Məhkəmə qərarları › İş №e-2-2(117)-1844/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1844/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1844/2025 16.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “26 avqust 2024-cü il tarixli 26-08-24/DHS/004 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 2520 manat borcun, həmin borcun gecikdirilməsinə görə hesablanmış 176,40 manat faizin və ödənilmiş 46,97 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 26 avqust 2024cü il tarixli, 26-08-24/DHS/004 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı (satıcı) cavabdehə (alıcıya) 52000 manat dəyərində 10 baş cins damazlıq heyvan satmağı, cavabdeh isə bu malları təhvil alıb onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən iribuynuzlu cins damazlıq heyvanlar satılarkən cavabdeh, yəni alıcı ümumi dəyərin 40%-ni ödəməli və AR Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydaların 6.2.2-ci maddəsinə əsasən müvafiq sənədlərlə xxxx-ya (xxxx) müraciət etməli və xxxx da (alıcı tərəfindən müvafiq sənədlər düzgün təqdim edildikdə) öz növbəsində qalan 60% məbləği "xxxx" MMC-nin, yəni satıcının hesabına köçürməli idi. Qeyd edilən müqavilənin 1.4-cü bəndinə əsasən nəzərdə tutulan 60% məbləğdə güzəştin ödənilməsi 3 ay müddətində hayata keçirilmədiyi təqdirdə sözügedən məbləğ alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Həmçinin müqavilənin 26 avqust 2024-cü il tarixli 1 saylı əlavəsinin 2-ci bəndinə əsasən, alıcı malın dəyərinin güzəşt hissəsinin də ödənişi üçün məsuliyyət daşıyır və güzəşt hissəsinin ödənişinin həyata keçirilməsi üçün sənədlərin hazırlanaraq tələb olunan yerə təqdim edilməsi üçün addımlar atır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən satıcı damazlıq heyvanların dəyərinin alınması və Alıcı tərəfindən bu Müqavilə ilə üzərinə qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüququna malikdir. Alıcı tərəfindən ümumi məbləğin 49 480 manat hissəsi iddiaçının hesabına ödənilmişdir. Buna baxmayaraq 1 baş heyvan tələf olmuşdur. Hansı ki, sığorta şərtlərinə aid deyildir, bu səbəbdən ödəniş cavabdeh tərəfindən edilməlidir. Beləliklə, iddiaçının cavadehə 2520 manat məbləğində borcu yaranmışdır. Belə ki, damazlıq heyvan alışının maliyyələşdirilməsi üçün xxxx tərəfindən hər bir damazlıq heyvan üçün orta alış qiyməti qiymətləndirmə nəticəsində müəyyən edilərək 4200 manat olaraq təsdiq edilmişdir. Qaydalara əsasən, alıcı xüsusi damazlıq şəhadətnaməsi olan təsərrüfatlardan heyvan alışı etdikdə xxxx-ya subsidiya üçün müraciət edir və Agentlik bu müəyyən olunmuş məbləğin 60 faizini, yəni 2520 manatını güzəştli subsidiya kimi ödəməyi öhdəsinə götürür. Qeyd edilməlidir ki, heyvanların satış qiyməti satıcılar tərəfindən fərqli şəkildə müəyyən oluna bilər. Lakin xxxx tərəfindən subsidiya hesablanarkən faktiki alqı-satqı qiymətindən asılı olmayaraq standart olaraq müəyyən edilmiş 4200 manat məbləğ əsas götürülür və bu məbləğin 60 faizi ödənilir. Qalan məbləğin ödənilməsi isə alıcının öhdəliyində qalır. Bununla yanaşı, xxxx tərəfindən subsidiya ödənişinin həyata keçirilməsi üçün alınan heyvanların Aqrar Sığorta Fondu ilə müqavilə əsasında sığortalanması əsas şərtlərdən biri hesab olunur. Agentlik tərəfindən subsidiya yalnız diri heyvanlara görə, habelə sığorta müqaviləsində nəzərdə tutulan risklər nəticəsində tələf olmuş heyvanlara görə ödənilir. Hazırkı vəziyyətdə alınmış heyvanlardan birinin tələf olması faktı mövcuddur. Lakin həmin heyvan sığorta müqaviləsində nəzərdə tutulan risklərdən biri nəticəsində tələf olmadığından, xxxx tərəfindən həmin heyvana görə nəzərdə tutulan 2520 manat subsidiya məbləği ödənilməmişdir. Bu hal isə satıcının hər hansı öhdəliyi ilə əlaqəli deyildir və mövcud qanunvericilik və sığorta şərtlərindən irəli gələn səbəblərlə bağlıdır. Beləliklə, qeyd olunan məqamlar göstərir ki, subsidiya ödənişinin həyata keçirilməməsi satıcının hərəkət və ya hərəkətsizliyi ilə deyil, sığorta şərtlərinə və xxxx tərəfindən tətbiq olunan qaydalara uyğun olaraq baş vermişdir və ödənişin həyata keçirilməsi alıcının məsuliyyətidir. Dəfələrlə cavabdehlə müqavilə öhdəliklərini icra etməsi, qalan borc məbləğinin tam ödənilməsi ilə bağlı danışıqlar və yazışmalar aparılmış, cavabdehə öhdəliyin tam icra edilməsi ilə bağlı 28 oktyabr 2025-ci il tarixli pretenziya məktubu ilə onlayn kargüzarlıq vasitəsilə xəbərdarlıq ünvanlanmış, öhdəliyin 5 iş günü ərzində tam icrası tələb edilmişdir. Lakin cavabdeh nə pretenziyaya cavab vermiş, nə də indiyədək borcunu ödəmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən cavabdehdən borcun gecikdirilməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixində müəyyən etdiyi 7%-ə uyğun hesablanmış 176,40 manat faiz də tələb edirlər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 386.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 445.2-ci, 445.3-cü, 445.4-cü, 448-ci, 449.1-ci, 598.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci, 284-5.3-cü maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1844/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə cavabdehin ünvanı üzrə (Qurbanova Aygün) çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 26-08-24/DHS/004 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında “AR Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin fərmanla təsdiqlənmiş qaydalara əsasən cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60% həcmində güzəşt tətbiq etməklə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanları bu müqavilənin 7-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsi və onun qəbul edilməsini öhdəsinə götürür. 1.4. Nəzərdə tutulan 60% məbləğində güzəştin ödənilməsi 3 ay müddətinə həyata keçirilmədiyi təqdirdə sözügedən məbləğ alıcı tərəfindən satıcıya ödəniləcəkdir. 7.1. Bu müqavilənin predmeti olan 10 baş Simmental cins damazlıq heyvanların dəyəri 52 000 manat təşkil edir. Alıcı heyvanların dəyərinin şəxsi tərəfindən ödəniləcək məbləğdə tam ödədikdən sonra heyvanları qəbul edir.

16. Yalama Aqropark MMC-yə məxsus hesabdan çıxarış məlumatından (Paşa Bank, İBAN AZ81PAHA40030AZNHC**********) görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 26-08-24/DHS/004 nömrəli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə 26 800 manat ilkin ödəniş olunmuşdur.

17. xx.xx.2024-cü il tarixli AA00886 nömrəli qaimə fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 52 000 manat dəyərində 10 ədəd damazlıq düyə təhvil verilmişdir.

18. 26.09.2024-cü il tarixli MT2409 seriyalı 11799994 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqaviləyə əsasən ümumilikdə 52 000 manat dəyərində 10 ədəd heyvan verilməsi ilə bağlı elektron qaimə göndərilmişdir.

19. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2024cü il tarixdə cavabdehə 52 000 manat dəyərində damazlıq heyvan satılmış, cavabdeh borcundan 49 480 manat ödəniş etmiş, nəticədə 2520 manat ödənilməmiş borcu qalmışdır.

Vİ. Məhkəmənin mövqeyi:

20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

23. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli 26-08-24/DHS/004 alqı-satqı müqaviləsinin bağlanmasından, tərəflər arasında alqı-satqı münasibətlərinin yaranmasından, iddiaçı tərəfindən cavabdehə müqaviləyə əsasən ümumilikdə 52 000 manat dəyərində 10 ədəd damazlıq heyvanın təhvil verilməsindən ibarətdir.

24. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya olan borcunun tam şəkildə ödənilib-ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

25. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi 52 000 manat dəyərində 10 ədəd damazlıq heyvan verilərək öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə müqavilənin şərtlərinə əsasən ilkin olaraq ümumi dəyərin 40%-ni ödəməsi, AR Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına əsasən xxxxnə müraciət etməsi, qalan 60% məbləğin Agentlik tərəfindən ödənilməsi, nəzərdə tutulan 60% məbləğində güzəştin ödənilməsi 3 ay müddətinə həyata keçirilmədiyi təqdirdə isə sözügedən məbləğin alıcı tərəfindən satıcıya ödənilməsi öhdəliklərini öz üzərinə götürmüşdür. İddiaçı həmin müqaviləyə əsasən ümumilikdə 49 480 manat ödəniş edildiyini, nəticədə isə 1 ədəd heyvanın ödənişindən 2520 manat borcun qaldığını, həmin borcun ödənilməməsinin isə təhvil verilən 1 ədəd damazlıq heyvanın cavabdeh tərəfindən Agentliyə müraciət edilərkən ölmüş olması ilə əlaqəli olduğunu, qeyd edilən halda isə müqavilənin şərtlərinə əsasən cavabdehin məsuliyyət daşımasını və qalan borcun onun tərəfindən ödənilməli olmasını qeyd etmişdir.

26. İddiaçı tərəf öz iddiasını əsaslandıraraq ilkin sübutlarını təqdim etmiş, lakin məhkəmə bildirişi və sənədləri poçt vasitəsilə cavabdehin ünvanı üzrə ona rəsmi qaydada çatdırılsa da, cavabdeh qeyd edilən halların əksini sübut edəcək hər hansısa sübutunu, etirazını məhkəməyə təqdim etməmiş və hazırkı işə heç bir münasibət bildirməmişdir. Məhkəmə tərəfindən də iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının tələbinin qeyd edilən hissədə əsaslı olduğu qənaətinə gəlmişdir.

27. Nəticədə məhkəmə o qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən qeyd edilən əsaslara görə 2520 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır.

28. Məhkəmə iddia tələbinin “cavabdehdən borcun gecikdirilməsinə görə hesablanmış 176,40 manat faizin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, əsassız olduğundan təmin edilməməlidir.

29. Belə ki, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

30. Məhkəmə iddianın qeyd edilən hissədə rədd edilməsinə əsas olaraq qeyd edir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.

31. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

32. Məhkəmə belə qənatə gəlir ki, iddiaçı tərəfindən cavabdehə satılmış damazlıq mal-qaranın 1 başının ölməsi və nəticədə cavabdehin qeyd edilən heyvandan bəhər-gəlir götürməsi, cavabdehin pul vəsaitinin əsassız əldə edib gəlir əldə etmə və digər bu kimi hallar sübuta yetirilmir. Cavabdeh hər bir halda bir baş heyvana münasibətdə ziyan çəkmişdir. Ona görə də iddiaçı ona ödənilməli pul vəsaitinə görə cavabdehdən MM-in 449cu maddəsində nəzərdə tutulan Bank uçot faiz dərəcəsi ilə, digər əsaslarla faiz borcunu tələb edə bilər. İddiaçı tərəfindən qeyd edilən hallar sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

34. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

35. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

36. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

37. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir.

38. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh 2520 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 46.97 manat dövlət rüsumunun 43,90 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, 3,07 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2520 manat əsas borc və 43,90 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar