Məhkəmə qərarları › İş №e-2-2(117)-1790/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1790/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1790/2025 21.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6266.72 manat məbləğində borcun, 626.67 manat dəbbə pulunun və 88.94 manat məbləğində dövlət rüsumunun tutularaq, cəmi 6982.33 manat məbləğində İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC-nin arasında 20 noyabr 2023-cü il tarixdə, № 20112023 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən Cavabdeh MMC malları qəbul edib və İddiaçı MMC-yə malın dəyərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli elektron qaimə № 102131 ilə 344.85 manat məbləğdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli elektron qaimə № 105924 ilə 185.20 manat məbləğdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli elektron qaimə № 490540 ilə 875.10 manat məbləğdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli elektron qaimə № 673237 ilə 754.60 manat məbləğdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli elektron qaimə № 00039179 ilə 848.96 manat məbləğdə elektron qaimə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə 6266.72 manat manat İddiaçı MMC bir tərəfdən və digər tərəfdən Cavabdeh MMC üzləşmə aktı imzalanmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 23 oktyabr 2025-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 (on) gün ərzində 6266.72 manat manat məbləğində olan borcun ödənilməsini xahiş etmişik və bundan başqa AR İN yanında DVXnin onlayn kargüzarlıq vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir. Sözügedən alqı-satqı müqaviləsinin 8.2-ci və 8.3-cü maddəsinə əsasən iddiaçının məruz qaldığı vaxt itkisi və bunun nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq cavabdehdən malların cəmi dəyərinin 10%-i (on faizi) həcmində yəni 626.67 manat məbləğində dəbbə pulu da cavabdeh tərəfindən ödənilməlidir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh arasında 20 noyabr 2023-cü il tarixdə alqı-satqı müqavilə bağlanılmışdır. Lakin 1 oktyabr 2025-ci ilə kimi olan 6266 manat 72 qəpik məbləğində borc cavabdeh tərəfindən 1 ay ərzində ödənilmədiyi üçün məhkəməyə müraciət ediblər. Üzləşmə aktında da qarşı tərəf borcu qəbul edir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İddia tələbini müdafiə edərək, təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. .

4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 20112023 nömrəli “malların alqısatqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində (qiymətlərin razılaşdırma protokolu) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədi üçün yararlı halda alıcıya təmin etməli, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 8.2-ci bəndinə əsasən tərəflərin hər-hansı biri tərəfindən müqavilə üzrə öhdəliklərinin müəyyən olunmuş müddətlərdə və razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirilməməsinə görə zərərçəkmiş tərəf, müvafiq pozuntunu törətmiş digər tərəfdən hər gecikmə günü və ya pozuntunun davam etdiyi hər gün üçün müqavilənin ayrı-ayrı əlavələri ilə nəzərdə tutulan məbləğin 0,1 % həcmində dəbbə pulu ödənilməsini, müvafiq əlavələr ilə ümumi məbləğin 10 %-dən çox olmamaq şərti ilə tələb edə bilər. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İddiaçı xx.xx.2025-ci il tarixə olan üzləşmə aktına əsasən Cavabdeh iddiaçıya müqavilə üzrə cəmi 6266,72 manat borcunun olması öz əksini tapmışdır. Həmin akt iddiaçı və cavabdeh şirkətin möhürləri, nümayəndələrinin imzaları ilə ilə təsdiq edilmişdir.

8. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 00039179 nömrəli xx.xx.2024-cü il tarixli, 105924 nömrəli xx.xx.2024-cü il tarixli, 673237 nömrəli xx.xx.2024-cü il tarixli, 102131 nömrəli xx.xx.2024-cü il tarixli, 490540 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimələrdə iddiaçı tərəfindən cavabdehə verilən malların adı və qiyməti öz əksini tapmışdır.

V. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

10. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

VI. Məhkəmənin mövqeyi:

11. Məhkəmə qeyd edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmış münasibətdən irəli gəlir.

13. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş malları (tibbi dərman vasitələri) cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan qaimə və sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və ödənilməmiş 6266,72 manat məbləğində əsas borcu qalmışdır. Bu hal isə iş materiallarında olan üzləşmə aktı, digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

14. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli 20112023 nömrəli alqı-satqı müqaviləsinə əsasən 6266,72 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 8.2-ci bəndindən irəli gəlir. Belə ki, 8.2-ci bəndinə əsasən tərəflərin hər-hansı biri tərəfindən müqavilə üzrə öhdəliklərinin müəyyən olunmuş müddətlərdə və razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirilməməsinə görə zərərçəkmiş tərəf, müvafiq pozuntunu törətmiş digər tərəfdən hər gecikmə günü və ya pozuntunun davam etdiyi hər gün üçün müqavilənin ayrı-ayrı əlavələri ilə nəzərdə tutulan məbləğin 0,1 % həcmində dəbbə pulu ödənilməsini, müvafiq əlavələr ilə ümumi məbləğin 10 %-dən çox olmamaq şərti ilə tələb edə bilər.

16. Məhkəmə hesab edir ki, iddia 626,67 manat cərimə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən xx.xx.2023-cü il tarixli 20112023 nömrəli “alqı-satqı müqaviləsi” üzrə əsas borc məbləğinin 5 %-i həcmində, yəni 313,33 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 85,8 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

18. Beləliklə, qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 6266,72 manat məbləğdə əsas borc, 313,33 manat cərimə borcu olmaqla cəmi 6580,05 manat məbləğdə pul vəsaiti və 85,8 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 6266,72 manat məbləğdə əsas borc, 313,33 manat cərimə borcu olmaqla cəmi 6580,05 manat məbləğdə pul vəsaiti və ödənilmiş 85,8 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar