Məhkəmə qərarları › İş №e-2-2(117)-1839/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1839/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1839/2025 17.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən 54279 manat əsas məbləğin və hazırkı iddia ərizəsinə görə ödənilmiş 158 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən 54279 manat əsas məbləğin və hazırkı iddia ərizəsinə görə ödənilmiş 158 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023 cü il tarixli 154/23 saylı müqavilə üzrə cavabdehin 54279.00 manat əsas məbləğ ödənilməmiş borcu mövcuddur. Cavabdehin müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə cavabdehə bildiriş/pretenziya göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Bu səbədən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı aldığı malın dəyərini malı aldığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq satıcıya ödəməlidir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 406-cı, 425-ci, 442-ci, 445.7-ci, 448.1-ci, 567-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1839/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2026-cı ilı tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "X7" MMC (və digər əlaqəli şirkətlər) üzrə bütün sərəncamverici və idarəetmə hüquqları notarial qaydada təsdiq edilmiş etibarnamə ilə qardaşı X2 verilmişdir. İddiaçı ilə bütün danışıqları, müqavilə şərtlərinin razılaşdırılmasını və maliyyə əməliyyatlarını şəxsən X2 həyata keçirmişdir. Onun bu ticari münasibətlərdən, yaranmış borcdan və ya icra olunmamış öhdəliklərdən heç bir məlumatı yoxdur. X2 xx.xx.2025-ci il tarixli iltizamnaməsində bütün bu məsuliyyəti öz üzərinə götürdüyünü, Nümayəndə1 adından yalnız texniki rəsmiləşdirmə üçün istifadə edildiyini yazılı şəkildə təsdiq etmişdir. X5 xx.xx.2026-cı il tarixində vəfat etmişdir. MMC-nin təsisçisi şirkətin borcları üçün şəxsi əmlakı ilə cavabdehlik daşımır. Təsisçi yalnız nizamnamə kapitalındakı payı həcmində risk daşıyır. O, şirkətin əmlakını qanunsuz yolla öz şəxsi xeyrinə çıxarmamış və fırıldaqçılıqla borca girmək və qarşı tərəfi aldatmaq niyyəti olmayıb. Yaranmış borcdan və ya icra olunmamış öhdəliklərdən heç bir məlumatı olmamışdır. Onun iş üzrə "faktiki cavabdeh" və ya "məsul şəxs" olmadığı nəzərə alınsın. Mülki Məcəllənin 46-cı maddəsinə əsasən, hüquqi şəxsin təsisçilərinin məsuliyyəti hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. "Mülki Məcəllənin 49cu maddəsinə görə, hüquqi şəxsin adından hərəkət edən şəxs vicdanlı və ağlabatan hərəkət etməlidir. O, idarəetməni etibarnamə ilə peşəkar fəaliyyət üçün qardaşına etibar etmiş və o, həbsdə olduğu zaman öz yazılı iltizamı ilə onun bu işlərdən xəbəri olmadığnı və iştirak etmədiyini təsdiqləyib." X2in vəfatı ilə əlaqədar olaraq işin icraatına yenidən baxılmasını və onun üzərində olan bütün nümayəndəlik/məsuliyyət yükünün ləğv edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onlar ölkədə köçürmə yolu ilə Rusiya və Belarusiyadan qanuni üsullarla gətirilən taxta məhsullarının satışı ilə məşğuldular. X5 ilə türk iş adamı tərəfindən tanış edilmişdir. Həmin şəxs X3 böyük quruculuq işləri ilə məşğul olduğunu və tikinti şirkətinin olduğunu bildirmişdir. Mirzəyev Zaurun şirkətinə gedib onunla görüşdüyü zaman ona köçürmə qaydası ilə işləyə biləcəyini bildirmişdir. Biləsuvarda, İran sərhədində böyük bir tenderin qalibi olduğunu və kənd təsərrüfatı kompleksi yaradacağını bildirərək ondan dikt-taxta materialı istəmişdir. O, ona malları verəcəyini söylədi. O isə ödənişi ay ərzində, ƏDV-ni isə həmin gün ödəyəcəyini bildirdi. Daha sonra vergiyə zəng edərək onun şirkətini araşdırdıqdan sonra bir sıra məlumatlar əldə etdi. Həmin məlumatlara əsasən şirkətin 6000 manat borcunun olduğunu, lakin buna baxmayaraq işlək bir şirkət olduğunu öyrənmişdir. İddiaçıya 54 000 manat dəyərində mal vermiş və qarşı tərəf həmin gün ƏDVni ödəmişdir. Lakin cavabdeh sonradan ödəniş etməmişdir. 6 ay ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq öhdəliyini yerinə yetirməsini istəsə də, 2024-cü ilin fevralından onunla əlaqə yarada bilməmişdir. Daha sonra Qazax şəhərində polis tərəfindən başqa bir şirkətə borcu olduğu üçün saxlanıldığını öyrənmişdir. X2 1 il 6 ay ərzində cəza tətbiq edilmişdir. Həmin müddət ərzində borcla bağlı heç bir iddia qaldırmamışdır. xx.xx.2023-cü ildə aralarında üzləşmə aktı imzalanmışdır. Şirkətin əsas sahibinin onun bacısı olduğu sonradan ona məlum olmuşdur. Bacısının işlərdən xəbərdar olmaması ilə bağlı ərizəsini qəbul etmir. İşin yekunlaşdırılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş edir.

7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh “X7” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İşdə olan İddiaçı MMC (satıcı) və “X7” MMC (alıcı) arasında bağlanmış 23 may 2023-cü il tarixli 154/23 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı tikinti materiallarını (laminasiya olunmuş yapışqanlı fanera (dikt) və taxta ГОСТ 3916.1-96 və ya ГОСТ 10.55-71 standartlarına uyğun) satmağı, alıcı isə həmin tikinti materiallarını təhvil almağı və dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən, alıcı aldığı tikinti materiallarının dəyərini 5 iş günü ərzində Azərbaycan manatı ilə satıcının bank hesabına köçürmə qaydasında ödəməyi öhdəsinə götürür. Əks təqdirdə isə hər gecikdirilən gün üçün ümumi məbləğin 0.01% dəbbə pulu ödəməyi öhdəsinə götürür.

16. xx.xx.2023-cü il tarixli EBDG seriyalı 231237 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan iddiaçı tərəfindən cavabdehə 64 049,22 manat dəyərində mal verilməsi barədə elektron qaydada qaimə göndərildiyi müəyyən edilir.

17. Hər iki tərəf xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə cavabdehin həmin tarixə iddiaçıya müqavilə üzrə 54279 manat əsas borcunun qaldığını, 9770.22 manat ƏDV borcunun isə tam ödənildiyini öz möhürləri və nümayəndələrinin imzaları ilə təsdiqləmişlər.

Vİ. Məhkəmənin mövqeyi:

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

21. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.

22. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında müqavilənin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə nisyə malların verilməsindən və cavabdehin iddiaçıya yaranmış borcunun tam şəkildə ödənilməməsindən ibarətdir.

23. İşin mübahisələndirilən halına isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

24. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə iddiaçı tərəfin izahatından göründüyü kimi iddiaçı və cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş (elektron qaimə-faktura və üzləşmə aktına əsasən), lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya 54279 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh hüquqi şəxsin iddiaçıya borcunun mövcudluğu onun möhürü və nümayəndəsinin imzası ilə təsdqilənmişdir.

25. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 54279 manat borcu qalmışdır ki, bu hal iş materialları və iddaçının nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır.

26. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi barədə məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək cavabdeh olan hüquqi şəxsin fəaliyyətində iştirak etmədiyini, işləri vəfat edən qardaşının gördüyünü bildirərək onun məsuliyyətdən azad edilməsini xahiş etməsinə münasibətdə məhkəmə bildirir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən borc cavabdeh olan hüquqi şəxsin iddiaçı ilə bağlamış olduğu müqavilə əsasında yaranmış borcdur və hüquqi şəxs hər bir halda öz fəaliyyəti nəticəsində yaranmış borcu üçün məsuliyyət daşıdığından tələb edilən borc hüquqi şəxsdən tutulmalıdır. Belə ki, hüquqi şəxs müstəqil əmlak məsuliyyətinə malikdir və öz öhdəliklərinə görə həmin əmlakla cavabdehdir. Qeyd edilən hallar hüquqi şəxsin borc öhdəliyinə xitam vermir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

28. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 54279 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

29. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (252.84 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən, iddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş 158 manat dövlət rüsumu cavabdehdən tələb edildiyindən 158 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “X7” MMC-dən 54279 manat pul və 158 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar