsasən Cavabdeh əmlakı və digər gəlirləri hesabına ödənilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, bu tələbin məhkəmə tərəfindən təmin edilməsi əsassız və qanunsuz olardı. Belə ki, iş üzrə cavabdehin müvafiq borcunu birdəfəlik ödəməsi, ipoteka predmetinin hansı qiymətə satılacağı, nəhayət həmin məbləğin borcun ödənilməsinə kifayət etməyəcəyini müəyyən etmək bu gün mümkün deyildir və bu əsasla gələcəkdə baş verib-verməyəcəyi məlum olmayan hallarla bağlı məhkəmə tərəfindən konkret qərar qəbul edilməsi qanuni hesab edilmir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 173,03 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 165,17 manatı cavabdehdən, 7,86 manatı iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən mediasiya tələb edilmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu bütövlükdə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 200 manat pul iddiaçı və Cavabdeh bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25162 manat əsas borc, borcun gecikdirdiyi müddət üçün hesablanmış 1258,10 manat zərər məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləğinin ödənilməsi məqsədi ilə tutma Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin qeyri-yaşayış sahəsinin likvid dəyəri 25162 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. 173,03 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı MMC-dən və 100 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ**********00000 47944, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-17/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-17/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver