Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-179/2025 06.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40263.60 manat məbləğində pulun və ödənilmiş 211 manat rüsumun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aramızda bağlanmış 22 dekabr 2020-ci il tarixli 1029 S-2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən, alıcı iddiaçıdan tikinti materialları əldə etmişdir. Əldə etdiyi tikinti materiallarının dəyərini ödəmədiyinə görə, xx.xx.2024-cü il tarixinə Cavabdeh borcu 40263.60 (qırx min iki yüz altmış üç manat altmış qəpik) manat təşkil edir. Bununla əlaqədar olaraq, cavabdehə iddia ərizəsinə əlavə edilmiş elektron qaimələr verilmiş və təhvil-təslim aktları əsasında mallar cavabdehə təhvil verilmişdir. Bu Müqavilənin 2.2.2- ci bəndinə əsasən, cavabdeh iddiaçıdan təhvil aldığı malın dəyərini 15 gün müddətində, köçürmə yolu ilə ödəməli idi. Müqavilə üzrə Cavabdeh öhdəliklərini icra etmədiyi üçün xx.xx.2024-cü il tarixinə, İddiaçıMMC -yə 40263.60( qırx min iki yüz altmış üç manat altmış qəpik) manat borcu yaranmışdır. İddia ərizəsi və pretenziya Cavabdeh Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi vasitəsilə çatdırılmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 1029 S-2020 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı alıcının sifariş verdiyi malları alıcıya verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
7. İş materaiallarında xx.xx.2020-ci il tarixli 1029 S-2020 nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş qiymətlərin razılaşdırılma protokoluna xx.xx.2021-ci il tarixdə imzalanmış 5 nömrəli əlavədə həmin alqı-satqı müqaviləsi əsasında alıcıya verilən malların adları və malların ümumi qiymətinin 41086,89 manat olduğu öz əksini tapmışdır.
8. İş materiallarında olan 489014 nömrəli xx.xx.2021-ci il tarixli, İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş elektron qaimələrdə cavabdehin iddiaçıya müxtəlif məhsullara görə 41086,89 manat ödəməli olduğu borc və malların adları göstərilmişdir. Həmin elektron qaimə təhvil-təslim aktı kimi tərtib edilmiş və iddiaçı, cavabdeh tərəfindən imzalanmışdır.
9. İş materiallarında olan mal və materialların 5 nömrəli təhvil-təslim aktında iddiaçı tərəfindən cavabdehə verilən malların adları və yekun borcun 41086,89 manat olduğu öz əksini tapmışdır.
10. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli 1029 S- 2020 nömrəli müqavilə 40263,60 manat ödənilməmiş borcu qalmışdır.
11. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
VI. Məhkəmənin mövqeyi:
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 40263,60 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan qiymətlərin razılaşdırılma protokoluna əlavədə və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində qeyd olunanların əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
15. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2020-ci il tarixli 1029 S-2020 nömrəli “Alqı-satqı Müqaviləsi”-nə əsasən 40263,60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Bundan başqa məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş 211 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.
Vİ. Nəticə
18. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 1029 S-2020 nömrəli müqavilə üzrə 40263,60 manat məbləğində borc və ödənilmiş 211 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova