Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1806/2025 21.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “cavabdehdən 51015.34 manat pulun və ödənilən 244 manat dövlət rüsumunun tutularaq iddiaçının bank hesabına ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Birgə Müəssisəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 51015.34 manat pulun və ödənilən 244 manat dövlət rüsumunun tutularaq iddiaçının bank hesabına ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 01 Mart 2021-ci il tarixdə bağlanmış AM034-21 nömrəli birgə müqaviləyə əsasən icraçıya sifarişçi tərəfindən tələb edilən müxtəlif çeşidli (laminat, parket, DSP, MDF, mebel aksessuarları, qapılar və s.) malların alınmasını razılaşdırılmış qiymətlərə uyğun olaraq sifariş verilmişdir. İcraçı elektron qaimələr üzrə qeyd edilən malları sifarişçinin ünvanına çatdırıb təhvil verdikdən sonra malların dəyər məbləğini 5 iş günü müddətində icraçının bank hesabına ödənilməsini həyata keçirməlidir. Belə ki, müqavilənin tələb və şərtlərinə sifarişçi tərəfindən qismən əməl olunmasına baxmayaraq, lakin 2025-ci ilin fevral ayından üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və icraçıdan qəbul etdiyi malların dəyərini ödəmədiyinə görə nəticədə 51015.34 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə tərəflər arasında fərdi qaydada işgüzar görüş keçirilmiş və üzləşmə aktı tərtib edilərək qeyd olunan borc Nümayəndə3 tərəfindən yazılı ifadəsində təsdiq edilmiş və bildirilmişdir ki, üzərinə götürdüyü öhdəliyi qısa bir zamanda yerinə yetirəcəkdir. Lakin, çox təəssüflər olsun ki, cavabdeh tərəfindən müqavilənin bütün şərtləri kobud şəkildə pozulmuş və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Dəfələrlə yaranmış borcun ödənilməsi üçün tərəflərindən müraciət edilməsinə baxmayaraq telefon əlaqəsini kəsib və ünvanlarını dəyişərək ödənişdən yayınırlar. 27 Oktyabr 2025-ci il tarixdə 605/25 saylı pretenziya məktubunu cavabdehin vergi elektron saytına yerləşdirməklə xəbərdarlıq edilmişdir ki, yaranmış borcu dərhal iddiaçının bank hesabına ödənilməsi tərəflərindən tələb edilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1806/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. II. Tərəflərin mövqeləri:
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işdə iştirak edə bilməyəcəyini və işin təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
9. İddiaçı "xxxx" Birgə Müəssisəsi (icraçı) və Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 01 mart 2021-ci il tarixli AM 034-21 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edir ki, Sifarişçi (cavabdeh) müxtəlif çeşidli laminat parket, DSP, MDF, mebel aksessuarları, qapılar və sair malların alınması üçün İcraçının (iddiaçı) təklif etdiyi qiymətlərlə razılaşırlar.
10. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən, icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməyi, sifarişçi təxirəsalmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılması nəzərə alınmaqla) qəbul etməyi və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. 2.8ci bəndinə əsasən, sifariş verilmiş mallar sifarişçiyə elektron qaiməyə əsasən göndərilir.
11. 19.04.2022-ci il tarixli EBBU seriyalı 794694 nömrəli (42480 manat), xx.xx.2022-ci il tarixli 581635 nömrəli EBCC seriyalı (32450 manat), 580953 nömrəli (32450 manat), xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 204202 nömrəli (53640.46 manat), 206056 nömrəli (43502.08 manat), 194881 nömrəli (51659.24 manat), xx.xx.2022-ci il tarixli EBCK seriyalı 224995 nömrəli (33616.15 manat), 225131 nömrəli (41930.77 manat), 226119 nömrəli (53164.06 manat), 225580 nömrəli (36489.02 manat), xx.xx.2023-cü il tarixli EBDG seriyalı 423274 nömrəli (49569.44 manat), xx.xx.2023-cü il tarixli EBDM seriyalı 288182 nömrəli (56177.81 manat), xx.xx.2023-cü il tarixli MT2312 seriyalı 00005050 nömrəli (70800.0035 manat), xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 11667386 nömrəli (68440.0032 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalarla iddiaçı tərəfindən cavabdehə yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlərlə bağlı elektron qaydada qaimələrin göndərildiyi müəyyən edilir.
12. xx.xx.2025-ci il tarixli üzləşmə aktında cavabdehin iddiaçıya olan borcunun 51015,34 manat olduğu müəyyənləşdirilmiş və həmin aktın doğruluğu tərəflərin nümayəndələrinin imzaları ilə təsdiqlənmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
16. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında 01 mart 2021-ci il tarixli AM 034-21 nömrəli müqavilənin (alqı-satqı), üzləşmə aktının bağlanmasından ibarətdir.
17. İşin mübahisələndirilən halına isə qeyd edilən müxtəlif çeşidli malların alınması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya olan borcunun ödənilib-ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
18. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında 01 mart 2021-ci il tarixdə müqavilə (alqı-satqı) bağlanmış, bundan sonra elektron qaimə fakturalardan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə müəyyən dövrlərdə müqavilə ilə razılaşdırılmış müvafiq mallar təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə tərəflər arasında üzləşmə aktı bağlanaraq cavabdehin 51015,34 manat borcunun olduğu faktı cavabdehin nümayəndəsinin imzası ilə təsdiqlənmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
20. Göründüyü kimi cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 51015,34 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır.
21. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.
22. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
23. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
24. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
25. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə hər hansısa etiraz və ya münasibət bildirməmiş, iddia tələbinin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
26. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 51015.34 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
27. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (243.05 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi təmin edildiyindən 243.05 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.95 manat rüsum isə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 51015.34 manat pul və 243.05 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov