Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-170/2024 20.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “3200 manat borc və 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02/02863 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə 2 ay müddətinə texnikadan istifadəyə görə 5500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq predmeti xx.xx.2023-cü il tarixli aktla saz vəziyyətdə cavabdehə təhvil verilmiş və xx.xx.2023-cü il tarixli aktla saz vəziyyətdə geri alınmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyinin lazmınca yerinə yetirməmiş, 5500 manat məbləğində olan öhdəliyindən 2300 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02/02863 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh istifadəyə götürdüyü texnikanın istifadəsinə görə 5500 manat məbləği ödəməli olduğu halda həmin texnikanın istifadəsinə görə 2300 manat ödəniş etmişdir. Cavabdehin hazırda cəmiyyətə 3200 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Lizinq müqaviləsi, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02/02863 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə 2 ay müddətinə texnikadan istifadəyə görə 5500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq predmeti xx.xx.2023-cü il tarixli aktla saz vəziyyətdə cavabdehə təhvil verilmiş və xx.xx.2023-cü il tarixli aktla saz vəziyyətdə geri alınmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyinin lazımınca yerinə yetirməmiş, 5500 manat məbləğində olan öhdəliyindən 2300 manat ödəniş etmiş, qalan 3200 manat məbləği isə ödəməmişdir. Maliyyə arayışı ilə borcun mövcudluğu müəyyən olunur. Bu səbəbdən 3200 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən iddianın qiymətinə uyğun olaraq 52 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 70 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3200 manat borc və 70 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 52 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-170/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-170/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver