Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1847/2025 28.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 781 832.23 manat əsas borcun və 1074.1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 784 100.67 manat əsas borcun və 1074.1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, bundan sonra xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadəyə görə yaranmış 781 832.23 manat əsas borcun və 1074.1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AMX-0972/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Yevlax rayonu Gülövşə kəndində yerləşən Kərpic zavodu İddiaçı İB-nin Tərtər RQİİ-nin Yevlax xidmət sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçıya 784 100.67 manat məbləğində debitor borcu yaranmışdır. Göstərilən borcun ödənilməsinin təmin edilməsi və qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilsə də, hazırkı vaxta kimi borc ödənilməmişdir. İddiaçı xx.xx.2026-cı il tarixli ərizəsi ilə bildirmişdir ki, hazırkı işə baxıldığı müddət ərzində cavabdeh tərəfindən borcundan 2268.44 manat ödəniş edildiyindən onun borcunun həcmi azalaraq 781 832.23 manat olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 781 832.23 manat borcun və ödənilmiş 1074.1 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə AMX-0972/23 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”-dən görünür ki, paylayıcı istehlakçı Cavabdeh MMC-ni keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli “Abonentin saldosu”dan görünür ki, Cavabdeh (abonent kodu **********00000) 12.2025-ci il tarixinədək 781 832,23 manat borcu mövcuddur. Həmçinin, abonentin saldosunda “qalıq və aktlar” bölməsində göründüyü kimi ümumilikdə 12113.10 manat borc məbləği hesablanmışdır. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdehin iddiaçıya təbii qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixə 740 352.31 manat borcunun olduğu tərəflərin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən qarşı tərəf təbii qazla təchiz olunmuş, müqavilənin bəndlərinə əsasən istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə qarşı tərəf üzərinə öhdəlik götürmüş, lakin əməl etməmiş və nəticədə onun 784 100.67 manat məbləğində borcu yaranmış, işin icraatda olduğu müddət ərzində borcundan 2268.44 manat ödəyərək borcunun həcmini azaltmış və ümumi borcunu 781 832.23 manat etmişdir. Bu məbləğdə borcun yaranmasının əsas səbəbi cavabdehin ödənişi azaltması və bəzi aylarda heç bir ödəniş etməməsidir. Ümumi qaz xəttinin üzərində başqa tikiliyə məxsus qaz xətti də mövcuddur. Bu sayğac üzrə ödənişlər ümumi sayğac üzrə ödənişlərdən çıxılaraq əsas sayğacın borcu hesablanır və akt tərtib edilir. Qarşı tikilinin onlara heç bir borcu yoxdur. Cavabdehlə aralarında debitor borcla bağlı üzləşmə aktıda imzalanmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, MM: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında Yevlax rayonu Gülövşə kəndində yerləşən Cavabdeh MMC-yə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə AMX-0972/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixinə iddiaçıya olan 740 352.31 manat məbləğində borcunu imzası və möhürü ilə təsdiqləmişdir (abonent saldosu ilə də təsdiqlənir). Bundan sonra abonent saldosundan da müəyyən edildiyi kimi cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, təbii qazdan istifadə davam etdirildiyindən iddiaçıya olan borcu qeyd edilən məbləğdən artmış və hazırkı tarixə 781832.23 manat borcu yaranmışdır. İddiaçı tərəfin izahatına və məhkəməyə təqdim edilmiş abonent saldosuna əsasən 12113,10 manat aktlar əsasında hesablanmış məbləğ cavabdehin abonent saldosunda qeyd edilmişdir. Belə ki, sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehə məxsus hazırkı sayğac quraşdırılan yerdən sonra qaz xəttinin üzərində cavabdehə məxsus digər qeyri-yaşayış sahəsinin istifadə etdiyi qaza ikinci sayğac quraşdırılmışdır. hesablanmış məbləğ ümumi sayğacın borcundan çıxılaraq akt tərtib edilməklə həmin bölməyə yazılması, həmin hissədə qeyd edilən məbləğlərin cavabdehin borcu ilə əlaqəli olmaması, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin qazdan istifadə ilə bağlı iddiaçıya borcunun olmaması müəyyən edilmişdir. Ona görə də qeyd edilən akt müvafiq pozuntu nəticəsində tərtib edilmiş akt olaraq məhkəmə qiymətləndirməmişdir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. İddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlar, eyni zamanda iddiaçı tərəfin nümayəndəsinin izahatı qarşılıqlı təhlil edildikdə təsdiqini tapır. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə təbii qazdan istifadə üzrə olan 781 832.23 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddia tələbinə uyğun olaraq 1071.83 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, artıq ödənilmiş rüsum iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 781 832.23 manat əsas borc və 1071.83 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov