Məhkəmə qərarları › İş №e-2-2(117)-1822/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1822/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1822/2025 05.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 8 818.74 manat əsas borcun və məhkəməyə ödənilən 108.18 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 8 818.74 manat əsas borcun və məhkəməyə ödənilən 108.18 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Q/06 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən cavabdeh istifadəsində olan 8.4 ha torpaq/əkin sahəsində iddiaçı tərəfindən verilən NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə iddiaçıya satmağı, iddiaçı isə tələblərə uyğun olan yaş tütünü qəbul etməyi, müəyyənləşdirilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, iddiaçı tərəfindən cavabdehə sözügedən müqavilə çərçivəsində müvafiq toxum, şitil, gübrə, dərman verilmişdir. Ümumilikdə, iddiaçı tərəfindən cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən mallar təqdim edilmiş və/və ya xidmətlər göstərilmişdir (borc olaraq hesablanmışdır). Cavabdeh tərəfindən 2022ci il əkin mövsümü üçün müvafiq həcmdə tütün təhvil verilmiş, həmin tütünlərin dəyəri ödənilmiş, lakin cavabdehin iddiaçıya olan borcu tam silinməmişdir – belə ki, 252 manat borc məbləği yaranmışdır. Bunun ardınca isə iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Q/2023/016 nömrəli “Tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin preambulasının 2-ci bəndinə əsasən cavabdehin istifadəsində 6.8 ha torpaq/əkin sahəsi vardır və müqavilənin 1-ci maddəsinə əsasən həmin müqavilənin 1 saylı Əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə iddiaçıya təhvil verməli, iddiaçı isə tələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən müqavilənin 6.1ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 4.535 manat dəyərində mallar təqdim etmiş və/və ya xidmətlər göstərmişdir. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün ümumi 25.635 kiloqramlıq, müvafiq eqaimələrlə dəyəri 7.014,68 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bu məbləğ bütövlükdə iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdehin iddiaçıya olan borcundan silinməmişdir. Beləliklə, 2023-ci il dövrü üçün cavabdehin iddiaçıya 4.535 manat borcu qalmışdır. Bunlardan savayı, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdə nəzərdə tutulan öhdəliklərinin icrası ilə əlaqədar "xxxx" ASC ilə kredit müqavilələri bağlamışdır. Belə ki, cavabdeh öz öhdəliklərini lazımınca, düzgün yerinə yetirə bilmədiyi üçün kredit müqavilələri ilə əldə etdiyi kredit məbləğini və ona uyğun hesablanan faiz məbləğlərinin əvəzini tam ödəyə bilməmişdir. Nəticədə, "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2023-cü il, habelə xx.xx.2024-cü il tarixdə “Tələbin güzəşti” müqavilələri imzalanmışdır. Belə ki, həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən tələbi güzəşt edən qismində çıxış edən "xxxx" ASC müqavilələrin 1 nömrəli Əlavələrində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən qismində çıxış edən iddiaçı isə tələblərin dəyərinin"xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da, müqavilələrin 1 nömrəli Əlavələrinə əsasən "xxxx" ASC müvafiq olaraq cavabdehə olan 439,03 manat və 3.592,71 manat tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Beləliklə, cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli Q/06 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə çərçivəsində 252 manat, xx.xx.2023-cü il tarixli Q/2023/016 nömrəli “Tütünün istehsalına dair” müqavilə çərçivəsində 4.535 manat, “Tələbin güzəşti” müqavilələri çərçivəsində müvafiq olaraq 439,03 manat və 3.592,71 manat olmaqla, ümumilikdə 8.818,74 manat ödəməlidir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1-ci, 21.2-ci, 194.1-ci, 194.2-ci, 196-cı, 389.1-ci, 390.1-ci, 425.1-ci, 443.1-ci, 743.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilərək ona rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

V. Sübutların tədqiqi:

15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (alıcı) və Cavabdeh (fermer) arasında xx.xx.2021-ci il tarixdə Q/06 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə bağlanmışdır.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Azərtütün) və Cavabdeh (fermer) arasında xx.xx.2023-cü il tarixdə Q/2023/016 nömrəli “Tütünün istehsalına dair” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndindən göründüyü kimi müqavilənin şərtlərinə uyğun olaraq fermer 2023-cü il məhsul mövsümü üçün əkin sahəsində Azərtütünün nəzarəti və rəhbərliyi altında Əlavə №1-də göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu (əkin sahəsində yetişdirilmiş və əmtəə keyfiyyətinə malik bütün yaş tütün) tam həcmdə Azərtütünə təhvil verməyi, Azərtütün isə məhsulu bu müqavilənin göstərilən şərtlərinə uyğun olaraq tam həcmdə qəbul edib dəyərini fermerə ödəməyi öz öhdəsinə götürmüşdür.

17. "xxxx" ASC (tələbi güzəşt edən) və İddiaçı ASC (tələbi əldə edən) arasında 22 dekabr 2023-cü il və 18 mart 2024-cü il tarixdə bağlanmış Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilələrin 1.1-ci bəndinə əsasən, “tələbi güzəşt edən” siyahısı bu müqavilənin 01 nömrəli Əlavəsində sadalanan kredit müqavilələri üzrə borclulara münasibətdə mövcud olan bütün tələb hüquqlarını güzəşt etməyi, tələbi əldə edən isə müqavilənin 1.2-ci bəndində göstərilən tələblərin dəyərini tələbi güzəşt edənə ödəməyi öhdələrinə götürürlər. Paşa Bank ASC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin 01 nömrəli Əlavəsinə əsasən, xx.xx.2022-ci il tarixli K5012 saylı, xx.xx.2023-cü il tarixli K5945 saylı kredit müqavilələri üçün cəmi 439.03 manat, xx.xx.2024-cü il tarixli müqavilənin 01 nömrəli Əlavəsinə əsasən isə, xx.xx.2023-cü il tarixli K5945 saylı kredit müqaviləsi üçün cəmi 3592.71 manat borc barəsində cavabdehə olan tələb hüququ iddiaçıya güzəşt edilmişdir.

18. 12.03.2022-ci il tarixli ********** nömrəli malların təhvil-qəbul aktından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli Q/06 nömrəli yaş tütünün alqısatqı müqaviləsinə əsasən 252 manat məbləğində məhsul təhvil verilmişdir.

19. xx.xx.2023-cü il tarixli (540 manat) və xx.xx.2023-cü il tarixli ********** nömrəli (3995 manat) malların təhvil qəbul aktlarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli Q/2023/016 nömrəli tütünün istehsalına dair müqaviləyə əsasən cəmi 4535 manat məbləğində məhsul təhvil verilmişdir.

20. 11.08.2023-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (3471.83 manat), xx.xx.2023-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (1193.06 manat), xx.xx.2023-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (468.83 manat), xx.xx.2023-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (1880.96 manat) ödəniş tapşırıqlarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına təhvil verilmiş tütün üçün (25.635 kq, 1-ci, 2-ci və 3-cü növ yaş tütün) ümumilikdə 7014.68 manat pul vəsaiti köçürülmüşdür. (ödənişin təyinatı və əsası: xx.xx.2023-cü il tarixli Q/2023/016 nömrəli müqavilə, EBDL 613909, EBDM 546700, EBDM 122815, EBDT 264749 elektron qaimə-fakturalara əsasən)

Vİ. Məhkəmənin mövqeyi:

21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

23. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

24. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Q/06 nömrəli “Yaş tütünün alqı-satqısına dair”, xx.xx.2023-cü il tarixdə Q/2023/016 nömrəli “Tütünün istehsalına dair” müqavilələrin, "xxxx" ASC ilə iddiaçı arasında 22 dekabr 2023cü il və 18 mart 2024-cü il tarixlərində Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilələrin bağlanmasından və "xxxx" ASC-nin cavabdehin kredit müqavilələrinə əsasən mövcud olan cəmi 4031.74 manat (439.03 manat +3592.71 manat) borcu barədə tələb hüququnu iddiaçıya güzəşt etməsindən, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli Q/06 nömrəli yaş tütünün alqı-satqı müqaviləsinə əsasən 252 manat, xx.xx.2023-cü il tarixli Q/2023/016 nömrəli tütünün istehsalına dair müqaviləyə əsasən cəmi 4535 manat məbləğində malların təqdim edilməsindən, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 7014.68 manat dəyərində olan 25.635 kq miqdarında 1-ci, 2-ci və 3-cü növ yaş tütünün təhvil verilməsindən, həmin tütünün dəyərinin tam şəkildə cavabdehə ödənilməsindən ibarətdir.

25. İşin mübahisələndirilən halına isə həmin müqavilələr əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

26. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Q/06 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdehin həmin müqavilə üzrə 252 manat borcu qalmış, xx.xx.2023-cü il tarixdə Q/2023/016 nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 4535 manat dəyərində mallar verilmiş, 7014.68 manat dəyərində təhvil verilən tütünün dəyəri cavabdehə verilmiş, cavabdehin borcundan çıxılmamış, cavabdehin həmin müqavilə üzrə 4535 manat borcu qalmışdır. Qeyd edilən hallar məhkəməyə təqdim edilmiş malların təhvil-qəbul aktları, elektron qaimə-fakturalar və ödəniş tapşırıqları ilə öz təsdiqini tapmışdır. Tərəflər arasındakı müqavilələr üzrə öhdəliklərin icrası üçün Paşa Bank ASC ilə hazırkı iş üzrə cavabdeh arasında kredit müqavilələri bağlanmış və cavabdehə kredit verilmişdir. Bundan sonra 22 dekabr 2023-cü il və 18 mart 2024-cü il tarixlərdə bağlanmış Tələbin güzəşti (alqı-satqı) haqqında müqavilələrlə və 01 nömrəli Əlavələrlə "xxxx" ASC tərəfindən kredit müqavilələrinə əsasən cavabdehə olan ümumilikdə 4031.74 manat (439.03 manat + 3592.71 manat) tələb hüququ iddiaçıya güzəşt edilmişdir. Qanunvericiliyin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İddiaçı tərəf məhkəməyə müraciət edərək yaş tütünün alqı-satqısına və tütünün istehsalına dair müqavilələr üzrə malın verilməsi ilə bağlı ümumilikdə 4787 manat (252 manat+4535 manat) və tələb hüququnun güzəşt edilməsi ilə bağlı 4031.74 manat pulun cavabdeh tərəfindən ödənilmədiyini, ümumilikdə 8818.74 manat borcunun qaldığının bildirmişdir.

27. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Eyni zamanda məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehin elektron kabinetinə yerləşdirilərək çatdırılsa da, cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq tütün təhvil verilməsi, artıq ödəniş edilməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

28. Yekun olaraq Cavabdeh 8818.74 manat əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

31. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

32. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

Vİİ. Məhkəmə məsrəfləri:

33. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 108.18 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 108.18 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8818.74 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108.18 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar