Məhkəmə qərarları › İş №e-2-2(117)-1821/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1821/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1821/2025 27.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçıASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 11 687,85 manat əsas borcun və məhkəməyə ödənilən 136.39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 15 462.40 manat əsas borcun və məhkəməyə ödənilən 136.39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra iddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcminin azaldılmasını və “cavabdehdən 11 687,85 manat əsas borcun və məhkəməyə ödənilən 136.39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmin ərizə məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixli protokol qərarı ilə icraata götürülmüşdür.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində, Z/16 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə, xx.xx.2022-ci il tarixində isə bu müqaviləyə 1 nömrəli Əlavə imzalanmış və bunun əsasında iddiaçı tərəfindən cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 7748,10 manat dəyərində mallar təqdim edilmiş və/və ya xidmətlər göstərilmişdir. Əlavə olaraq 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən cavabdehə 8063 manat kredit ayrılmış, cavabdehin e-qaimələrlə təhvil verdiyi 10605.79 manat məbləğdən 5341.26 manat cavabdehə ödənilmiş, 3003.15 manat qarşılıqlı borcların əvəzləşdirilməsi aktı ilə borcundan silinmiş, 2261.39 manat isə kredit borcuna görə "xxxx" ASC-yə ödənilmiş, həmin il üzrə cavabdehin 4744.95 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixində Z/2023/010 nömrəli “Tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvilqəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 8.430,00 manat dəyərində mallar təqdim etmiş və/və ya xidmətlər göstərmişdir. Əlavə olaraq 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən cavabdehə 9860 manat kredit verilmiş, cavabdehin e-qaimələrlə təhvil verdiyi 22791.76 manat məbləğdən 5155.96 manat cavabdehə ödənilmiş, 1654.51 manat qarşılıqlı borcların əvəzləşdirilməsi aktı ilə borcundan silinmiş, 15981.30 manat isə kredit borcuna görə "xxxx" ASC-yə ödənilmiş, həmin il üzrə cavabdehin 6775.49 manat borcu qalmışdır. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün ümumi 83.635 kiloqramlıq, müvafiq eqaimələrlə dəyəri 22.791,76 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmiş, bu məbləğdən 1.654,51 manat hissəsi cavabdehin iddiaçıya olan borcundan silinmiş, qalan məbləğ isə cavabdehə ödənilmiş, beləliklə, 2023-cü il mövsümü üçün cavabdehin iddiaçıya 6.775,49 manat borcu qalmışdır. Bunlardan başqa, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdə nəzərdə tutulan öhdəliklərinin icrası ilə əlaqədar "xxxx" ASC ilə kredit müqavilələri bağlamışdır. Belə ki, cavabdeh öz öhdəliklərini lazımınca, düzgün yerinə yetirə bilmədiyi üçün kredit müqavilələri ilə əldə etdiyi kredit məbləğini və ona uyğun hesablanan faiz məbləğlərinin əvəzini tam ödəyə bilməmişdir. Nəticədə, "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixində “Tələbin güzəşti” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilənin 1 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərini "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürür. Bununla da, Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən "xxxx" ASC cavabdehə olan 167,41 manat tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, Z/16 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə çərçivəsində 4744.95 manat, xx.xx.2023-cü il tarixli, Z/2023/010 nömrəli “Tütünün istehsalına dair” müqavilə çərçivəsində 6.775,49 manat, xx.xx.2023-cü il tarixli “Tələbin güzəşti” müqaviləsi çərçivəsində 167,41 manat, ümumilikdə 11687.85 manat borc məbləği ödənilməlidir. Cavabdehə xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1-ci, 21.2-ci, 194.1-ci, 194.2-ci, 196-cı, 389.1-ci, 390.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 743.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə aralarında 2022-2023-cü illərdə alqı-satqı müqavilələri imzalanmışdır. Bu müqavilələrə əsasən tərəflərindən cavabdehə toxum, ştil və digər mallar verilmişdir. Bunun əsasında xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, xidmətlər göstərilmişdir. Cavabdehə Paşa Bank tərəfindən 8063 manat dəyərində kredit xətti açılmışdır. Cavabdeh tərəfindən 2022-ci il əkin mövsümü üçün qaimələrlə dəyəri 10605.79 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bunun əsasında 5341.26 manat cavabdehin özünə, 2261.39 manat banka ödəniş etmişlər. Növbəti dəfə cavabdehin borcundan 3003.15 manat silinib. 2022-ci il üzrə cavabdehin qalıq borcu 4744.95 manat təşkil edir. 2023-cü il üçün yeni müqavilə bağlanılmışdır. xx.xx.2023-cü ildə tərəflərindən ümumilikdə 8430 manat dəyərində mallar təqdim edilmiş və xidmətlər göstərilmişdir. Paşa Bank tərəfindən isə 9860 manat dəyərində kredit xətti açılmışdır. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün dəyəri 22791.76 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bunun əsasında 5155.96 manat cavabdehin özünə, 15981.30 manat banka ödəniş etmişlər. Əvvəlki borcundan isə 1654.51 manat silinmişdir. Nəticə olaraq 2023-cü il üzrə borc 6775.49 manatdır. Cavabdeh banka olan kreditlərini ödəyə bilmədiyi üçün Paşa bank borc tələbini Azərtütün ASC-yə vermişdir. xx.xx.2023-cü il müqaviləsinə əsasən borc 167.41 manat təşkil edir. Cavabdehin ümumi borcu isə 11687.85 manat təşkil edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edirlər.

6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

V. Sübutların tədqiqi:

15. İddiaçı ASC (alıcı) və Cavabdeh (fermer) arasında xx.xx.2022-ci il tarixdə Z/16 nömrəli “Yaş tütünün alqı-satqısına dair” və xx.xx.2023-cü il tarixdə Z/2023/010 nömrəli “Tütünün istehsalına dair” müqavilələr bağlanmışdır.

16. xx.xx.2022-ci il tarixli Z/16 nömrəli müqaviləyə əsasən: - 15.04.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 29 ədəd malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7748.1 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. - 04.07.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 17 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 10605.79 manat məbləğində tütün təhvil verilmişdir. - 18.08.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktlardan görünür ki, tərəflər arasında 2022-ci il üzrə yaranmış qarşılıqlı borcların 3003.15 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. - 08.07.2022-ci tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 9 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 7602.64 manat məbləğində pul köçürülmüşdür.

17. xx.xx.2023-cü il tarixli Z/2023/010 nömrəli müqaviləyə əsasən: - 10.02.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 24 ədəd malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8.430 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. - 07.07.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 12 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 22791.76 manat məbləğində tütün təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktlardan görünür ki, tərəflər arasında 2023-cü il üzrə yaranmış qarşılıqlı borcların 1654.51 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. - 07.07.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 19 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 21137.26 manat məbləğində pul köçürülmüşdür.

18. "xxxx" ASC (tələbi güzəşt edən) və İddiaçı ASC (tələbi əldə edən) arasında 22 dekabr 2023-cü il tarixdə bağlanmış Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilənin 1.1ci bəndinə əsasən, “tələbi güzəşt edən” siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdələrinə götürürlər. Paşa Bank ASC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin 01 nömrəli Əlavəsinə əsasən, xx.xx.2022-ci il tarixli K5105 saylı, xx.xx.2023-cü il tarixli K5950 saylı kredit müqaviləsi üzrə cəmi 167.41 manat borc barəsində cavabdehə olan tələb hüququ iddiaçıya güzəşt edilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə məyyən etmişdir ki, tərəflər arasında podrat və alqı-satqı müqavilələrinin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlamışlar. Qanunvericilin tələbinə görə də tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

22. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Z/16 nömrəli yaş tütünün alqı-satqısına dair, xx.xx.2023-cü il tarixdə Z/2023/010 nömrəli tütünün istehsalına dair, iddiaçı ilə "xxxx" ASC arasında 22 dekabr 2023-cü il tarixdə tələbin güzəşti (alqı-satqı) haqqında müqavilələrin bağlanmasından, "xxxx" ASC tərəfindən müvafiq olaraq cavabdehə olan 167.41 manat tələb hüququnun iddiaçıya güzəşt edilməsindən, iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsindən, xidmətlərin göstərilməsindən, təhvil verilmiş tütünə görə cavabdehin hesabına pulun köçürülməsindən, bir hissəsinin cavabdehin borcu ilə əvəzləşdirilməsindən ibarətdir.

23. İşin mübahisələndirilən halına isə həmin müqavilələr əsasında cavabdehin iddiaçıya borcunun mövcud olub-olmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

24. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/16 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7748.1 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 10605.79 manat dəyərində tütün təhvil verilmiş, həmin tütünün dəyərinin 3003.15 manat hissəsi cavabdehin borcu ilə əvəzləşdirilmiş, 7602.64 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 4744.95 manat (7748.1 - 3003.15) ödənilməmiş borcu qalmış, xx.xx.2023-cü il tarixdə Z/2023/010 nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8.430 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 22791.76 manat dəyərində tütün təhvil verilmiş, həmin tütünün dəyərinin 1654.51 manat hissəsi cavabdehin borcu ilə əvəzləşdirilmiş, 21137.26 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 6775.49 manat (8.430 - 1654.51) ödənilməmiş borcu qalmışdır. Tərəflər arasındakı müqavilələr üzrə öhdəliklərin icrası üçün Paşa Bank ASC ilə hazırkı iş üzrə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və cavabdehə kredit verilmişdir. Bundan sonra 22 dekabr 2023-cü il tarixdə bağlanmış Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilə və 01 nömrəli Əlavə ilə "xxxx" ASC tərəfindən kredit müqaviləsinə əsasən cavabdehə olan ümumilikdə 167.41 manat (150.22 manat + 17.19 manat) tələb hüququ iddiaçıya güzəşt edilmişdir. Qanunvericiliyin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.

25. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.

26. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən 11 687,85 manat (4744.95 manat+6775.49 manat+167.41 manat) borc məhkəməyə təqdim edilmiş sübutlarla, eyni zamanda iddiaçı tərəfin izahatı qarşılıqlı təhlil edildikdə təsdiqini tapır. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

27. Yekun olaraq Cavabdeh 11 687,85 manat əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

Vİİ. Məhkəmə məsrəfləri:

29. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 125.06 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 125.06 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş hissədə iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11 687,85 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125.06 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar