Məhkəmə qərarları › İş №e-2-2(117)-1825/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1825/2025

10.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1825/2025 10.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçıASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 12.301,25 manat əsas borcun və məhkəməyə ödənilən 126,30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 12.101,25 manat əsas borcun və məhkəməyə ödənilən 126,30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra iddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 12.301,25 manat əsas borcun və məhkəməyə ödənilən 126,30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Z-01 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə, xx.xx.2022-ci il tarixdə bu müqaviləyə 1 nömrəli Əlavə imzalanmış, bunun əsasında iddiaçı tərəfindən cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 10.548,50 manat dəyərində mallar təqdim edilmiş və/və ya xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2022-ci il əkin mövsümü üçün ümumi 127.335 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 35.130,00 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 5.150,44 manat cavabdehin iddiaçıya olan borcundan silinmiş (qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə), qalan məbləğ isə cavabdehə ödənilmişdir. Beləliklə, 2022-ci il dövrü üçün cavabdehin iddiaçıya 5.398,06 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə Z/2023/003 nömrəli “Tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 8.003,00 manat dəyərində mallar təqdim etmiş və/və ya xidmətlər göstərmişdir. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün ümumi 85.900 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 23.648,12 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 6.786,85 manat cavabdehin iddiaçıya olan borcundan silinmiş, qalan məbləğ isə cavabdehə ödənilmişdir. Beləliklə, 2023-cü il mövsümü üçün cavabdehin iddiaçıya 1.216,15 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə Z/2024/001 nömrəli “Tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 6.941,60 manat dəyərində mallar - toxum təqdim etmiş, eyni zamanda cavabdehin öz öhdəliklərini rahatlıqla icra edə bilməsi üçün iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10.800 manat avans verilmişdir. Cavabdeh tərəfindən 2024-cü il əkin mövsümü üçün ümumi 48.970 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 15.068,20 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 12.054,56 manat cavabdehin həmin vaxtadək iddiaçıya olan ümumi borcundan (5.398,06 + 1.216,15 + 6.941,60 + 10.800,00 = 24.355,81) silinmiş, qalan məbləğ isə cavabdehə ödənilmişdir. Beləliklə, cavabdehin iddiaçıya son olaraq 12.101,25 manat borcu qalmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1-ci, 21.2-ci, 389.1-ci, 390.1-ci, 425.1-ci, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə aralarında 2021, 2022 və 2023-cü illərdə alqı-satqı müqavilələri imzalanmışdır. Bunun əsasında xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10548.5 manat dəyərində mallar təqdim edilmiş və xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2022-ci il əkin mövsümü üçün dəyəri 35129.97 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Cavabdehin təhvil verdiyi tütün əsasında onun özünə 16401.19 manat ödəniş edilmişdir. 5150.44 manat qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə cavabdehin borcundan silinmişdir. Həmçinin, cavabdehə Paşa Bank tərəfindən 15 300 manat dəyərində kredit xətti açılmış və tərəflərindən 13578.28 manat bu borca ödəniş edilmişdir. 2022-ci il üzrə cavabdehin qalıq borcu 5398.06 manat təşkil edir. 2023-cü il üçün yeni müqavilə bağlanılmış, xx.xx.2022-ci ildə tərəflərindən cavabdehə ümumilikdə 8003 maant dəyərində mallar təqdim edilmiş və xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2023-cü il əkin mövsümü üçün dəyəri 23648.12 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bunun əsasında 4729.62 manat cavabdehin özünə, 12131.66 manat banka ödəniş etmişlər. 6786.85 manat qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə cavabdehin borcundan silinmişdir. Nəticə olaraq 2023-cü il üzrə borc 1216.15 manatdır. 2024-cü il üçün yeni müqavilə bağlanılmış, xx.xx.2023-cü il ildə tərəflərindən cavabdehə ümumilikdə 6941.6 manat dəyərində mallar təqdim edilmiş və xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 2024-cü il əkin mövsümü üçün dəyəri 15068.2 manat müəyyənləşdirilən tütün təhvil verilmişdir. Bunun əsasında 3013.64 manat cavabdehə ödəniş edilmişdir. 12054.56 manat qarşılıqlı borcların əvəzləşdirilməsi aktları ilə cavabdehin borcundan silinmişdir. 16 avqust 2024-cü ildə 135.24 manat cavabdehə ödəniş edilmişdir. Nəticə olaraq 2024-cü il üzrə borc 5687.04 manatdır. 2022-ci il üzrə cavabdehin qalıq borcu 5398.06 manat, 2023-cü il üzrə borc 1216.15 manat, 2024-cü il üzrə borc 5687.04 manat olmaqla, ümumilikdə 12301.25 manat təşkil edir. Müqaviləyə əsasən əldə edilən gəlirin 80%-i şirkətə 20%-i isə cavabdehə ödənilməlidir. Həmin dövrdə şirkət rəhbərinin qərarına əsasən cavabdehə daha artıq məbləğin verilməsi növbəti mövsüm ili üçün onun motivasiya edilməsi ilə əlaqədardır. Cavabdehin qarşılaşdığı təbii fəlakətlərlə bağlı məsələlərdə isə onların heç bir öhdəliyi yoxdur. Çünki həmin dövrdə sığorta prosesi cavabdeh tərəfindən həyata keçirilməli idi. Digər məsələyə gəldikdə isə heç bir aqronom nümayəndəsi onalrın şirkətlərinin adından heç kəsə vəd verə bilməz. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər.

6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2022-ci ildə 35129 manat dəyərində tütün təhvil vermişdir. Həmin il üzrə onun bütün xərcləri isə 29 494 manat təşkil edir. Bəs nə üçün qarşı tərəf bu puldan borcuna tutmaq əvəzinə məbləği özünə veriblər. 2023-cü ildə yağan güclü yağışlar səbəbindən ərazi suyun içində qaldı. Bu hal ilə bağlı iddiaçı tərəfə məlumat vermişdi. Onlar gəlib müşahidə etdikdən sonra borcundan silinəcəyini demişdilər. Müşahidə ilə bağlı aqronom tərəfindən akt tərtib edilərək rəsmiləşdirilmişdir. Həmin zaman sığorta təklifi olmadığı üçün ona böyük zərər dəymişdir. Lakin bütün bu hallara baxmayaraq 2023-cü ildə iddiaçıya 86 000 kq tütün təhvil vermişdir. Digər problemlərdən biri isə ştilin vaxtında verilməməsidir. 2024-cü ildə yeri hazır olsa da, qarşı tərəf ştili gecikdirdiyi üçün o gözləməli oldu. Bunun nəticəsində 1.5 ha sahədə tütün məhsulu olmadı və bir qismi tələf oldu. Aqronom əraziyə baxış keçirdikdən sonra müəyyən etmişdir ki, ştillər yenidən əkiləcək və iddiaçı şirkət məhsulları xidmətinə verəcəkdir. Halhazırda təqaüdü ilə ödəniş etməyə imkanı yoxdur. Məhkəmədən köməklik göstərilməsini xahiş edir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

V. Sübutların tədqiqi:

15. İddiaçı ASC (alıcı) və Cavabdeh (fermer) arasında xx.xx.2021-ci il tarixdə Z-01 nömrəli “Yaş tütünün alqı-satqısına dair”, xx.xx.2022-ci il tarixdə Z/2023/003 nömrəli və xx.xx.2023-cü il tarixdə Z/2024/001 nömrəli “Tütünün istehsalına dair” müqavilələr bağlanmışdır.

16. xx.xx.2021-ci il tarixli Z-01 nömrəli müqaviləyə əsasən: - 14.04.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 9 ədəd malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10 548,5 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. - 02.07.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 51 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 35 130 manat məbləğində tütün təhvil verilmişdir. - 18.08.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 5 ədəd qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktlardan görünür ki, tərəflər arasında müqavilə üzrə yaranmış qarşılıqlı borcların 5150,44 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. - 08.07.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrü əhatə edən 17 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 29979.47 manat məbləğində pul köçürülmüşdür.

17. xx.xx.2022-ci il tarixli Z/2023/003 nömrəli müqaviləyə əsasən: - 10.03.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 14 ədəd malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8003 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. - 07.07.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 11 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 23648.13 manat məbləğində tütün təhvil verilmişdir. - 28.07.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 5 ədəd qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktlardan görünür ki, tərəflər arasında müqavilə üzrə yaranmış qarşılıqlı borcların 6786.85 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. - 07.07.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövrü əhatə edən 13 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 16861.28 manat məbləğində pul köçürülmüşdür.

18. xx.xx.2023-cü il tarixli Z/2024/001 nömrəli müqaviləyə əsasən: - 28.03.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 12 ədəd malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6941.61 manat dəyərində mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. - 07.11.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 7 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına avans olaraq ümumilikdə 10 800 manat məbləğində pul köçürülmüşdür. - 09.07.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 6 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 15068.2 manat məbləğində tütün təhvil verilmişdir. - 30.12.2024-cü il tarixli qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktdan görünür ki, tərəflər arasında müqavilə üzrə yaranmış qarşılıqlı borcların 12 054.56 manat məbləğində hissəsi əvəzləşdirilmişdir. - 09.07.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 6 ədəd ödəniş tapşırığından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 3013.64 manat məbləğində pul köçürülmüşdür.

Vİ. Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat və alqı-satqı müqavilələrinin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Qanunvericiliyin tələbinə görə də tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

22. İşin müəyyən olunmuş halları və iş materialları, habelə tərəflərin izahatları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Z-01 nömrəli yaş tütünün alqı-satqısına dair, xx.xx.2022-ci il tarixdə Z/2023/003 nömrəli, xx.xx.2023-cü il tarixdə Z/2024/001 nömrəli tütünün istehsalına dair müqavilələrin bağlanmasından, iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsindən, xidmətlərin göstərilməsindən, avans olaraq pul vəsaitinin verilməsindən, təhvil verilmiş tütünə görə cavabdehin hesabına pulun köçürülməsindən (özü və banka olan borcunun ödənilməsi üçün), borcun əvəzləşdirilməsindən ibarətdir.

23. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarına isə 2022-ci il üzrə onun tərəfindən iddiaçıya təhvil verilən tütünün dəyərinin nə üçün cavabdehin borcundan tutulmadan onun özünə verilməsi, 2023-cü il üzrə yağan güclü yağış səbəbindən ərazinin suyun içində qalması nəticəsində ona ciddi ziyan dəyməsi, ştilin vaxtında verilməməsi və bu səbəbdən tütünün tələf olması aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

24. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-01 nömrəli “Yaş tütünün alqı-satqısına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10 548,5 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 35 130 manat dəyərində tütün təhvil verilmiş, onun dəyərinin 5150,44 manat hissəsi cavabdehin borcu ilə əvəzləşdirilmiş, 29979.47 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 5398,06 manat (10 548,5 manat – 5150,44 manat) ödənilməmiş borcu qalmış, xx.xx.2022-ci il tarixli Z/2023/003 nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8003 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya 23648.13 manat dəyərində tütün təhvil verilmiş, həmin tütünün dəyərinin 16861.28 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), 6786,85 manat hissəsi cavabdehin borcundan silinmiş, nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 1216,15 manat (8003 manat – 6786,85 manat) ödənilməmiş borcu qalmış, xx.xx.2023-cü il tarixli Z/2024/001 nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6941.61 manat dəyərində mallar təhvil verilmiş, xidmətlər göstərilmiş, cavabdehin hesabına 10 800 manat avans məbləği köçürülmüş, cavabdeh tərəfindən iddiaçıya 15068.2 manat dəyərində tütün təhvil verilmiş, onun dəyərinin 12 054.56 manat hissəsi cavabdehin borcu ilə əvəzləşdirilmiş, 3013.64 manat hissəsi cavabdehə verilmiş (özü və banka olan borcunun ödənilməsi üçün), nəticədə cavabdehin qeyd edilən müqavilə üzrə 5687.04 manat (6941.61 manat + 10 800 manat – 12 054.56 manat) ödənilməmiş borcu qalmışdır.

25. Cavabdehin mübahisələndirdiyi hallarla əlaqədar olaraq məhkəmə qeyd edir ki, ilkin olaraq 2021-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verilən tütünün dəyərinin böyük qisminin cavabdehin özünə və ya onun banka olan borcunun ödənilməsinə verilməsi, iddiaçıya olan borcundan az qisminin çıxılması halı cavabdehin iddiaçıya olan borcunu istisna etmir və cavabdehin bu səbəbdən həmin borcu ödəməməsi əsaslı deyil. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilələrdə yağışın yağması və ya bu kimi hallar nəticəsində məhsullara dəyən zərərin məsuliyyətini iddiaçının daşıması barədə iddiaçının öhdəliyi nəzərdə tutulmamış, müqavilələrin mahiyyətindən belə hal olduqda məsuliyyyətin cavabdehə aid olduğu müəyyən edilir, hətta sonuncu müqavilədə bu kimi hallarda cavabdehin məsuliyyət daşıdığı və sığorta etdirməli olması birbaşa göstərilmişdir. Cavabdehin mübahisələndirdiyi məsələlərdən biri də ştilin vaxtında verilməməsi və tütünün tələf olması halıdır ki, cavabdeh tərəf bu halı izahatında bildirsə də, bunu təsdiqləyən heç bir sübut təqdim etməmiş, iddiaçı tərəf də qeyd edilən halı təkzib etmişdir. Belə ki, tərəflər arasında yaranan münasibətlər onlar arasında yazılı qaydada bağlanmış müqavilələrlə tənzimləndiyindən həmin münasibətlər çərçivəsində baş verən hərəkətlərdə yazılı qaydada icra edilməli idi.

26. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən 12.301,25 manat (5398,06 manat+1216,15 manat+5687.04 manat) borc məhkəməyə təqdim edilmiş sübutlarla, eyni zamanda tərəflərin izahatı qarşılıqlı təhlil edildikdə təsdiqini tapır. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

27. Yekun olaraq Cavabdeh 12.301,25 manat əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

Vİİ. Məhkəmə məsrəfləri:

29. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 126,30 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 126,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12.301,25 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar