Məhkəmə qərarları › İş №e-2-2(117)-1769/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1769/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1769/2025 10.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 24955.26 manat əsas borc, 26377.7 manat cərimə borcu və 244 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “cavabdehdən iddiaçının xeyrinə 51 333.96 manat məbləğində pulun və 244 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra iddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 24955.26 manat əsas borc, 26377.7 manat cərimə borcu və 244 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 20 aprel 2021-ci il tarixli 1043 S- 2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan mal və materiallar almışdır. Əldə etdiyi mal və materialların dəyərini ödəmədiyinə görə xx-xx-2025-ci il tarixinə cavabdehin borcu 51333.96 manat təşkil edir. O cümlədən, əsas borc məbləği 24955.26 manat, müqavilənin 2.2.3-cü bəndində nəzərdə tutulmuş cərimə məbləği 26377.7 manat təşkil edir. Bununla əlaqədar olaraq cavabdehə iddia ərizəsinə əlavə etmiş olduqları elektron qaimələr və təhvil-təslim aktları əsasında mallar təhvil verilmişdir. Bu müqavilənin 3.4.1 -ci bəndinə əsasən, cavabdeh iddiaçıdan təhvil aldığı mal və materilların dəyərini satıcıya ödəməli idi. Müqavilə üzrə cavabdeh öhdəliklərini icra etməmiş və xx.xx.2025-ci il tarixinə iddiaçıya 51333.96 manat borcu yaranmışdır. İddia ərizəsi və pretenziya cavabdehə Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi və Azəri Expres vasitəsilə çatdırılmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2026-cı il tarixli ərizəsi ilə cavabdehin xx.xx.2019-cu il tarixli qaimə üzrə 33 595.18 manat ödəniş etdiyini, 1805.73 manat ödənilməmiş borcunun qaldığını, xx.xx.2021-ci il tarixli 602281 nömrəli qaimə üzrə 19029.45 manat ödənilməmiş borcunun qaldığını, eyni tarixli 606058 nömrəli qaimə üzrə 5900 manat ödəniş etdiyini, 4120.16 manat ödənilməmiş borcunun qaldığını qeyd etmişdir.

5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1-ci, 21.2-ci, 385.1-ci, 386.1-ci, 389.1-ci, 427.3-cü, 442-ci, 445-ci, 448.1-ci, 449-cu, 739.1-ci maddələri göstərilmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1769/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə aralarında bağlanılan müqavilələri, elektron qaimələri, maliyyə arayışını, pretenziyanı və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmək istəyir. Müqavilənin şərtlərinə əsasən gündəlik 0.1% olmaqla cərimə borcu hesablanır. Cavabdeh öz fəaliyyətini dayandırıb, vergi borc var, onunla heç bir əlaqələri qalmayıb. İddia ərizəsinin tam təmin edilməsini məhkəmədən xahiş edirlər.

8. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İşdə olan İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış 20 aprel 2021-ci il tarixli 1043 S-2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən, tərəflər al;cı tərəfindən satıcının anbarından mal və avadanlıqların alınması, malların haqqının satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri, təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına ödənilməsi, alıcının göstərilmiş müddət ərzində ödəniş etmədiyi və ya satıcının malı gösətrilən müddətdə təhvil vermədiyi halda gecikdirilmiş hər gün üçün malların dəyərinin 0.1% həcmində cərimə ödəməsi barədə razılaşmışlar.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi, cavabdehə müqaviləyə əsasən tikinti materiallarının satışının həyata keçirildiyi, qaimə borcunun 24 955.26 manat təşkil etdiyi, müqavilənin 2.2.3-cü bəndinə əsasən 26 377.7 manat faiz borcu hesablandığı qeyd edilmişdir.

17. xx.xx.2019-cu il tarixli EBAC seriyalı 800399 nömrəli (35 400.92 manat), xx.xx.2021-ci il tarixli EBBG seriyalı 602281 nömrəli (19029.45 manat) və 606058 nömrəli (10020.16 manat) elektron qaimələr, həmin qaimələrə uyğun olaraq qiymətin razılaşdırılması barədə protokollar, eyni zamanda xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli mal və materialların təhvil-təslim aktları iş materiallarına əlavə edilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

21. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.

22. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların verilməsindən və cavabdehin iddiaçıya yaranmış borcunun tam qaydada ödənilməməsindən ibarətdir.

23. İşin mübahisələndirilən halına isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

24. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 64 450.53 manat dəyərində mallar təhvil verilmiş (təhvil-təslim aktları, elektron qaimə-fakturalara əsasən), lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, qeyd edilən borcdan 24955.26 manat ödənilməmiş borcu qalmışdır. Elektron qaimə-fakturalar sadəcə öz-özlüyündə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini cavabdehin fiziki imza və möhürü ilə təsdiq edilməsini, malların təhvil-təslim aktların ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya borcunun qaldığı təsdiq olunur.

25. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə cavabdehdən müqavilənin şərtinə əsasən 26377.7 manat məbləğində cərimənin tutulmasını tələb edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən əsas borcun 5%-i həcmində, yəni 1247.76 manat məbləğində cərimə borcunun tutulması ədalətli və ağlabatandır.

26. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...

27. Göründüyü kimi iddiaçı cavabdehdən 24955.26 manat əsas borc və 1247.76 manat cərimə borcu olmaqla, cəmi 26203.02 manat borcun tutulmasını tələb etməkdə haqlıdır.

28. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Eyni zamanda, tələb edilən borc məbləği ilə razılaşmamasına dair hər hansı bir vəsatətlə çıxış etməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir.

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

30. Hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə hazırkı iş üzrə heç bir münasibət bildirməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

31. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 24955.26 manat əsas borc və 1247.76 manat cərimə borcu olmaqla, cəmi 26203.02 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

32. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (244 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə 124.55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə isə iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 24955.26 manat əsas borc, 1247.76 manat cərimə borcu olmaqla, cəmi 26203.02 manat və 124.55 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar